Azərbaycan
25 may 1936 - Azərbaycan Dövlət Filarmoniyası yaradılıb. Filarmoniyanın yerləşdiyi bina 1912-ci ildə "İctimai toplantılar üçün yay binası" olaraq inşa edilmişdi. 1920-ci ildə təşkil edilən Azərbaycan Dövlət Simfonik Orkestri, digər musiqi kollektivləri burada çıxış edirdi. 1936-cı ildə respublikanın musiqi qurumları Filarmoniyada birləşdirildi.
26 may 1877 - Maarifçi-alim Mirzə Məhəmmədəli Tərbiyət (1877 - 17.1.1940) Təbrizdə doğulub. Şəhərdə yeni tipli "Tərbiyət" mədrəsəsi və kitabxana açıb. Azərbaycan mədəniyyəti tarixini əhatə edən "Danişməndani-Azərbaycan" ensiklopedik toplusunun müəllifidir.
26 may 1894 - Ədəbiyyatşünas alim, publisist Vəli Məmmədhüseyn oğlu Xuluflu (1894-1938) Şəmkir rayonunun Xuluflu kəndində doğulub. 20-ci illərdə Azərbaycanda latın qrafikalı əlifbanın tətbiqi və digər türkdilli ölkələrdə yayılmasında aktiv fəaliyyət göstərib, Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru işləyib.
26 may 1914 - Xalq yazıçısı İlyas Məhəmməd oğlu Əfəndiyev (1914 - 3.10.1996) Füzuli şəhərində anadan olub. "Söyüdlü arx", "Körpüsalanlar", "Dağlar arxasında üç dost" və s. romanların, povest və hekayələrin, Azərbaycan dramaturgiyasında yeni mərhələ təşkil edən pyeslərin ("Atayevlər ailəsi", "Sən həmişə mənimləsən", "Unuda bilmirəm", "Mahnı dağlarda qaldı", "Şeyx Xiyabani", "Hökmdar və qızı" və s.) müəllifidir.
26 may 1941 - Xalq artisti, tanınmış diktor Ofeliya Hacağa qızı Sənani anadan olub. "Dağlarda döyüş", "Ulduzlar sönmür" filmlərində çəkilib. Bir çox filmlərin qəhrəmanlarını səsləndirib.
27 may 1906 - Xalq artisti, rejissor Soltan Baba oğlu Dadaşov (1906-1969) anadan olub.
27 may 1926 - Xalq şairi, nasir Söhrab Tahiri (Söhrab Əbülfəz oğlu Tahiri; 1926 - 4.5.2016) Cənubi Azərbaycanın Astara şəhərində doğulub. 1946-cı ildə sovet Azərbaycanına gəlib. Kitabları: "Vətənlə sevgi arasında", "Qonşu qızın məktubları", "Əmanət" və s.
27 may 1956 - Xalq şairi Səməd Vurğun (Səməd Yusif oğlu Vəkilov; 21.3.1906 - 1956) vəfat edib. 20-dən çox poemanın ("Muğan", "Aygün", "Komsomol poeması", "Zəncinin arzuları" və s.), "Vaqif", "Fərhad və Şirin" və s. mənzum dramların, dillər əzbəri olan onlarla şeirin müəllifidir. Rus ədəbiyyatından tərcümələr edib.
28 may 1918 - Tiflisdə Azərbaycan Milli Şurasının iclasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan olunub. Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə həmin vaxt Batumda Osmanlı heyəti ilə danışıqlar aparırdı. Şuranın iclasına Əhməd bəy Ağayev sədrlik etmişdi. İclasda "İstiqlal Bəyannaməsi" qəbul edilib, Fətəli xan Xoyskinin başçılığı ilə ilk milli hökumət qurulub.
28 may 1947 - Görkəmli bəstəkar, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əliağa qızı Əlizadə Bakıda anadan olub. "Vətən haqqında nəğmələr" oratoriyası, "İntizar", "Sənin adın dənizdir" operaları, "Boş beşik" baleti, "Nəsimi" passionu və s. əsərlərin müəllifidir. 2007-ci ildən Bəstəkarlar İttifaqının sədridir.
28 may 1927 - Xalq artisti, ustad kamança ifaçısı Habil Mustafa oğlu Əliyev (1927 - 8.9.2015) Ağdaş rayonunun Üçqovaq kəndində doğulub. "Şöhrət" və "İstiqlal" ordenlərinə layiq görülüb.
28 may 1955 - Filologiya elmləri doktoru, akademik Muxtar Kazım oğlu İmanov anadan olub. AMEA-nın Folklor İnstitutunun direktorudur.
Dünya
25 may 1942 - Rusiyanın Xalq artisti Aleksandr Kalyagin anadan olub. Azərbaycanda rejissor Rasim Ocaqovun "İstintaq", "Bağlı qapı", "Park", "Özgə ömür" filmlərinə çəkilib.
26 may 1822 - Fransız yazıçısı Edmon de Qonkur (Edmond Huot de Goncourt; 1822 - 16.7.1896) anadan olub. Yazıçı Jül de Qonkurun (1830-1870) böyük qardaşıdır. Fransanın ən nüfuzlu ədəbi təltifi olan Qonkur mükafatı (Prix Goncourt) onların şərəfinə təsis edilib.
26 may 1842 - Gürcü yazıçısı və şairi Georgi Seretelli (1842 -1900) anadan olub. Əsərləri: "İlk addım", "Asimat xala", "Boz qurd" və s.
26 may 1878 - Amerikalı balerina, baletdə modern rəqsin banilərindən biri Aysedora Dunkan (Isadora Duncan; 1878-1927) anadan olub.
26 may 1904 - Görkəmli türk şairi və mütəfəkkiri Nəcib Fazil Qısakürək (1904 - 25.5.1983) anadan olub.
27 may 1956 - İtaliya rejissoru Güzeppe Tornatore (Giuseppe Tornatore) anadan olub. Filmləri: "Yeni kinoteatr "Paradiso" ("Oskar" laureatı), "Malena" və s.
28 may 1779 - İngilis şairi, mütəfəkkir Tomas Mur (Thomas Moore; 1779-1852) anadan olub.
28 may 1908 - İngilis yazıçısı, Ceyms Bond haqqında romanların müəllifi Yan Lankaster Fleminq (Ian Lancaster Fleming; 1908-1964) anadan olub.