İyulun 25-də Əbu-Dabinin Yas adasında “Warner Bros. World. Abu Dhabi” adlı möhtəşəm park istifadəyə verilib. 1 milyard ABŞ dolları sərmayə yatırılan park Əbu-Dabinin əyləncə kompleksləri sahəsinin lideri olan “Miral” şirkəti ilə “Warner Bros. Entertainment”in tərəfdaşlığının məhsuludur.

Kompleksin altı tematik zonadan ibarət olan 153 min kvadratmetr ərazisində 29 supermüasir attraksion, ailəvi interaktiv lokasiyalar və unikal şoular təqdim edilib.

“Miral” şirkətinin idarə heyətinin başçısı, Məhəmməd Xəlifə əl-Mübarək deyib ki, bu layihə Yas adasını BƏƏ-nin qonaqları üçün daha cəlbedici edəcək.

“Warner Bros. Cinema Spectacular” əyləncəli kino mərkəzində “Warner Bros” filmlərindən ibarət unikal kitabxana da yaradılıb.

Qonaqları maraqlı əyləncələrdən bir dünya təqdim edən yeni parkda altı tematik zona – “DC Metropolis”, “Gotham City”, “Cartoon Junction”, “Bedrock”, “Dynamite Gulch” və “Warner Bros. Plaza” zonaları gözləyir. Onlar sevimli filmlər, komikslər və teleseriallar aləminə səyahət edəcəklər. “Warner Bros”un baş direktoru Kevin Tsyucihara deyib: “Warner Bros” kinostudiyasının dünyada yüksəkkeyfiyyətli əyləncə kontentinin yaradılması və yayılması sahəsində az qala 100 illik təcrübəsi var. Dünya səviyyəli bu kompleks bizim ənənələri böyük vüsətlə davam etdirir. “Warner Bros. World. Abu Dhabi” çox populyar personajlarımızı, sözün həqiqi mənasında, canlandırır və onların pərəstişkarlarına interaktiv əyləncələr aləminə səyahət imkanı yaradır”.