Britaniya və Çin arxeoloqları tərəfindən aparılan tədqiqatların yekunu sübut edib ki, ibtidai insanlar Afrika qitəsindən əvvəllər güman edildiyi kimi 1,85 milyon il deyil, 2,12 milyon il əvvəl ayrılıblar.
Arxeoloqların Çinin Şanqçen əyalətində aşkar etdikləri artefaktlar və insan skeletləri ibtidai insanların başqa qitələrə yayılması tarixini yenidən yazmağa imkan verib. Britaniya və Çin alimləri arxeoloji tapıntıları öyrəndikdən sonra belə qənaətə gəliblər ki, onlar 2,1 milyon il əvvəl yaşamış homosapienslərə aiddir.
Çin Elmlər Akademiyasının professoru Çoyu Çu və Ekseter Universitetinin professoru Robin Dennell arxeoloji qazıntıların yekunlarına dair keçirdikləri mətbuat konfransında bəyan ediblər ki, tapılmış 96 artefakt afrikalı ibtidai insanların Şərqi Asiyada 2 milyon il əvvəl məskunlaşdıqlarını göstərir.
Bu yeni kəşfdən əvvəl Gürcüstanın azərbaycanlılar yaşayan Dmanisi (keçmiş Başkeçid) rayonunda tapılmış skelet qalıqları və daş alətlərin tədqiqi əsasında ibtidai insanların Afrikadan köçünün tarixinin 1,85 milyon il əvvəl olduğu müəyyən edilmişdi.