Seçmələr mətnlərin orijinallığı (yazı üslubu, orfoqrafiyası) saxlanılmaqla təqdim edilir. Dövrün mətbu nümunələrinin əldə olunmasında göstərilən köməyə görə Milli Kitabxanaya təşəkkür edirik.
50 il əvvəl...
Yubileyə hazırlaşırlar
Üzeyir Hacıbəyov adına mədəniyyət evində görkəmli şair M.P.Vaqifin anadan olmasının 250 illiyinə ciddi hazırlıq işləri görülür. Dram kollektivi Xalq şairi Səməd Vurğunun “Vaqif” pyesini tamaşaya hazırlamışdır. Həvəskar artistlər əsəri yaxın günlərdə Montin adına mədəniyyət və istirahət parkında göstərəcəklər. Mədəniyyət evinin foyesində M.P.Vaqifin həyat və fəaliyyətini işıqlandıran fotosərgi nümayiş etdirilir.
“Kommunist”,
3 avqust 1968-ci il
Böyük sənətlə görüş...
Luqanskdan məktub
Bu ilin baharında Ukraynada keçirilən Zaqafqaziya respublikalarının incəsənət festivalında Azərbaycan xalqının zəngin incəsənəti ilə görüşlər Luqansk sakinlərinin xatirində silinməz izlər qoyub. Azərbaycan Dövlət Mahnı Teatrının Luqansk zəhmətkeşləri qarşısındakı çıxışı tamaşaçılara sevinc gətirmiş, onları valeh etmişdir.
Mahnılarda və ekranda verilən panoram təsvirlərdə mahnı ilə bərabər Azərbaycan və onun sakinləri haqqında söhbət açılır sanki. Oxuyur Rəşid Behbudov. Onun güclü və ifadəli səsi, misilsiz aktyorluq bacarığı, səhnədə sərbəstliyi dinləyicini heyran qoyur. Müğənni öz ölkəsinin tarixini səsləndirir, xalqın müdrikliyini, həyata məhəbbətini tərənnüm edir. Rafiq Babayevin idarə etdiyi musiqiçilər ansamblı ilhamla çalır. Müxtəlif xalqların mahnılarının xüsusiyyətlərini və ahəngdarlığını aydın büruzə verirlər.
Biz Luqansk tamaşaçıları istedadlı kollektivlə yeni görüşü səbirsizliklə gözləyirik və Rəşid Behbudovun təzə mahnılarını eşitməyə tələsirik.
Vladimir Panteleyev. “Molodoy sovremennik” gənclər klubu direktorunun müavini.
“Ədəbiyyat və incəsənət”,
3 avqust 1968-ci il
Abidələrin ikinci həyatı...
Azərbaycan SSR Mədəniyyət Nazirliyinin xüsusi elmi bərpa emalatxanasının ustaları Bakıda, habelə bir sıra rayonlarda xalqımızın qədim abidələrini bərpa edirlər. Hazırda Şuşadakı qədim qalada bərpa işləri görülür. Orada XVI-XVIII əsrlərin abidəsi Gəncə qapıları yenidən qurulur. Naxçıvanda mavzoley kompleksi və qədim məscid yenidən həyata qaytarılır.
Emalatxananın bir qrup işçisi isə Bakıda Balaxanıdakı karvansarayda və Suraxanıdakı atəşpərəstlər məbədində işləyir. Balaxanıdakı işlər başa çatdırılmaq üzrədir. Bərpaedicilər Qobustana da gedib çıxmışlar. Ustalar üzərində eramızın birinci əsrinə aid yazılar olan nəhəng qayanı mühafizə etmək üçün tədbirlər görürlər.
“Bakı”,
3 avqust 1968-ci il
Hazırladı: LALƏ