Sedat Sağırkaya: “Onu oxuduqca, öyrəndikcə bir daha əmin oluruq ki, nə yaxşı çəkəcəyimiz film üçün Əhməd Cavadı seçmişik”

Türk dünyasının ortaq televiziya kanalı olan TRT Avaz qurulduğu gündən etibarən müxtəlif layihələrlə gündəmə gəlir. Bu layihələrdə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti də önəmli yer tutmaqdadır. Telekanalın koordinatoru Sedat Sağırkaya ilə söhbətimiz zamanı bu məqamlara toxunmaqla yanaşı, yeni layihələrdən də xəbər tutduq.

Həmsöhbətim hazırda kanalda yenidənqurma işləri aparıldığını və sentyabrda başlanacaq yeni yayım mövsümünə hazırlaşdıqlarını dedi.

- TRT Avazı daha fərqli proqramlarla yayına hazırlayırıq. TRT-nin çəkdiyi və “Diriliş Ərtoğrul” kimi maraqla izlənən seriallar yeni mərhələdən başlayaraq TRT Avazda yayımlanacaq. Kanalımızın böyük izləyici kütləsinin Azərbaycan tamaşaçısı olduğunu da bilirik. Bu baxımdan Azərbaycan Televiziyası və İctimai Televiziya ilə bir sıra layihələri gerçəkləşdirmək niyyətimiz var. Ümumiyyətlə, Türk  mədəniyyəti və tarixi ilə bağlı ortaq fəaliyyətlərimizi inkişaf etdirəcəyik.

 

- Yeri gəlmişkən, Azərbaycan telekanalları ilə əlaqələri necə qiymətləndirirsiniz?

- Bizim Azərbaycanla əlaqələrimiz çox yaxşıdır. Azərbaycan Türkiyə üçün qardaş ölkədir. İnanıram ki, Azərbaycanla Türkiyə arasında bu qardaşlıq daha da güclənəcək və biz televiziya sahəsində çox önəmli işlər görəcəyik. TRT Avazda Azərbaycanla, Azərbaycanın tarixi şəxsiyyətləri ilə bağlı bir çox layihələr həyata keçirilib və bu ənənə davam edəcək.

 

- Bu il Şərqdə ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 yaşı tamam olur. Bu münasibətlə hansısa layihəniz varmı?

- Cümhuriyyətin 100 illiyi ilə əlaqədar olaraq “Əhməd Cavad” sənədli filmi üzərində işləyirik. Filmdə Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərini Əhməd Cavadın həyatı üzərindən çox gözəl anlada biləcəyimizi düşünürük. Hazırda filmin ssenari mətni yazılır. Bu, portret janrında sənədli film olacaq.

Bu ilin sentyabr ayında Qafqaz İslam Ordusunun Bakını azad etməsinin 100-cü ili də tamam olur. Bu münasibətlə Əhməd Cavadın sözlərinə bəstələnən əsərlərin də yer alacağı konsert düzənləməyi planlaşdırırıq.

Cümhuriyyətin yubiley ili ilə bağlı önümüzdəki günlərdə Bakını da ziyarət edəcək və Azərbaycan Televiziyası, İctimai Televiziya ilə bu mövzuda bəzi ortaq layihələrdə əməkdaşlıq imkanlarını müzakirə etmək istəyirik.

Bildiyiniz kimi,  Qafqaz İslam Ordusunun Azərbaycanda 1130 hərbiçisi şəhid olub. Onlar üçün Bakıda ehsan mərasimi düzənləməyi düşünürük. Əgər bunu həyata keçirə bilsək, bu tədbir Türkiyədəki Mövlud mərasiminə bənzəyəcək və televiziyada canlı yayımlanacaq. Türkiyənin Bakıdakı səfirliyi ilə də görüşüb niyyətimizi onlara bildirəcəyik.

 

- Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə nə üçün məhz Əhməd Cavadla bağlı film çəkmək qərarına gəldiniz? Onun həyatını və fəaliyyətini sənədli filmdə canlandırmaq üçün şairi yaxşı tanımaq, araşdırmaq lazımdır. Buna nail ola bildinizmi?

- Biz bu qərara gəldikdən sonra üç aydır ki, Əhməd Cavadla bağlı Azərbaycanda çap edilən kitabları, məlumatları oxuyuram. Qeyd edim ki, onun Türkiyədə də türkcə nəşr olunmuş əsərləri var. Əhməd Cavadı oxuduqdan sonra bu dahi şəxsiyyətlə eyni millətin nümayəndəsi olmaqdan qürur duydum. Çox gənc yaşlarında Balkan müharibəsinə qatılmaq üçün Türkiyəyə gəlib, bu qədər gözəl şeirlər yazıb, yardım kampaniyalarına qoşulub, Qafqaz İslam Ordusunu hərbi geyimdə Gəncədə qarşılayıb, müstəqillik uğrunda mübarizə aparıb. Eyni zamanda rus dilini öz ana dili kimi bilib, bir çox əsəri tərcümə edərək türk oxucusuna qazandırıb. O, Nuru paşaya öz imzası ilə bir şeir kitabını hədiyyə edibmiş. Filmdə bundan da bəhs ediləcək. Gözəl təhsilə yiyələnib. Soylu-köklü bir ailənin övladı olub. Şükriyyə xanımla yaşadığı həyat da məni çox təsirləndirdi. Hər kəsin belə bir şəxsiyyəti  tanımasını istəyirəm. Əhməd Cavad kimi şəxsiyyətlər bizim göydəki ulduzlarımızdır və biz bunlarla aydınlanırıq.

 

- Belə nəticəyə gəlmək olar ki, qardaş ölkə olsaq da, bir-birimizi, görkəmli şəxsiyyətlərimizi hələ də yaxşı tanıya bilməmişik...

- Elədir. “Çırpınırdın, Qara dəniz” bütün türk xalqlarının milli marşıdır. Onu uşaqlıqdan dinləyib sevmişik. TRT Avaz kanalının açılışında Azərinin ifasında bu mahnı səsləndirilib. Bu mahnı ifa edilərkən Türkiyədə həyəcanlanmayan insan yoxdur. Bu şeir haqqında məlumatımız vardı, amma onu Əhməd Cavadın yazdığını bilmirdik. İndi öyrənirik onun xeyli qiymətli əsəri varmış. Azərbaycan milli marşının sözlərinin də Əhməd Cavad tərəfindən yazıldığını yeni öyrəndik. Əhməd Cavad öz millətinə aşiq, Türk millətinə canını fəda etmiş böyük bir insan, böyük bir mücahiddir. Onunla bağlı oxuduqca sanki gözümün önünə bizim “Diriliş Ərtoğrul” filmindəki Ərtoğrul Qazi kimi cəngavər gəlir. Eyni zamanda böyük bir şair, mütəfəkkir. Xanımına yazdığı şeirləri oxuduğumda müdhiş romantik bir insan gözlər önünə gəlir. Zəngin bir xarakterə, ruha sahib olub. Əhməd Cavadı oxuduqca, öyrəndikcə, bir daha əmin oluruq ki, yaxşı ki, onu seçmişik. Onun adına layiq işlər görməyə çalışırıq. Gələcəkdə də belə şəxsiyyətlərin tanıdılması üçün səy göstərəcəyik. Millətimizin ortaq dəyərlərini bu kanaldan tanıtmağa davam edəcəyik.

Mehparə SULTANOVA
Ankara