Monarxların, bankirlərin, varislərin və oğruların əlindən keçən və hazırda Vaşinqtondakı Smitson İnstitutunun Təbiət Tarixi Muzeyində saxlanılan 45,52 karatlıq nadir “The Hope Diamond”un (“Ümid almazı”) mürəkkəb tarixi var. Lakin bu qiymətli daşın geoloji tarixi daha dərindir.
Bu günlərdə mavi almazları tədqiq edən geoloqların hesabatı dərc olunub. Alimlər 46 mavi almazı, o cümlədən 2016-cı ildə 25 milyon dollara satılan Cənubi Afrika brilyantını laboratoriya şəraitində analiz ediblər. Yerin aşağı mantiya adlanan 660 kilometr dərinliyində formalaşdığı bildirilən bu qiymətli daşların tərkibində nazik mineral təbəqələrinin ləkələri göstərib ki, onlar mədəndə çıxarılan adi almazlardan tamamilə fərqlidir. Almaz təmiz karbonun böyük isti və təzyiq altında kristallaşmasının məhsuludur. Mavi almaz isə su mənbəyi olan minerallardan yaranmaqla minilliklər öncə dəniz florasının bir hissəsi olub. Tədqiqatlar göstərib ki, bu daşlar tektonik təbəqələrin yerdəyişməsi nəticəsində üzə çıxıb.
Geoloji tədqiqatlar zamanı məlum olub ki, qiymətli daşın mavi rəngi onun tərkibindəki bor kimyəvi elementi ilə izah olunur. Bu element milyon illər əvvəl okean sularında dəniz florasının yarandığı qayalarda mövcud olub.
Amerikalı alim İven Smit “Nature” jurnalında dərc etdirdiyi məqaləsində yazıb: “Bu faktlar mavi almazın formalaşmasının tutarlı sübutlarıdır. Tədqiqatlardan öncə biz bu daşın yaranma tarixi haqqında heç nə bilmirdik, amma indi onun okeanın dibindəki hansı qayalarda yarandığını və bor elementindən əmələ gəldiyini müəyyən edə bildik”.
Alim əlavə edib ki, “The Hope Diamond”un bənzəri olan və “2016-cı ildə rekord baha qiymətə - 57,5 milyon dollara satılan “Oppenheimer” mavi almazı yerin ən dərin qatından çıxarılıb.