Yazıçı Varis Yolçuyev Rusiya Federasiyasının Soçi şəhərində keçirilən "LiFFt-2018" ədəbiyyat üzrə üçüncü festivalın baş mükafatına layiq görülüb.
Həmyerlimizə qızıl medal, "Qızıl LiFFt" seriyasından yüksək tirajla "Metamorfoza" romanının çap edilməsi müqaviləsi, hədiyyələr təqdim olunub. Təltifetmə mərasimində, eləcə də "Rossiya" telekanalına müsahibəsində yazıçımız bu nailiyyətini Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr etdiyini söyləyib.
Xatırladaq ki, 30-dan çox ölkədən, eləcə də Rusiyanın 50 regionundan nümayəndələrin qatıldığı nüfuzlu festivalda Azərbaycan və Türkiyə yazarları ilk dəfə iştirak ediblər.
Ədəbiyyat forumu, müxtəlif müsabiqələr, dəyirmi masalar, sərgilər, kitab təqdimatları, kitab yarmarkaları və s. tədbirləri əhatə edən festival Soçi şəhərinin Mərkəzi konsert salonunda keçirilən qala-gecə ilə yekunlaşıb. 
Festivalda Çexiya, Avstriya, Rusiya, Monqolustan, Almaniya və Fransadan olan laureatlar gümüş və bürünc medallara layiq görülüblər. Bütün iştirakçılara fəxri diplomlar və sertifikatlar təqdim edilib.
Əvvəlki iki "LiFFt" festivalının qalibləri Konstantin Kedrov-Çelışev (Rusiya) və Oljas Süleymenov (Qazaxıstan) olub.