Milli mətbuat istiqlal düşüncəsinin formalaşmasında aparıcı rol oynayıb
Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi qısa vaxt ərzində ölkədə bir çox sahələrin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilmişdi. Şərqdə ilk respublikanın qurucuları xalqın ümumi tərəqqisinə, demokratik cəmiyyətin formalaşmasına çalışmışlar. Mətbuat sahəsi də bu dövrdə xüsusi inkişaf yolu keçərək ölkə həyatının işıqlandırılmasına, xalqın tribunası olaraq problemlərin gündəmə gətirilməsinə töhfələr vermişdir.
Tədqiqatçıların qənaətinə görə, bu dövrün mətbuatı milli mədəniyyətin mühüm tərkib hissəsi kimi Azərbaycan həyatının canlı salnaməsinə çevrilmişdir. İki il ərzində ölkədə 100-ə yaxın müxtəlif adda qəzet və jurnal çapdan çıxmışdır. Cümhuriyyət dövrü mətbuatının səciyyəvi xüsusiyyəti təkcə onun say göstəricisində deyildi, həm də ideya-məzmun zənginliyində idi. Milli mətbuatın fəaliyyəti istiqlal düşüncəsinin formalaşmasında aparıcı rol oynamışdı.
1918-1920-ci illər mətbuatı ideya istiqaməti baxımından bir neçə yerə bölür: Cümhuriyyət ideyalarını təbliğ edən milli mətbuat, yeni hökumətə qarşı olan bolşevik mətbuatı, eser-menşevik mətbuatı və ermənilərin Azərbaycana qarşı ərazi iddialarına haqq qazandırmaq üçün canfəşanlıq edən erməni daşnak mətbuatı, özünü bitərəf adlandıran informatik xarakterli qəzet və jurnallar. Lakin bu istiqamətlər içərisində daha realı və geniş oxucu auditoriyasına malik olanı Xalq Cümhuriyyətinin ideyalarını dəstəkləyən mətbuat idi. İstiqlalçılıq, dövlətçilik, cümhuriyyətçilik fikrən milli mətbuatımızda geniş təbliğ olunurdu.
Cümhuriyyətin banilərindən Məhəmməd Əmin Rəsulzadə uzun illər siyasi mübarizəsini "Şərqi Rus", "Hümmət", "Təkamül", "Dirilik", "Açıq söz"də bəyan etmiş, milli düşüncənin inkişafına çalışmışdı. Əlimərdan bəy Topçubaşovun redaktorluğu dövründə "Kaspi" qəzetinin məzmunu və siması dəyişmişdi. Həsən bəy Ağayev Gəncədə çıxan "Yujni Kafkaz" ("Cənubi Qafqaz") qəzetinin redaktoru olmuş, maarifçilik ideyalarını yaymışdı. Xalq Cümhuriyyəti mətbuatının həqiqi sələfləri sırasında "İqbal" qəzetinin xüsusi çəkisi vardı. Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə mütləqiyyət caynağından qopan ilkin fürsətdə mətbuatımızın "ağır artilleriyası" olmuşdular.
Cümhuriyyət dövründə "Azərbaycan", "İstiqlal", "Övraqi-nəfisə", "Müsəlmanlıq", "Qurtuluş", "Gənclər yurdu", "Şeypur" (1918-1919), "Zənbur" və s. kimi milli ruhlu qəzet və jurnallar işıq üzü görmüşdür. Bu mərhələdə milli mətbuatın qarşısında da yeni vəzifələr dururdu. Ona görə də hökumət və parlament mətbuatın və nəşriyyatın işini dövrün tələbləri səviyyəsində qurmaq üçün bir sıra qərarlar qəbul etmişdi. 1919-cu il oktyabrın 30-da parlament tərəfindən mətbuat məsələlərini tənzimləyən ayrıca sənəd - "Mətbuat haqqında nizamnamə" qəbul olunmuşdu. Hökumətin həmin il aprel tarixli qərarına əsasən, nizamnamə layihəsini hazırlamaq Ədliyyə Nazirliyinə tapşırılmışdı. Lakin iyunun 20-də hökumət Daxili İşlər Nazirliyinin təqdim etdiyi qanun layihəsini bəyənmiş və onu parlamentin müzakirəsinə çıxarmışdı. Nizamnamə söz və mətbuat azadlığı prinsipinə əsaslanırdı. Sənəddə deyilirdi ki, insan fəaliyyətinin hər bir sahəsi kimi mətbuat da azadlıqla anarxiya arasında sərhədi müəyyən edən qanunlara tabe olmalıdır.
Mətbuat azadlığına yekdilliklə tərəfdar çıxan parlament üzvləri qanun layihəsini ən ciddi sənədlərdən biri hesab edirdilər. Bununla belə, layihənin hər üç oxunuşu qızğın müzakirələrlə keçmişdi. "Hümmət" partiyası və sosialist fraksiyası layihənin əleyhinə çıxmış və bildirmişdilər ki, mətbuatı heç bir qanunla məhdudlaşdırmaq olmaz. Nizamnamə demokratiya və müstəqil dövlətçilik prinsiplərinə ziddir. Maddələrin ayrı-ayrılıqda müzakirəsi zamanı mətbuata ümumi nəzarət və rəhbərlik haqqında, redaktorun təbəəliyi, təhsil, mətbəə yaradılmasına icazə verilməsi barədə maddələr geniş diskussiya doğurmuşdu.
Cümhuriyyət hökuməti mətbuat azadlığını milli şüurun, milli mədəniyyətin inkişafı üçün mühüm şərtlərdən biri hesab edirdi. Məlumdur ki, Xalq Cümhuriyyəti yaranana qədər Çar Rusiyası tərkibində olan Azərbaycanda mətbuat azadlığı yox idi. Ana dilində yazıb-yaradanlar böyük maneələrlə qarşılaşır, qəzet və jurnallar ciddi senzuraya məruz qalırdı. Belə bir rejim milli şüurun, milli mədəniyyətin inkişafına ağır zərbə vururdu. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 9 noyabr tarixli sərəncamı ilə mətbuat və kütləvi informasiya vasitələrinin məzmunu, nəşri və yayılması üzərində dövlət nəzarəti ləğv olunmuşdu.
O dövrdə əsas vəzifə Cümhuriyyəti qoruyub saxlamaqdan, daxili və xarici təhlükələrə qarşı ideoloji mübarizə aparmaqdan ibarət idi. Yeni vəzifələri həyata keçirmək üçün 1918-ci ilin 15 sentyabrında Cümhuriyyətin rəsmi orqanı olan "Azərbaycan" qəzetinin nəşrinə başlanmışdı. Qəzetin müxtəlif vaxtlarda redaktorları Ceyhun Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Üzeyir Hacıbəyli və Xəlil İbrahim olmuşlar. Cümhuriyyətin ictimai-siyasi, iqtisadi və mədəni təsisatlarının tarixi mənzərəsi bu qəzetdə geniş əksini tapmışdır.
Milli siyasi birliyə çağırış Cümhuriyyət dövründə bütün Azərbaycan mətbuatının başlıca şüarına çevrilmişdi. 1918-ci il martın 31-də Bakıda, habelə Azərbaycanın müxtəlif bölgələrində erməni-daşnak və rus-bolşevik qaragüruhçuları tərəfindən türk-müsəlman əhaliyə qarşı törədilmiş soyqırımları da milli mətbuatın başlıca mövzusu idi. Həmin vaxtlarda "Açıq söz" qəzeti yazırdı: "Dəhşətli saat gəlir, birlik gərəkdir". Qəzet Azərbaycan xalqının siyasi partiyalarını xarici irticaya qarşı birliyə çağırırdı. Milli mətbuatın şüurları oyatmaq fəaliyyəti, apardığı maarifçilik təbliğatı yaxınlaşmaqda olan düşmən təxribatının ifşasında böyük rol oynayırdı.
Cümhuriyyətin həftəlik qəzeti olan "İstiqlal"ın da bu istiqamətdə fəaliyyəti xüsusi qeyd olunmalıdır. Bakıda nəşr olunan qəzetin ilk nömrəsi 1919-cu il fevralın 4-də, son nömrəsi 1920-ci il aprelin 23-də (cəmi 42 nömrə) çıxmışdı.
1919-cu il martın 11-də nəşrə başlayan "Övraqi-nəfisə" jurnalı ədəbiyyat və incəsənətdən bəhs edən ilk dövri mətbuat orqanı idi. Həmin ilin avqustuna qədər Bakıda cəmi 6 nömrəsi işıq üzü görən jurnalın redaktoru Əliabbas Müznib, naşiri bəstəkar Zülfüqar Hacıbəyov, rəssamı Əzim Əzimzadə idi. Jurnalda Firidun bəy Köçərli, Abdulla Şaiq, Əmin Abid (Gültəkin), Məhəmməd Hadi və başqaları çıxış edirdilər.
Cümhuriyyət dövründə Azərbaycanda milli ideyalı "Şeypur" jurnalı da nəşr olunmuşdur. İlk nömrəsi 1918-ci il oktyabrın 5-də çıxmış "Şeypur"un naşiri, görkəmli şair Səməd Mənsur, redaktoru Məmmədəli Sidqi idi. 1920-ci ilin əvvəlində nəşrə başlamış "Qurtuluş" jurnalı da ədəbi-mədəni sahədə xeyli iş görmüş, Azərbaycan xalqının milli mədəniyyətinin təbliğində mühüm rol oynamışdı.
Qətiyyətlə deyə bilərik ki, milli mətbuatımız ilk istiqlalımızın təkcə yol yoldaşı olmamış, həm də Cümhuriyyətin tarixi salnaməsini yaratmışdır. Çağdaş milli mətbuatımız fəxarət doğuran bu məktəbin yetirməsidir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə olduğu kimi, müstəqilliyimizi bərpa etdikdən sonra da mətbuat milli dövlət quruculuğu prosesində ön mövqedə dayandı. Odur ki, istər əsrin əvvəlində, istərsə də sonunda Azərbaycan milli mətbuatının uğurları birbaşa istiqlal düşüncəsi, dövlət müstəqilliyi ilə bağlıdır.
Aynurə Əliyeva