Azərbaycan

18 iyul 1018 – Böyük türk mütəfəkkiri və dövlət xadimi Nizamülmülk (tam adı Əbu Əli Əl-Həsən ət-Tusi Nizamülmülk; 1018 - 14.10. 1092) anadan olub. Səlcuq sultanları Alparslan və Məlikşahın vəziri olub, “Siyasətnamə” kitabının müəllifidir.

18 iyul 1864 – Məşhur xanəndə Keçəçi oğlu Məhəmməd (Məhəmməd Məşədi Xəlil oğlu; 1864 - 20.11.1940) Şuşada doğulub. Xanəndənin ifasında muğam və xalq mahnıları Varşava və Kiyevdə qrammofon vallarına yazılıb. 1926-cı ildən Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik edib.

18 iyul 1932 – Əməkdar elm xadimi, filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü Azadə Cəfər qızı Rüstəmova (1932-2006) Bakıda doğulub. Kitabları: “Azərbaycan epik şeirinin inkişaf yolları”, “Məhəmməd Füzuli”, “Nizaminin poeziya sələfləri” və s.

18 iyul 1939 – Xalq artisti, tanınmış teatr və kino aktyoru Hacımurad Hacı Əhməd oğlu Yegizarov Bakıda anadan olub. 1962-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrında fəaliyyət göstərib. “Böyük dayaq”, “Ulduz”, “Arşın mal alan” (1965), “Bir cənub şəhərində”, “Ən vacib müsahibə” və s. filmlərdə maraqlı rollar oynayıb.

18 iyul 1927 – Tanınmış heykəltəraş, Xalq rəssamı Tokay Həbib oğlu Məmmədov (1927 – 2.5.2018) anadan olub. Üzeyir Hacıbəylinin, Nəsiminin, Füzulinin (Ömər Eldarovla birlikdə), Koroğlunun Bakıda ucaldılan heykəllərinin müəllifidir. Dövlət Rəssamlıq Akademiyasının professoru kimi gənc heykəltəraşların yetişməsinə töhfələr verib.

 

19 iyul 1915 – Opera müğənnisi, Xalq artisti Ağababa Balağa oğlu Bünyadzadə (1915 - 17.12.1974) Bakıda anadan olub. Operalarda əsas partiyaları ifa edib: “Koroğlu” (Həsənxan), “Şahsənəm” (Xan), “Sevilya bərbəri” (Fiqaro), “Otello” (Yaqo) və s.

19 iyul 1945 – Əməkdar incəsənət xadimi, musiqişünas, ilk azərbaycanlı qadın violonçel ifaçısı, Bakı Musiqi Akademiyasının professoru Nəzmiyyə Müzəffər qızı Abbaszadə Naxçıvanda anadan olub.

 

20 iyul 1903 – Əməkdar incəsənət xadimi, teatr rejissoru Baxşı Həsən oğlu Qələndərli (1903 - 14.9.1985) anadan olub. İrəvan Azərbaycan Dram Teatrının baş rejissoru işləyib, Naxçıvan Dövlət Musiqili Dram Teatrında fəaliyyət göstərib.

20 iyul 1946 – Rejissor Rafiq Dadaşov anadan olub. Bir sıra filmlərin ikinci rejissoru olub: “Dantenin yubileyi”, “Yol əhvalatı”, “Qəm pəncərəsi”, “Qətl günü”. Sənədli filmlər çəkib.

20 iyul 1948 – Xalq artisti Ramiz Əzizbəyli anadan olub. “Bağ mövsümü”, “Bəyin oğurlanması”, “Şeytan göz qabağında”, “Qəzəlxan”, “Qisas almadan ölmə...” və s. filmlərdə, televiziya tamaşalarında çəkilib. “Pirverdinin xoruzu”, “Bəxt üzüyü”, “Yalan” bədii filmlərinə quruluş verib. Filmlərin səsləndirilməsində iştirak edib.

 

Dünya

 

18 iyul 1610 - İtalyan rəssamı, Avropa realist rəngkarlığının banilərindən Mikelancelo Karavaco (Michelangelo Merisi da Caravaggio; 28.9.1573 - 1610) vəfat edib. Məşhur əsərləri: “Yudif və Olofern”, “Tövbə edən Mariya Maqdalina”, “David və Qoliaf”, “Müqəddəs Pyotrun əzabkeşliyi” və s.

18 iyul 1811 – İngilis yazıçısı Uilyam Tekkerey (William Makepeace Thackeray, 1811-1863) anadan olub. “Şöhrətpərəstlik yarmarkası”, “Snoblar kitabı” və s.

 

19 iyul 1938 - Gürcü müğənnisi, bəstəkar, aktyor Vaxtanq Kikabidze anadan olub. 1977-ci ildə rejissor G.Daneliyanın “Mimino” filmində baş rolu oynamaqla şöhrət qazanıb, SSRİ Dövlət mükafatına layiq görülüb.

19 iyul 1893 - Rus şairi Vladimir Mayakovski (1893 - 14.4.1930) Gürcüstanın Kutaisi bölgəsinin Baqdadi kəndində doğulub. 1906-cı ildə ailəsi Moskvaya köçüb. Poemaları: “Şalvarlı duman”, “150 000 000”, “Vladimir İliç Lenin”, “Yaxşı” və s. Satirik pyesləri: “Misteriya Buff”, “Birə”, “Hamam” və s.

 

20 iyul 1304 – İtaliya intibahının görkəmli nümayəndəsi, şair Françesko Petrarka (Francesco Petrarca; 1304-1374) anadan olub.

20 iyul 1656 – Avstriya memarı, arxitekturada imperiya üslubunun banisi Yohann Bernhard Fişer fon Erlax (Johann Bernhard Fischer von Erlach; 1656-1723) anadan olub.

20 iyul 1882 – Alman filosofu Nikolai Hartmann (1882-1950) anadan olub. Fəlsəfədə yeni ontologiyanın banisi sayılır.

20 iyul 1864 – İsveç şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1931) Erik Karlfeldt (Erik Axel Karlfeldt, 1864-1931) anadan olub.

20 iyul 1895 – Macar və amerikan rəssamı, fotoqraf və bəstəkar, konstruktivizm cərəyanının nümayəndəsi Laslo Mohoy-Nad (Laszlo Moholy-Nagy; 1895-1946) anadan olub.

20 iyul 1924 – Rus rejissoru, SSRİ Xalq artisti Tatyana Mixaylovna Lioznova (1924-2011) anadan olub. Filmləri: “Baharın on yeddi anı” teleserialı, “Biz, aşağıda imza edənlər”, “Karnaval” və s.

Hazırladı:  Vüqar ORXAN