Amerikanın “Billboard” jurnalı ən çox pul qazanan musiqiçilərin növbəti siyahısını dərc edib.

Reytinqdə birinci pillədə irlandiyalı “U2” rok-qrupu yer alıb. Qrupun 2017-ci il üçün qazancı 54,4 milyon dollar olub. Musiqiçilərin gəlirlərinin çox hissəsini “Joshua Tree Tour” qastrol turu çərçivəsində verilən konsertlərdən aldıqları qonorar təşkil edib.

İkinci pillədə kantri-ifaçı Qart Bruks qərarlaşıb. Onun qazancı 52,2 milyon dollar olub. İlk üçlüyü 43,2 milyon dollar qazancla “Metallica” qrupu qapayır.

İlk onluğa həmçinin Bruno Mars (40,7 milyon dollar), Ed Şiran (31,3 milyon), Ledi Qaqa (29,7 milyon), Billi Joel (29,2 milyon), “Guns N Roses” (27,8 milyon) rok qrupu, “Pink Floyd” qrupunun keçmiş üzvü Rocer Uoters (27,2 milyon) və “Coldplay” (26,5 milyon dollar) qrupu daxil olublar.

Demək olar ki, reytinq cədvəlində liderlik edənlərin əksəriyyəti qazanclarının çox hissəsini verdikləri canlı konsertlərdən əldə ediblər. Top 50-də qərarlaşanlardan təkcə reper Dreyk (8,6 milyon dollar) və müğənni Teylor Svift (5 milyon dollar) 2017-ci ildə konsert turu ilə çıxış etməyiblər və qazanclarını əsasən musiqilərinin satışından əldə ediblər.

İLONA