Azərbaycan

 

13 iyun 1709 - Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Molla Vəli Vidadi (1709-1808) Qazaxda anadan olub. Yaradıcılığı ilə aşıq şeirinin inkişafına böyük töhfə verib.

13 iyun 1927 - Tanınmış kamança ifaçısı, Əməkdar artist Tələt Soltan oğlu Bakıxanov (1927 - 30.5.2000) Bakıda anadan olub. “O olmasın, bu olsun” filmində (qonaqlıq səhnəsi) çəkilib.

13 iyun 1934 - Bakıda Azərbaycan yazıçılarının I qurultayı başlanıb. Qurultayda Azərbaycan Yazıçılar İttifaqı yaradılıb. O vaxtadək respublika yazıçıları müxtəlif birliklərdə fəaliyyət göstərirdilər.

13 iyun 1959 - Xalq artisti Bəsti Əli qızı Cəfərova anadan olub. Milli Dram Teatrında yaddaqalan obrazlar yaradıb: Xavər (“İblis”), Bənövşə (“Nişanlı qız”) Ağabəyim ağa (“Hökmdar və qızı”) və s. “Günaydın, mələyim!” filmində çəkilib.

 

14 iyun 1888 - İctimai-siyasi xadim, publisist Camo bəy Hacınski (1888-1942) anadan olub. Azərbaycan Xalq Cümhuriyyəti hökumətlərində nazir postu tutub. Sovet dövründə mədəniyyət və maarif sahəsində çalışıb, repressiya olunub.

14 iyun 1794 - Görkəmli şair, mütəfəkkir Mirzə Şəfi Vazeh (1794 - 16.11.1852) Gəncədə anadan olub. 1840-cı ildən Tiflisdə yaşayıb, müəllim işləyib, “Divani-hikmət” ədəbi məclisinə rəhbərlik edib. Burada tanış olduğu şərqşünas-səyyah Fridrix Bodenştedt onun qəzəllərini almancaya tərcümə edərək öz imzası ilə nəşr etdirib. Kitab Avropada geniş yayılıb. İllər sonra o, poetik incilərin Mirzə Şəfiyə məxsus olduğunu etiraf edib.

14 iyun 1902 - İlk azərbaycanlı heykəltəraş qadın Zivər Nəcəfqulu qızı Məmmədova (1902 -22.4.1980) Bakıda anadan olub. Görkəmli mədəniyyət (Ü.Hacıbəyli, Ə.Əzimzadə) xadimlərinin, hərbçi və əmək qəhrəmanlarının heykəl və büstlərini yaradıb.

14 iyun 1913 - Əməkdar artist, opera müğənnisi Aliyə Ramazan qızı Terequlova (1913 - 23.3.1968) Tiflisdə anadan olub.

14 iyun 1926 - Xalq artisti, tarzən Həbib Əbdülhüseyn oğlu Bayramov (1926 - 15.8.1994) anadan olub. 1941-ci ildən Əhməd Bakıxanovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında çalışıb, 1973-cü ildən ömrünün sonunadək kollektivin bədii rəhbəri olub.

14 iyun 1947 - Bəstəkar, Xalq artisti Faiq (Mirfaiq) Miri oğlu Sücəddinov anadan olub. Piano, simfonik orkestr və kamera orkestri üçün konsertlərin, “Atatürk” odası, «Vətən» oratoriyası, caz kompozisiyaları və mahnıların müəllifidir.

 

15 iyun 1918 - Bəstəkar, Xalq artisti Hacı Dadaş oğlu Xanməmmədov (1918 - 7.4. 2005) Dərbənddə doğulub. “Bir dəqiqə” operettasının, populyar mahnıların (“Getmə, amandı”, “Qurban olduğum” və s.) müəllifidir. Filarmoniyanın direktoru, Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri olub.

15 iyun 1924 – Xalq şairi Hüseyn Arif (Hüseynzadə Hüseyn Camal oğlu; 1924 – 14.9.1992) Qazax rayonunda doğulub. “Azad”, “Yolda” pyesləri, “Bahar gələndə”, “Söylə, yadındamı?”, “Qocalan deyiləm” və s. kitabların müəllifidir. Azərbaycan Aşıqlar Birliyinin yaradıcısı və rəhbəri (1984-1992) olub.

15 iyun 1933 - Şair Zülfüqar Qodmanlı (Zülfüqar Mənsur oğlu Əliyev; 1933 - 24.3.1998) Masallı rayonunun Qodman kəndində anadan olub.

15 iyun 1934 - Şair, ədəbiyyatşünas Hüseyn Kürdoğlu (Hüseyn Həsən oğlu Alışanov; 1934-2003) Laçın rayonunun Mollaəhməd kəndində doğulub.

15 iyun 1945 - Xalq artisti Amaliya Əliş qızı Pənahova Gəncədə doğulub. 1964-cü ildən Akademik Milli Dram Teatrında çalışıb. 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb. “Arxadan vurulan zərbə”, “Qərib cinlər diyarında”, “Babək”, “Gözlə məni”, “Cavad xan” və s. filmlərdə çəkilib. Milli Məclisin deputatı (2000-2005) olub. Mədəniyyət və İncəsənət Universitetinin professorudur.

 

Dünya

 

13 iyun 1865 - İrland şairi və dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1923) laureatı Uilyam Yits (William Butler Yeats: 1865-1939) anadan olub.

 

14 iyun 1811 - Amerika yazıçısı Harriet Biçer-Stou (Harriet Elizabeth Beecher-Stowe; 1811-1896) anadan olub. Ən məşhur əsəri olan “Tom dayının daxması” romanı 20-dən çox dilə tərcümə olunub.

14 iyun 1835 - Yəhudi əsilli Rusiya pianoçusu və dirijoru, pedaqoq Nikolay Rubinşteyn (1835-1881) anadan olub. Moskva Konservatoriyasının qurucularından biridir.

 

15 iyun 1843 - Norveç bəstəkarı, dirijor Edvard Qriq (Edvard Hagerup Grieg; 1843-1907) anadan olub. “Per Günt” süitası, 600-dən çox mahnı və romansın müəllifidir.

15 iyun 1920 - İtalyan aktyoru və rejissoru Alberto Sordi (1920-2003) anadan olub. Filmləri: “İtaliyalı Amerikada”, “Mən bilirəm ki, sən bilirsən ki, mən bilirəm” və s.

15 iyun 1946 - Məşhur yunan müğənnisi Demis Russos (Artemios Ventouris Roussos; 1946 – 25.1.2015) Misirin İsgəndəriyyə şəhərində doğulub. Dünya üzrə 60 milyon tirajla musiqi albomu satılıb.

Hazırladı:  Vüqar ORXAN