Sərgidə 25 rəssamın əl işləri nümayiş olunur
İyunun 27-də Heydər Əliyev Mərkəzində Gürcüstan rəssamlarının əsərlərindən ibarət “Cari vəziyyət” adlı sərgi açılıb.
Açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov sərginin Gürcüstan Mədəniyyət Nazirliyi və Gürcüstan Milli Muzeyi ilə birgə əməkdaşlıq çərçivəsində ərsəyə gəldiyini bildirib. Diqqətə çatdırıb ki, sərgi ötən əsrin 80-90-cı illərində Gürcüstan təsviri incəsənətinin inkişafına töhfə vermiş 25 rəssamın yaradıcılığı ilə tanışlıq imkanı yaradır.
Layihənin kuratoru Çarlz Merevezer qeyd edib ki, sərgidəki nümunələr sırasında həm fərdi, həm də dövlət kolleksiyasına aid əsərlər yer alıb. Bildirib ki, nümayiş olunan əsərlər 1985-ci ildən sonra Gürcüstanda yaşanan dəyişiklikləri əks etdirir: “Sərginin digər bölümündə isə 2000-2005-ci illərə aid əsərlər də var ki, o vaxt Gürcüstan ötən əsrin 90-cı illəri ilə müqayisədə daha ağır dövrünü yaşayırdı. Biz incəsənətdə genişmiqyaslı dəyişikliklərin şahidi olacağıq”.
Sərginin koordinatoru və Gürcüstan Milli Muzeyinin kuratoru Lika Mamataşvili Gürcüstanın Mədəniyyət Nazirliyi və Milli Muzeyi adından Heydər Əliyev Mərkəzinə təşəkkür edib.
Tədbirdə çıxış edən rəssamlar sərginin Gürcüstan və Azərbaycan incəsənət xadimlərini bir araya gətirdiyini vurğulayıblar. Qeyd olunub ki, 70-ci illərdə Gürcüstan Rəssamlıq Məktəbində azərbaycanlı gənclər də təhsil alıblar və onların gürcüstanlı həmkarları ilə gözəl münasibətləri olub.
Sərgidə nümayiş etdirilən fotoların müəllifi Quram Tşibaxaşvili sevimli şəhəri Bakıya gəlməsindən və burada sərgi təşkil edilməsindən çox şad olduğunu deyib.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov gürcü rəssamlarının əsərlərini yüksək qiymətləndirib və bu yaxınlarda Tbilisidə keçirilən festivaldan söz açıb.
Qeyd edək ki, Heydər Əliyev Mərkəzində “Cari vəziyyət” sərgisi avqustun 26-dək davam edəcək.