“Müasir sərgi konsepsiyası” adlı seminar keçirildi
İyulun 20-də “YARAT” Müasir İncəsənət Məkanı və Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzi regionlardakı rəsm qalereyaları və muzeylərdə çalışan tərtibatçı-rəssamlar üçün “Müasir sərgi konsepsiyası” adlı sərgi-seminar keçirdi. XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində təşkil olunan tədbir üç mərhələdən ibarət idi.
Birinci mərhələdə iştirakçılar muzeydə “Əmək, istirahət və xəyallar: 1960-1980-ci illər Azərbaycan ustadlarının gözləri ilə” adlı sərgi ilə tanış oldular. Sərginin kuratoru, “YARAT” Müasir İncəsənət Məkanının bədii direktoru Suad Qarayeva-Maleki incəsənət əsərləri vasitəsilə müxtəlif mövzuların araşdırılması məsələlərindən danışdı, birgə layihələrin gerçəkləşdirilməsinin əhəmiyyətini vurğuladı.
Qeyd olundu ki, sərgidə kreativ üsullarla çalışmağa üstünlük verilib və nəticədə ötən il sərgini ziyarət edənlərin sayı 40 min nəfərə çatıb: “Müxtəlif muzeylərdən olan həmkarlarla əlaqələr qurmaq, təcrübə mübadiləsi aparmaq yeni ideyalara yol açır. Biz bu gün muzey işinə kreativ ideyalarla yanaşsaq, cəmiyyətin diqqətini cəlb edə bilərik”.
Sərginin konsepsiyası haqqında məlumat verən Suad Qarayeva-Maleki vurğuladı ki, hər hansı kolleksiyaya fərqli baxış, maraqlı mövzu axtarışı daha maraqlı bir layihənin ərsəyə gəlməsinə səbəb olur. Məhz bu cür yanaşma yeni perspektivlər yarada bilir.
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev də birgə tədbirlərin əhəmiyyətindən danışaraq gələcəkdə onların davamlı olacağına ümidvar olduğunu dedi. Bildirdi ki, seminarın keçirilməsi regionlardakı rəsm qalereyaları və muzeylərdə çalışan tərtibatçı-rəssamlar üçün böyük əhəmiyyət kəsb edir.
Qeyd olundu ki, dövlət müəssisələrində tərtibat işlərində əsasən ənənəvi üsullardan istifadə edilir. “YARAT” Müasir İncəsənət Məkanının təqdim etdiyi kreativ üsullar aktuallığı ilə seçilir və dövlət muzeylərinin populyarlığının artırılmasında bu təcrübənin tətbiqi vacibdir: “Ümid edirik ki, təşkil edilən bu seminar iştirak edən əməkdaşlarda yeni peşə keyfiyyətlərinin formalaşmasına səbəb olacaq”.
* * *
Seminarın ikinci mərhələsində ekspozisiyaların qurulması prosesində texniki hazırlıq işlərinin aparılması ilə bağlı təlim keçirildi. Köməkçi kurator Fərəh Ələkbərli texniki hazırlıq prosesində işıq və rəng amili, müasir texniki avadanlıqlardan istifadə qaydaları, eksponatların estetik təqdimatının vacib məqamlarını açıqladı.
Üçüncü mərhələdə isə qrup işi, praktiki məsələlərlə bağlı bilgi verildi. Kurator mətnlərin yazılmasına dair giriş mərhələsi ilə bağlı fikirlərini bölüşdü. Təlim iştirakçıları qruplara bölünməklə sərgidə nümayiş olunan bir neçə əsərdən ibarət özünün kiçik sərgisinin modelini hazırlayaraq təqdim etdilər.
Daha sonra təhsil layihələrinin rəhbəri Səyyarə Hüseynli “YARAT” Müasir İncəsənət Məkanının fəaliyyəti haqqında videoçarxı nümayiş etdirdi. O, muzey işçilərinin müasir zamanla ayaqlaşması məsələlərindən söz açdı, müasir muzeyin fəaliyyəti ilə bağlı sualları cavablandırdı.
Tədbirin sonunda S.Qarayeva-Maleki tərəfindən regionlardakı rəsm qalereyaları və muzeylərdə çalışan tərtibatçı-rəssamlar sertifikatlarla təltif olundular.
Sumqayıt Dövlət Rəsm Qalereyasının əməkdaşı Günel Hüseynova seminarın təşkilatçılarına təşəkkürünü bildirərək qeyd etdi ki, belə tədbirlərin təşkil edilməsi muzey sahəsində çalışanlar üçün çox dəyərli təşəbbüsdür.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin 15 regional idarəsinin təmsil olunduğu təlimin keçirilməsində məqsəd gənc tərtibatçı-rəssamlarda müasir peşə səriştəsinin formalaşmasıdır. Tədbirdə sərgilərin hazırlanması, ekspozisiyaların qurulması, texniki hazırlıq proseslərinin aparılması, praktiki hazırlıq mərhələləri və s. məsələlərlə bağlı müzakirələr oldu. Təqdim olunan format mədəniyyət və incəsənət sahəsində çalışan gənc əməkdaşlar üçün ilk dəfə olaraq təşkil edilirdi.
Lalə AZƏRİ