Azərbaycan
   
   15 may 1893 - Görkəmli türkoloq alim, professor, şair Bəkir Vahab oğlu Çobanzadə (1893 - 13.10.1938) Krımın Simferopol qəzasının Qarasubazar kəndində anadan olub. Azərbaycanda dilçilik elmi və türkologiyanın təşəkkülü və inkişafında böyük rol oynayıb. Stalin repressiyasının qurbanı olub. 
   15 may 1899 - Xalq artisti Rza Əfqanlı (Rza Rüstəm oğlu Cəfərzadə; 1899 - 9.11.1973) Cənubi Azərbaycanın Sərab şəhərində doğulub. Bir sıra filmlərdə (“Bakılılar”, “Kəndlilər”, “Dağlarda döyüş”) maraqlı obrazlar yaradıb.
   15 may 1921 - Əməkdar elm xadimi, filosof, professor Midhət Mirmusa oğlu Ağamirov (1921-1995) anadan olub.
   15 may 1918 - Ədəbiyyatşünas, tənqidçi Əzizağa Hacıəli oğlu Məmmədov (1918-1986) Lənkəranda anadan olub.
   15 may 1920 - Azərbaycan Xalq Maarif Komissarlığı respublikada vicdan azadlığının elan edilməsi, dinin dövlətdən və məktəbdən ayrılması barədə dekret verib. 
   15 may 1922 - SSRİ Xalq artisti, bəstəkar Rauf Soltan oğlu Hacıyev (1922 - 19.9.1995) anadan olub. Populyar mahnıların ("Sevgilim", "Leyla"), operettaların ("Romeo mənim qonşumdur", “Talelər qovuşanda” və s.) müəllifidir. «Bir qalanın sirri», «Qara daşlar», «Əhməd haradadır?» və s. filmlərə musiqi yazıb. Azərbaycanın mədəniyyət naziri (1965-1971) işləyib.
   15 may 1930 - Nasir, dramaturq, ədəbiyyatşünas Altay Yusif oğlu Məmmədov (1930 - 15.7.2003) Gəncədə doğulub. "Kişilər", "Yadındamı", "Ulduzlar görüşəndə" və s. pyeslərin müəllifidir. Rus dilindən ədəbi tərcümələr edib.
   15 may 1930 - Ədəbiyyatşünas, tənqidçi, tərcüməçi Qəzənfər Yusif oğlu Əliyev (1930-1984) anadan olub.
   15 may 1931 - Sənətşünaslıq doktoru, professor Mahmud Qara oğlu Allahverdiyev (1931 - 2.12.1999) Gürcüstanın Bolnisi rayonunun Mirhəsənli kəndində doğulub. Mədəniyyət və İncəsənət Universitetində, Türkiyədə Memar Sinan Universitetində dərs deyib.
   15 may 1939 - Yazıçı-dramaturq, filologiya elmləri doktoru Həmid Arzulu (Həmid Fərhad oğlu Əliyev) Şərur rayonunun Təzəkənd kəndində anadan olub. Alman ədəbiyyatından tərcümələr edib. 
   15 may 1944 - Aktyor, rejissor, Əməkdar incəsənət xadimi Əbdül Mahmudbəyov Hacıqabul rayonunun Atbulaq kəndində doğulub. “Yeddi oğul istərəm”, “Nəsimi”, “Qətl günü” və s. filmlərdə çəkilib. “Doğma sahillər”, “Gecə qatarında qətl” filmlərinə quruluş verib. 
   16 may 1992 - Kinooperator, Əməkdar incəsənət xadimi Arif Əmir oğlu Nərimanbəyov (13.4.1917 - 1992) vəfat edib. “Bəxtiyar”, “Qızmar günəş altında”, “Bir qalanın sirri”, “Bizim Cəbiş müəllim”, “İnsan məskən salır”, “Onun bəlalı sevgisi”, “Nizami” və s. filmləri çəkib.
   16 may 1950 - Xalq artisti Arif Quliyev anadan olub. Musiqili Komediya, Milli Dram teatrlarında işləyib. “Bəxt üzüyü”, “O dünyadan salam” və s. filmlərdə, televiziya tamaşalarında maraqlı rollar oynayıb.
   17 may 1870 - Yazıçı-dramaturq, publisist Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev (1870 - 11.12.1933) Şuşada anadan olub. "Dağılan tifaq", "Bəxtsiz cavan", “Pəri cadu”, “Ac həriflər” və s. pyeslərin, hekayələrin müəllifidir. Rus dilindən tərcümələr edib. Rusiya Dövlət Dumasının deputatı (1906-1907) olub. Bakı Dövlət Universitetində dərs deyib. 
   17 may 1929 - Xalq artisti, tanınmış rəqqasə Roza İsmayıl qızı Cəlilova Şabran şəhərində doğulub. Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri olub, İraqda Xoreoqrafiya məktəbində müəllim (1984) işləyib.
   17 may 1938 - Əməkdar incəsənət xadimi Arif Lətif oğlu Qazıyev Gəncədə doğulub. Azərbaycan televiziyasının ilk diktorlarından biri, "Muğam" teatrının yaradıcısı olub. Musiqili telefilmlərin (“Şur”, “Təsnif”) müəllifidir.
   18 may 1906 - Filosof alim, professor Mehbalı Məhəmməd oğlu Qasımov (1906 - 1963) Naxçıvan MR Culfa rayonunun Xoşkeşin kəndində doğulub. “Azərbaycanın estetik fikir tarixindən" monoqrafiyasının müəllifidir.
   18 may 1951 - Kinorejissor, Əməkdar incəsənət xadim Ziya Şıxlinski anadan olub. Sənədli filmlərin müəllifidir. “Dərviş Parisi partladır”, “Şir evdən getdi” və s. filmlərdə rejissor assistenti olub.
   18 may 1969 - Əməkdar incəsənət xadimi Məlahət Abbasova anadan olub. “Sürəyya”, “Mahmud və Məryəm” və s. filmlərdə çəkilib. 90-cı illərdən Türkiyədə yaşayır, İstanbul Bələdiyyə Teatrında çalışır.
   
   Dünya
   
   15 may Beynəlxalq ailə günüdür (İnternational Day of Families). BMT Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qətnaməsinə əsasən qeyd olunur. 
   15 may 1567 - İtaliya bəstəkarı Klaudio Monteverdi (Claudio Monteverdi, 1567-1643) anadan olub. Operaları: “Orfey”, “Ariadna”, “Poppeyanın tacqoyması”.
   15 may 1848 - Rus rəssamı Viktor Vasnetsov (1848-1926) anadan olub. Məşhur rəsmləri: “Üç bahadır”, “Çar İvan Qroznı” və s.
   15 may 1862 - Avstriya dramaturqu Artur Şnisler (Arthur Schnitzler, 1862-1931) anadan olub.
   15 may 1891 - Rus yazıçısı Mixail Bulqakov (1891-1940) Kiyev şəhərində doğulub. Nəsr əsərləri: "Usta və Marqarita", "Ağ qvardiya", "İt ürəyi", “Cənab de Molyerin həyatı”; pyesləri: "Qaçış", “Turbinlər ailəsinin günləri", "Zoykanın mənzili", “İvan Vasilyeviç”. Bir sıra əsərləri ekranlaşdırılıb.
   16 may 1910 - Rus yazıçısı və şairəsi Olqa Berqols (1910-1975) anadan olub. Böyük Vətən müharibəsində 900 gün blokadada qalan Leninqradda fədakar yaradıcılıqla məşğul olub, “Leninqrad poeması”nı yazıb.
   16 may 1915 - İtaliya kinorejissoru Mario Moniçelli (1915-2010) anadan olub. Filmləri: “Polislər və oğrular”, “Böyük müharibə” və s.
   17 may Dünya informasiya cəmiyyəti günüdür (World İnformation Society Day). BMT Baş Assambleyasının 27 mart 2006-cı il tarixli qətnaməsi ilə təsis edilib. 
   17 may 1873 - Fransız yazıçısı Anri Barbüs (Henri Barbusse, 1873-1935) anadan olub. Əsərləri: “Alov”, “Gerçək əhvalatlar” və s.
   17 may 1904 - Fransız aktyoru Jan Qaben (Jean Gabin - Jean-Alexis Moncorge; 1904-1976) anadan olub. “Böyük illüziya”, “Qənimətə toxunma”, “Parisin havası” və s. filmlərdə çəkilib.
   18 may Beynəlxalq muzeylər günüdür (İnternational Museum Day). UNESCO yanında Beynəlxalq Muzey Şurasının (İnternational Council of Museums - ICOM) 1977-ci ilin mayında SSRİ-də (Moskva və Leninqrad) keçirilən konfransında sovet nümayəndə heyətinin təşəbbüsü ilə təsis olunub.
   18 may 1048 - Fars (tacik) şairi, filosof, astronom və riyaziyyatçı Ömər Xəyyam (Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri; 1048 - 4.12.1131) anadan olub.
   18 may 1869 - Ləzgi xalq şairi, aşıq Süleyman Stalski (Həsənbəyov; 1869-1937) anadan olub. 
   18 may 1872 - İngilis filosofu, riyaziyyatçı Bertran Rassel (Bertrand Arthur William Russell; 1872-1970) anadan olub. Ədəbiyyat üzrə Nobel mükafatına (1950) layiq görülüb.