Böyük Britaniyada “şəkər vergisi”nin qüvvəyə minməsindən sonra Portuqaliyada da duzlu məhsullara vergi tətbiq etmək qərarına gəliblər. “Şəkər vergisi”nin tətbiqində məqsəd uşaqların piylənməsinə qarşı mübarizə aparmaqdır.
Britaniya Xəzinədarlığının hesablamasına görə, istehsalçıların içkilərin tərkibindəki şəkəri azaltması sayəsində birinci il “şəkər vergisi”ndən büdcəyə 240 milyon funt-sterlinq vəsait daxil olacaq.
Portuqaliyada duzlu ərzaq məhsulları üçün tətbiq edilən vergi isə əhalinin sağlamlığı ilə bağlı xərclərin ödənilməsi məqsədi daşıyır. Vergi qanununda edilmiş yeniliyə əsasən, 100 qram məhsulun tərkibində 1 qram və ya daha artıq duz olduqda həmin məhsulun hər kiloqramı üçün 0,8 avro məbləğində vergi tutulacaq.
Yeni vergi ilə bağlı təklif ölkə parlamentinə 2018-ci il üzrə büdcə layihəsi çərçivəsində təqdim olunub.