Qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK), Azərbaycanda Atatürk Mərkəzinin birgə təşkilatçılığı, "Müasir inkişaf" və "Gənclərin töhfəsi" ictimai birliklərinin dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunan "Vətənim Azərbaycan" mövzusunda qiraət müsabiqəsinin final mərhələsi keçirilib.
MEK-dən bildiriblər ki, müsabiqə Bakının yüz məktəbindən daxil olan 252 müraciət əsasında keçirilib. Müsabiqənin birinci və ikinci mərhələlərindən keçən 16 şagird finalda iştirak edib.
Müsabiqənin münsiflər heyətinin sədri, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov tariximizin parlaq səhifələrindən olan AXC-nin 100 illiyinə həsr edilən qiraət müsabiqəni gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və istiqlal tariximizin düzgün mənimsənilməsi baxımından uğurlu addım kimi dəyərləndirib, yekun mərhələnin iştirakçılarına uğurlar arzulayıb.
Sonra finalçılar "Vətənim Azərbaycan" mövzusunda şeirlər söyləyib və münsiflər heyəti tərəfindən qiymətləndiriliblər.
Birinci, ikinci və üçüncü yerlərə müvafiq olaraq paytaxtın 42, 254 nömrəli məktəblərinin və Bakı Atatürk liseyinin şagirdləri Rauf Əliyev, Ayşə Əliyeva, Oğuzxan Pənahlı layiq görülüblər. Qaliblərə diplom və hədiyyələr verilib.
Münsiflər heyətinin üzvləri qalibləri təbrik edib, müsabiqənin gələn il də keçirilməsinin vacibliyini vurğulayıblar.