Əsrlər ötsə də, mütəfəkkir şair hikmət xəzinəsi olan yaradıcılığı və məğrur şəxsiyyəti ilə yaddaşlarda əbədilik qazanıb

Dünya ədəbiyyatı tarixində elə böyük sənətkarlar vardır ki, onların yaratdığı əsərlər tək öz xalqının deyil, bəşəriyyətin fikri inkişafına təsir göstərmək gücündədir. Azərbaycan xalqı da dünya şöhrəti qazanmış bir çox görkəmli söz ustadları yetişdirmişdir. Qətran Təbrizi, Məhsəti Gəncəvi, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Əssar Təbrizi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Saib Təbrizi kimi orta əsr klassik şairlərimiz içərisində Əfzələddin Xaqani Şirvaninin özünəməxsus yeri var. Şair klassik Şərq poeziyasının bir çox janrlarında yüksək ideya-bədii dəyəri ilə seçilən əsərlər yaratmışdır. 
   
   Xaqaninin “Divan”ı və “Külliyyat”ı əsrlər boyu məşhur xəttatlar tərəfindən üzü köçürülə-köçürülə yayılmış, dünyanın kitab xəzinələrinin bəzəyi, öz dövrünün şeir və sənət aşiqlərinin dillər əzbəri ola-ola bizə qədər gəlib çatmışdır. Böyük bir ədəbi irs qoyub getmiş şair özündən sonrakı ədəbi prosesə ciddi təsir göstərmişdir. O öz dövrü üçün əsl yenilikçi sənətkar olmuşdur. Ədəbiyyatımızın Xaqani mərhələsi şeirdə xəlqiliyin, realistik təsvirlərin qüvvətlənməsi, canlı xalq dilinin ədəbi dilə nüfuz etməsi ilə səciyyələnir.
   Xaqani Şirvani 1126-cı ildə Şamaxı yaxınlığındakı Məlhəm kəndində hörmətli bir ailədə anadan olmuşdur. Onun ruhən dəbdəbəyə, cah-calala, şah sarayına bağlana bilməməyinin bir səbəbi də belə bir mühitdə böyüməsidir. Ailəsinin imkanları yaxşı olmasa da, o, mükəmməl təhsil almışdır.
   Kiçik yaşlarından elmə, yaradıcılığa ciddi maraq göstərən X.Şirvani dövrünün görkəmli təbibi və filosofu olan əmisi Kafiəddin Ömər ibn Osmanın təlimi sayəsində gözəl şeirlər yazmışdır. Şair “Töhfətül-İraqeyn” poemasında əmisinin onun taleyində oynadığı mühüm rola diqqət çəkir. Ona hesab, hüsnxət öyrətməsi, Quranı başa çatdırması, sonra kitabxanaya gətirməsi, müqəddəs kitabın on dörd sirrini aydınlaşdırması, həm dayəsi, həm müəllimi, həm də böyük ustadı olduğunu vurğulayır:
   
   Ömər ibn Osman sayəsində mən
   Yetimlik divinin qaçdım əlindən.
   Odur, bil, böyüyüm, yol göstərənim,
   Tərbiyə verənim - əmimdir mənim.
   
   Xaqani başqa bir əsərində də əmisindən bəhs edərək yazır: “O mənə çox asan bir yolla başa saldı ki, “bir”, “iki”, ”üç”, “dörd”, “beş” nə deməkdir. “Beş” - hissiyyat üzvləridir, “dörd” - dünyadakı başlanğıclar - su, hava, od və torpaqdır, “üç” - qeyri-üzvi təbiətdir, “iki” - cisim və ruhdur, “bir” - Allahdır”.
   
   Saraydan dad-aman -
   ana yurda bağlılıq
   
   Şamaxı ədəbi mühitində öz gözəl şeirləri ilə diqqət mərkəzində olan 18 yaşlı şairin sorağı Şirvanşahlar sarayına çatır və gələcək qayınatası Əbül Üla Gəncəvinin tövsiyəsi ilə o, sarayda fəaliyyətə başlayır. İlk çağlarda şairin qarşısında böyük yaradıcılıq imkanları açılır. O, əla bildiyi ərəb, fars və türk dillərində saray kitabxanasında mövcud olan qiymətli ədəbi və elmi əsərləri acgözlüklə oxuyur, öyrənir, məhəbbət mövzulu şeirlər qələmə alır, mədhiyyələr yazır. Ona bir şair kimi ən yüksək zirvədə durduğunu ifadə edən “Xaqani” təxəllüsü verilir. Lakin qəlbi azadlıq eşqi ilə dolu olan şair Şamaxıdakı saray mühitinin sıxıcı təsirinə dözə bilmir. Saray çəkişmələri üzündən onu da həbs edirlər. Məhbəsdən azad olduqdan sonra Məkkəyə ziyarətə gedir. Ancaq bir daha saraya qayıtmayaraq Təbrizdə yaşamağa qərar verir. Hətta “Əvvəllər şahları mədh etdiyimçün Dilim bulanmışdı çirkaba bütün” yazaraq saray mühitinə yaxın olduğuna görə öz peşmanlığını dilə gətirir. Daha sonralar Xaqani Yaxın Şərq ölkələrində səfərdə olur və təəssüratlarını poetik əsərlərində verir. Şair ömrünün son illərini də Təbrizdə keçirir. Onun doğulduğu yurduna - Şamaxıya olan sevgisi aşağıdakı misralarda aydın ifadə olunur: 
   
   Şamaxı, ey mənim sevimli yurdum,
   Mən sənin qoynunda xaniman qurdum.
   İndisə acığın tutmuşdur mana,
   Mən sənin qoynundan ayrılsam, ana,
   Ümidim, pənahım Təbrizdir, Təbriz,
   O şəhər də mənə doğmadır, əziz. 
   
   Bu bədii nümunədə şairin qədim və zəngin şeir, sənət ünvanı Təbrizə olan sevgisi ilə də qarşılaşırıq. Vətənini dərin bir məhəbbətlə sevən şair daim ana yurdu tərənnüm edən şeirlər qələmə almışdır. Xaqaninin bu könül oxşayan beytləri iki əsrə yaxındır yaralı yerimizə çevrilmiş Cənubi Azərbaycan probleminə dair cildlərlə kitabın epiqrafı olacaq dərəcədə aktual, təbii və ahəngdar səslənir. Şimali Azərbaycanla Cənubi Azərbaycanı bir-birinə əbədilik bağlayan bu canlı atributlar (Şamaxı ana, Təbriz ata və s.) Azərbaycanımızın vəhdətini tərənnüm etmək baxımından dahi Xaqaninin əsrlərin arxasından yeni nəsillərə vüqarla təqdim etdiyi təkrarsız mənəvi ərməğandır. 
   Ədəbiyyatımızı dərin ümmana bənzətsək, Xaqani poeziyası onun qoynunda böyük bir etiqad və inamla uzaqlara üzən, qərinələrin tufanında sarsılmayan əzəmətli bir gəmidir. Şair bu şeriyyətin uzaqgörən, çox məharətli, qasırğalara dəyanətlə köks gərən müdrik bir kapitanıdır.
   X.Şirvani yaradıcılığında mühüm yer tutan əsərlərindən biri “Töhfətül-İraqeyn” poemasıdır. Müəllif ədəbiyyatımızda ilk poema hesab olunan bu əsəri 1156-cı ildə yazmışdır. Şairin hər iki İraqa (İraqi-ərəb, İraqi-əcəm) səfəri zamanı təsadüf etdiyi şəxsiyyətlərin tərifi, şahidi olduğu hadisələrin tərənnümündən ibarətdir. “Töhfətül-İraqeyn” eyni zamanda Azərbaycan ədəbiyyatında ilk mənzum səyahətnamə kimi də qiymətləndirilir.
   
   İki dahi
   
   Tədqiqatlarda Xaqani ilə dahi Nizami Gəncəvi arasında səmimi dostluq əlaqələrinin olduğu barədə maraqlı məlumatlar var. Xaqani və Nizami yaradıcılığı bir-birini təsdiq edən, tamamlayan, eyni bir dövrün poetik əks-sədası olan, lakin həm də onları bir-birindən ayıran zəngin ədəbi xəzinədir. Hər iki sənətkar dövrün ən mühüm məsələlərində eyni cəbhədə dayanır, şərə, eybəcərliyə, nadanlığa qarşı eyni mövqedən çıxış edirlər. Hər iki şairin yaradıcılığında güclü bir inkarçılıq ruhu vardır. Bu, insana zidd baxış, görüş və ehkamların inkarıdır. Xaqaninin “Töhfətül-İraqeyn”, “Mədain xərabələri” və başqa əsərlərində, Nizaminin poema və lirik əsərlərində gözəlliyi təsdiqə yönələn bu inkarın parlaq nümunələri ilə qarşılaşırıq. 
   ***
   Şairin həyatının son illəri çox ağır keçir. Onun çox sevdiyi ailə üzvləri - 20 yaşlı oğlu, qızı və arvadı bir-birinin ardınca vəfat edir. Ömrünün bu dərdli günləri haqqında bir çox mərsiyələr yazır.
   Görkəmli şair 1199-cu ildə vəfat edir və Təbriz şəhəri yaxınlığında, sonralar “Məqbərət-üş-şüəra” (“Şairlər qəbiristanlığı”) adlanan Sürxab məzarlığında dəfn olunur.
   Xaqani Şirvani olduqca mürəkkəb yaradıcılığa və özünəməxsus bədii ifadə tərzinə malik olan bir sənətkardır. Azərbaycanın və Yaxın Şərqin onlarla adlı-sanlı şairi onu özünə ustad hesab etmiş və ayrı-ayrı əsərlərinə nəzirələr yazmışlar. Xaqani ənənələrini davam etdirən şairlər sırasında böyük satira ustası Mirzə Ələkbər Sabir də vardır. Sabir yaradıcılığında Nizami ənənələri ilə birlikdə Xaqaninin mübariz, üsyankar ruhunu yaşatmağa çalışmış, onun əsərləri və həyatı ilə yaxından maraqlandığını bildirmişdir.
   Bəstəkarlarımız Xaqaninin qəzəllərinə gözəl musiqilər bəstələmiş, heykəltəraşlar, rəssamlar onun məğrur və mütəfəkkir obrazını yüksək sənətkarlıqla yaratmışlar. Böyük şair əsərlərinin ideya-sənətkarlıq keyfiyyətləri ilə bütün dövrlərdə yaşamaq hüququ qazanmışdır.
   
   Aynurə Əliyeva