ABŞ-da “Blue Origin” şirkətinin gələn il üçün kosmosa nəzərdə tutulan səyahətlərinin qiyməti məlum olub. Kosmosa səyahət etmək istəyənlər 200-300 min dollardan keçməli olacaqlar.
Tezliklə “Blue Origin” şirkətinin “New Shepard” kosmik gəmisi ilə sınaq uçuşlarına start veriləcək, gələn ildən isə sərnişinlər üçün bilet satışı həyata keçiriləcək.
Şirkətdən bildiriblər ki, “New Shepard” kosmik gəmisi 6 sərnişinin Yerin üzərindəki suborbital fəzada avtonom şəkildə 100 kilometr uçmasına imkan yaradacaq. Uçuş zamanı bir neçə dəqiqə ərzində çəkisizlik şəraitində planetimizi seyr etmək imkanı olacaq və sonda sərnişinlər hermetik kapsulun içində paraşütlə Yerə enəcəklər.
“Blue Origin” şirkəti Texas ştatında sınaq məqsədilə içində sərnişin olmayan kosmik gəminin şaquli havaya qalxma və yerə enmə əməliyyatlarını səkkiz dəfə həyata keçirib. Bundan başqa, “Mannequin Skywalker” mulyajının içərisində olduğu gəmi ilə iki uçuş yerinə yetirilib.
“Blue Origin” ildə 300 milyard dollara başa gələcək qlobal kosmos iqtisadiyyatı yaratmaq niyyətindədir. Uçuşların təşkilatçısı sərvəti 112 milyard dollara çatan Ceff Bezos kosmik turizm sahəsində öz həmkarları Riçard Brenson və İlon Mask ilə rəqabət aparacaq. Brensonun “Virgin Galactic” şirkəti artıq kosmosa səyahət üçün hər biri 250 min dollarlıq 650 bilet satdığını bildirib, lakin uçuşların tarixi hələ açıqlanmayıb. Maskın “SpaceX” şirkəti isə əsas məqsədin insanların kosmosda yaşamasını təşkil etmək olduğunu söyləyib.