Azərbaycan

1 iyul 1925 - Ədəbiyyatşünas alim, tərcüməçi, professor Pənah İmran oğlu Xəlilov Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndində doğulub. Rus dilindən tərcümələr edib.

1 iyul 1926 - Bakıda “Komsomol” adlı aylıq ədəbi, siyasi və elmi jurnalın 1-ci sayı çapdan çıxıb.

1 iyul 1940 - Yazıçı-publisist, Əməkdar jurnalist Yusif Abbas oğlu Kərimov Bərdədə anadan olub. Kitabları: “İtkilər və ümidlər”, “Qarabağ şikəstəsi”, “İşğal vadisi” və s.

 

2 iyul 1892 – Yazıçı, maarif və mədəniyyət xadimi Tağı Abbas oğlu Şahbazi (Simürğ; 1892-1937) Bakıda anadan olub. Respublika xalq maarif və səhiyyə komissarlarının müavini, “Maarif və mədəniyyət” jurnalının redaktoru, Azərbaycan Dövlət Universitetinin rektoru işləyib. «Ağanın kənizi», «Azadlıq üçün cinayət», «Aldanmış ümid», «Əzab qorxusu» və s. kitabların müəllifidir. Repressiya qurbanı olub.

2 iyul 1893 – Tanınmış heykəltəraş, Azərbaycanın Əməkdar incəsənət xadimi, SSRİ-nin Xalq rəssamı Pinxos Vladimiroviç Sabsay (1893 - 25.7.1980) Odessada doğulub. 1926-cı ildən Bakıda yaşayıb. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində dərs deyib. M.F.Axundzadənin heykəlinin, S.Vurğunun ev-muzeyi üçün monumental portretin və s. əsərlərin müəllifidir.

2 iyul 1921 - Azərbaycanda müəllim kadrlar hazırlayan ilk ali məktəb – Kişi Pedaqoji İnstitutu yaradılıb. Sonralar V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu (indiki Azərbaycan Pedaqoji Universiteti) adlanıb.

2 iyul 1922 - Azərbaycan SSR hökuməti (Mərkəzi İcraiyyə Komitəsi) yanında Yeni Türk Əlifbası Komitəsi təşkil olunub. Bir il sonra, 1923-cü il oktyabrın 20-də Azərbaycan MİK “Yeni Azərbaycan əlifbasının dövlət əlifbası kimi tanınması haqqında” dekret qəbul etdi. Latın qrafikalı əlifbaya tam keçid 1929-cu ildə reallaşdı. 1939-cu ildə onu kiril əlifbası əvəzlədi.

 

3 iyul 1920 - Azərbaycan SSR İnqilab Komitəsi (müvəqqəti hökumət) respublikada kinematoqrafiya müəssisələrinin milliləşdirilməsi haqqında dekret qəbul edib.

3 iyul 1940 – Tanınmış pianoçu, Xalq artisti, professor Zöhrab Əfrasiyab oğlu Adıgözəlzadə (1940 - 24.5.2012) Bakıda doğulub. Bakı Musiqi Akademiyasının professoru olub, Əskişəhər (Türkiyə) Anadolu Universitetinin Dövlət Konservatoriyasında kafedra müdiri işləyib.

3 iyul 1963 - Əməkdar incəsənət xadimi Cəmil Elşad oğlu Quliyev Bakıda anadan olub. Dövlət Film Fondunun direktoru, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru işləyib. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibidir.

4 iyul 1928 – Tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi Kamran Nəbi oğlu Rəhimov (1928 - 4.7.2007) Naxçıvan MR Şərur rayonunun Qarabağlar kəndində anadan olub. Respublikanın maarif naziri (1983-1988), Ali Sovetin deputatı (1990-1995) olub.

4 iyul 1956 – Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev anadan olub. 2008-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrının direktorudur.

 

5 iyul 1851 - Publisist, alim və ictimai xadim İsasultan Nəcəfqulu oğlu Şahtaxtinski (1851 - 18.10. 1894) İrəvanda anadan olub. “Tiflisski vestnik” qəzetində şöbə müdiri, “Kavkazski almanax”ın təsisçisi, naşiri və redaktoru olub.

 

6 iyul 1918 - Yazıçı-tərcüməçi Şəfiqə Ağayeva (1918-1983) Ağdamda anadan olub. Azərbaycan uşaq ədəbiyyatının inkişafına töhfələr verib. Rus yazıçılarının uşaq və yeniyetmələr üçün hekayə və povestlərini dilimizə tərcümə edib.

6 iyul 1944 - Xalq artisti, violonçel ifaçısı Rasi Mahmud oğlu Abdullayev anadan olub.

 

7 iyul 1939 - Yazıçı, tədqiqatçı-alim, professor Elmira Nəzər qızı Zamanova (1939-2010) Göyçay şəhərində anadan olub. Rus və Azərbaycan dillərində elmi-fantastik əsərlərin müəllifidir: “Yeraltı dünya”, “Vaxtdır, qardaşım” və s.

 

8 iyul 1909 - Görkəmli dilçi alim, filologiya elmləri doktoru, akademik Əbdüləzəl Məmməd oğlu Dəmirçizadə (1909 - 10.4. 1979) Şəkidə doğulub. Müasir Azərbaycan dilinin fonetikasına, etimologiyasına və ümumi dilçiliyə aid əsərlərin, dərsliklərin müəllifidir. Azərbaycanın Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı olub.

 

9 iyul 1821 - Azərbaycan saz-söz sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgər (1821-1926) Göyçə mahalının Ağkilsə kəndində anadan olub. 1918-ci ildə erməni quldur dəstələrinin törətdiyi qırğınlar vaxtı el-obasından didərgin düşüb, sonra doğma kəndə qayıdıb və orada dünyasını dəyişib.

9 iyul 1926 - Yazıçı-dramaturq Nəcəf bəy Vəzirov (1854-1926) vəfat edib. Ədib “Müsibəti-Fəxrəddin” pyesi ilə Azərbaycan dramaturgiyasında faciə janrının əsasını qoyub. «Ev tərbiyəsinin bir şəkli», “Yağışdan çıxdıq, yağmura düşdük” və s. komediyaların müəllifidir.

9 iyul 1939 - Əməkdar artist Firuz İmam oğlu Xudaverdiyev (1939-2017) Bakının Lökbatan qəsəbəsində doğulub. Mingəçevir teatrında, 1976-cı ildən Milli Dram Teatrında çalışıb. Televiziya tamaşalarında, filmlərdə (“Biz qayıdacağıq”, “Cavid ömrü”) çəkilib.

 

Dünya

 

1 iyul 1646 - Alman idealist filosofu, tarixçi, dilçi və riyaziyyatçı Qotfrid Vilhelm Leybnis (Gottfried Wilhelm Leibniz, 1646-1716) anadan olub.

1 iyul 1804 - Fransız yazıçısı Jorj Sand (əsl adı – Amandina Avrora Düpen; George Sand - Amantine-Aurore-Lucile Dupin de Francueil, 1804-1876) anadan olub. Romanları: “Roz və Blanş”, “İndiana”, “Leliya”, “Konsuelo” və s.

1 iyul 1902 - Amerika rejissoru Uilyam Uayler (William Wyler; 1902-1981) anadan olub. “Roma tətili”, “Həyatımın ən yaxşı illəri” və s. filmləri çəkib, üç dəfə “Oskar”a layiq görülüb.

1 iyul 1909 - Məşhur gürcü aktyoru, SSRİ Xalq artisti Serqo Zakariadze (1909-1971) Bakıda doğulub. “Keto və Kote”, “Əsgər atası” və s. filmlərdə çəkilib.

1 iyul 1934 - Amerika aktyoru və kinorejissoru Sidni Pollak (Sydney Irwin Pollack; 1934-2008) anadan olub. Filmləri: “Yakudza”, “Afrikadan” (“Oskar” mükafatı), “Tutsi” (“Oskar”) və s.

 

2 iyul 1877 - Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1946) Herman Hesse (Hermann Hesse, 1877-1962) anadan olub. Əsərləri: “Təkər altında”, “Çöl canavarı”, “Şərq ölkəsinə ziyarət”, “Muncuq oyunu” və s.

2 iyul 1923 - Polyak şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1996) Vislava Şimborska (Wislawa Szymborska, 1923 – 1.2.2012) anadan olub. “Son və əvvəl”, “Yüz ...” və s. kitabların müəllifidir.

2 iyul 1961 - Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1954) laureatı Ernest Heminquey (Ernest Miller Hemingway; 21.7.1899 - 1961) dünyasını dəyişib. Əsərləri: “Kişisiz qadınlar”,  “Əlvida, silah”, “Əcəl zəngi” (roman), “Qoca və dəniz” (povest) və s.

 

3 iyul 1883 - Yəhudi əsilli çex-alman yazıçısı, filosof Frans Kafka (Franz Kafka, 1883 – 3.6.1924) Praqada doğulub. Əsərləri:  “Bir xanımın xülasəsi”, «İtaətkarla söhbət», «Çevrilmə», «Qəsr», «Kənd həkimi», «Qətl» və s.

3 iyul 1962 - Amerikalı aktyor, rejissor Tom Kruz (Thomas Cruise Mapother) anadan olub. Filmləri: “Riskli biznes”, “Geniş bağlanmış gözlər” və s.

 

4 iyul 1676 - İspan dramaturqu Xose Kanisares (1676-1750) anadan olub.

4 iyul 1918 - Rus filosofu, kulturoloq, «Mədəniyyətlərin dialoqu» konsepsiyasının müəllifi Vladimir Bibler (1918-2000) anadan olub.

 

5 iyul 1812 - İspan yazıçı-dramaturqu Antonio Qarsia Qutteres (Antonio Garcia Gutierrez; 1812-1884) anadan olub. Dramaturqun “Trubadur” pyesi əsasında italyan bəstəkarı Cüzeppe Verdi eyniadlı opera yazıb.

5 iyul 1889 - Fransız yazıçısı, rəssam, teatr nəzəriyyəçisi Jan Kokto (Jean Maurice Eugene Clement Cocteau; 1889-1963) anadan olub. Dadaizm və sürrealizm üslubunda şeirlər yazıb. “Əllamə Toma”, “Ədəbsiz uşaqlar” romanlarının, “Antiqona”, “Orfey” pyeslərinin müəllifi, bir neçə filmin rejissorudur.

5 iyul 1901 - SSRİ Xalq artisti, rejissor, aktyor, rəssam, yazıçı Sergey Obrazsov (1901-1992) anadan olub. Uzun illər Moskvada Mərkəzi Kukla Teatrına rəhbərlik edib.

6 iyul 1859 - İsveç şairi və yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1916) Karl Qustav Verner fon Heydenstam (Carl Gustaf Verner von Heidenstam; 1859-1940) anadan olub. Əsərləri: “Endimion”, “XII Karlın döyüşçüləri” və s.

6 iyul 1887 - Yəhudi əsilli rus-fransız rəssamı Mark Zaxaroviç Şaqal (Xaskeleviç, 1887-1985) Vitebskdə (Belarus) anadan olub. 1923-cü ildə Fransaya mühacirət edib. Rəngkarlıq və qrafika əsərləri ilə bədii avanqardın ən tanınmış simalarından biridir.

6 iyul 1893 - Fransız yazıçısı Gi de Mopassan (Henry-Rene-Albert-Guy de Maupassant ; 1850-1893) vəfat edib. Əsərləri: “Həyat”, “Əziz dost”, “Pyer və Jan”, “Arzu alovu” (roman), “Mademauzel Fifi”, “Boyunbağı”, ”Məhəbbət təcrübəsi” (novella) və s.

6 iyul 1943 - SSRİ Xalq artisti, Rusiyanın məşhur opera müğənnisi Tamara Sinyavskaya anadan olub. Dünya şöhrətli azərbaycanlı müğənni Müslüm Maqomayevin (1942-2008) həyat yoldaşı olub.

6 iyul 1946 - Amerika aktyoru, prodüser Silvestr Stallone (Sylvester Gardenzio Stallone) anadan olub. Filmləri: “Rembo”, “Rokki”, “Kobra”, “Dağıdıcı”, “Mütəxəssis”, “Qisas mələyi” və s.

 

7 iyul 1860 - Avstriya bəstəkarı Qustav Maler (Gustav Mahler, 1860-1911) anadan olub.

7 iyul 1882 - Belarus ədəbiyyatının banilərindən şair Yanka Kupala (əsl adı İvan Dmitriyeviç Luseviç; 1882-1942) anadan olub.

7 iyul 1884 - Yəhudi əsilli alman yazıçısı Lion Feyxtvanger (Lion Feuchtwanger, 1884-1958) anadan olub. «Qoyya», «İspan balladası», «Lautenzak qardaşları» və s. tarixi romanların müəllifidir.

7 iyul 1901 - İtalyan aktyoru, kinorejissor, 4 dəfə «Oskar» mükafatı laureatı Vittorio De Sika (Vittorio De Sica, 1901-1974) anadan olub. Filmləri: “Günəbaxanlar”, “Dünən, bu gün, sabah”, “İtalyansayağı nikah” və s.

7 iyul 1907 - Amerikalı fantast-yazıçı Robert Enson Haynlayn (Robert Anson Heinlein; 1907-1988) anadan olub. Artur Klark və Ayzek Azimovla birlikdə fantast-yazıçıların “böyük üçlüyü”nə daxildir.

7 iyul 1943 - İtalyan müğənnisi və bəstəkarı Toto Kutunyo (Salvatore (Toto) Cutugno) anadan olub.

 

8 iyul 1621 - Fransız şairi, məşhur təmsillər müəllifi Jan de Lafonten (Jean de La Fontaine, 1621-1695) anadan olub. Antik dövr müəlliflərinin (Ezop, Fedr və s.) əsərlərindən yararlanaraq təmsil janrını yaradıb.

8 iyul 1938 - Rusiyanın Xalq artisti Andrey Myaqkov anadan olub. «Xoş təsadüf və ya həmişə təmizlikdə», «İşdə məhəbbət macərası», «Qaraj» və s. filmlərdə çəkilib.

 

9 iyul 1764 - İngilis yazıçısı Anna Radklif (Ann Radcliffe, 1764-1823) anadan olub. Ədəbi effektlər, qorxulu situasiyalarla zəngin olan qotik romanın yaradıcılarından biridir. Əsərləri: “İtalyan və ya bir etirafın sirri”, “Udolf qəsrinin sirləri” və s.

9 iyul 1834 - Çex yazıçısı Yan Neruda (1834-1891) anadan olub. “Qəbiristanlıq çiçəkləri”, “Kosmik nəğmələr” və s. kitabların müəllifidir.

Hazırladı:  Vüqar ORXAN