Seçmələr mətnlərin orijinallığı (yazı üslubu, orfoqrafiyası) saxlanılmaqla təqdim edilir. Dövrün mətbu nümunələrinin əldə olunmasında göstərilən köməyə görə Milli Kitabxanaya təşəkkür edirik.

 

60 il əvvəl...

 

Kitabxana işçilərinin respublika müşavirəsi

İyul ayının 22-dən 24-dək Hökumət evinin iclas salonunda kitabxana işçilərinin respublika müşavirəsi keçirilmişdir. Müşavirədə Azərbaycan SSR mədəniyyət naziri M.Qurbanov “Respublikada kitabxana işinin vəziyyəti və kitabxana işçilərinin qarşısında duran vəzifələr haqqında”, nazirliyin mədəni-maarif müəssisələri idarəsinin rəisi T.Cabbarlı “Azərbaycanda biblioqrafiya işinin təşkili və yaxşılaşdırılması tədbirləri haqqında” məruzə etmişlər.

Rayon kitabxanalarının kənd və kolxoz kitabxanalarına köməyi, oxucu sorğularının öyrənilməsi və onların mütaliəsinə rəhbərlik edilməsi, texniki kitabxanaların oxucularına xidmət işinin xüsusiyyətləri, uşaq və məktəb kitabxanalarının politexniki təhsil işinə köməyi və başqa məsələlərə dair metodiki məruzələr dinlənilmiş və Bakı kitabxanalarına ekskursiya təşkil edilmişdir.

“Kommunist” qəzeti,
26 iyul 1958-ci il

 

50 il əvvəl...

 

Festival müvəffəqiyyətlə keçdi

Lenin komsomolunun 50 illiyi münasibətilə Nərimanov rayonunda gənc istedadların festivalı keçirilmişdir.

Festivalda mədəniyyət sarayları və evlərinin, klubların bədii özfəaliyyət kollektivləri çıxış etmişdir. Bakı ət kombinatı klubunun estrada orkestri və xalq çalğı alətləri kollektivi, İnşaatçılar mədəniyyət sarayının xalq çalğı alətləri ansamblı, Bakı dəmiryolu mədəniyyət evinin rəqs kollektivi xüsusilə fərqlənmişdir. Qaliblərə rayon komsomol komitəsinin fəxri fərmanları verilmişdir.

“Ədəbiyyat və incəsənət” qəzeti,
27 iyul 1968-ci il

 

40 il əvvəl...

 

Sənətkarlıq vüsəti

Müasir türk rəssamlarının Bakıda sərgisi açılmışdır. Dövlət Rəsm Qalereyasının salonlarında 43 müəllifin 80-dən artıq əsəri nümayiş olunur. Bu əsərlər sovet tamaşaçısına təkcə türk rəssamlığını deyil, həm də ölkənin orijinal xüsusiyyətləri, xalqın tarixini və xarakterini hiss etməyə imkan yaradır.

Şübhəsiz ki, bu sərgi ölkələrimiz arasında mədəniyyət və incəsənət sahələrində dostluq əlaqələrinin inkişafının nəticələrini əks etdirir. Sərginin cəzbedici cəhəti ən əvvəl bundadır ki, Türkiyənin müxtəlif nəsillərə mənsub rəssamları özlərinin təzə fikirli, zamanla səslənəcək, milli ənənələrlə bağlı əsərləri ilə tamaşaçıların bədii zövqünü oxşamağa səy göstərirlər.

“Bakı” qəzeti,
27 iyul 1978-ci il

Hazırladı: LALƏ