Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin əməkdaşları mövcud sifariş və tələbatı nəzərə alaraq, yeni metodiki vəsaitlərin hazırlanmasını davam etdirirlər.

Mərkəzdən bildirilib ki, qurumun dörd yeni vəsaiti çapdan çıxıb.

“Unudulmaqda olan sənətkarlıq emalatxanası” adlı tövsiyədə yaradıcı dərnəklərin müəllimlərinə, şagird və tələbələrinə tənəkdən toxumanın əsaslarından söhbət açılır.

“Seminarların təşkili qaydaları”nda seminarların planlaşdırılması, təşkili mərhələləri, istifadə olunan forma və üsullar haqqında məlumat verilir.

“Estrada oxuma fənni üzrə” proqram uşaq musiqi və incəsənət məktəbləri, “Musiqi əsərlərinin təhlili” proqramı isə onbirillik təhsil sistemi üçün nəzərdə tutulub.

Metodiki vəsaitlərin müvafiq mədəniyyət müəssisələrinə göndərilməsi ilə yanaşı, yerlərdə təqdimatlarının keçirilməsi də nəzərdə tutulur. Bütün nəşrlərlə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin saytında (www.memm.az) tanış olmaq mümkündür.

İndiyədək mərkəz tərəfindən 70-dək metodiki vəsait hazırlanıb. Bu nəşrlər muzey, teatr, rəsm qalereyaları, bədii təhsil müəssisələri və klubların fəaliyyəti, internet, sosial şəbəkə, İKT və yeni texnologiyalar, KİV və ictimaiyyətlə işin təşkilini, ictimai-siyasi fəaliyyəti, tarixi xronologiyanı, milli folklor mədəniyyətini, milli mədəni irs və digər məsələləri əhatə edir.