İyunun 12-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) Muzey-sərgi kompleksində uşaq və yeniyetmələrin “Saf rənglər” beşinci beynəlxalq rəsm yaradıcılığı festivalının açılış mərasimi keçirilib.

Layihə Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və ADRA-nın birgə təşəbbüsü ilə reallaşır.

Tədbirdə bildirilib ki, ənənəvi olaraq 2013-cü ildən keçirilən festivalın coğrafiyası genişlənib. Müsabiqə proqramına “Azərbaycan mənim gözlərimlə”, “İdman”, “Ətraf mühit”, “Təhlükəsiz dünya” kimi nominasiyalar daxil edilib.

Qeyd edilib ki, festivalın 3 yaşdan 16 yaşadək olan iştirakçıları təsviri sənətin bütün növ və janrlarında rəngkarlıq, qrafika, kiçik heykəltəraşlıq, dekorativ-tətbiqi sənət, həmçinin multimedia, installyasiya və animasiya kimi müasir incəsənət növlərində işlərini nümayiş etdirirlər.

Bu ilin sentyabrında münsiflər heyəti tərəfindən seçilən işlərdən ibarət vernisaj, müsabiqədə üç yaş qrupu üzrə yeddi nominasiyada qaliblərin mükafatlandırılması, uşaq bayramı və ustad dərsləri keçiriləcək.