AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu “XVIII əsrin I yarısı Azərbaycan tarixi rusdilli qaynaqlarda” toplusunun ikinci və üçüncü cildlərini, o cümlədən “Azərbaycan və Osmanlı imperiyası XV-XVI əsrlərdə” kitabını çap etdirib.

Rus dilində nəşr olunan sənədlər toplusunun tərtibçisi Tarix İnstitutunun şöbə müdiri, professor Tofiq Mustafazadə, türk dilinə tərcümə olunan kitabın müəllifi isə professor Şahin Fazildir.

“XVIII əsrin I yarısı Azərbaycan tarixi rusdilli qaynaqlarda” toplusu “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi çərçivəsində nəşr olunub. Layihənin rəhbəri Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovdur. Topludakı sənədlərin transliterasiyası, ön söz və şərhlər Tofiq Mustafazadəyə məxsusdur.

Topludakı sənədlər Rusiya Federasiyasının müxtəlif arxivlərindən götürülüb. Sənədlərdə Azərbaycanın sosial-iqtisadi və siyasi tarixi, tarixi coğrafiyası və etnoqrafiyası barədə qiymətli məlumatlar yer alıb. XVIII əsrdə çap olunmuş və hazırda nadir tapılan bir neçə əsər də topluya daxil edilib. Tarixi sənədlər Rusiya çarı I Pyotrun və onun xələflərinin Azərbaycanla bağlı yeritdiyi siyasətin işğalçılıq mahiyyətini açmağa və Azərbaycan uğrunda gedən beynəlxalq rəqabəti təsvir etməyə imkan verir.

“TEAS Press” Nəşriyyat Evi tərəfindən çap olunan “Azərbaycan və Osmanlı imperiyası XV-XVI əsrlərdə” kitabında həmin dövrdə Azərbaycanın yalnız Türkiyə ilə deyil, həmçinin Orta Asiya, Suriya, Misir, Rusiya, Gürcüstan, Venesiya, Almaniya, Portuqaliya və başqa ölkələrlə də münasibətləri haqqında məlumat var. Əsər fars, türk, italyan, rus, ingilis, alman, fransız dillərində olan bir sıra ilkin mənbə və tədqiqat əsərləri əsasında yazılıb.