Azərbaycan incəsənətinin yeni inkişaf mərhələsində müxtəlif janr və üslublara yer verən, rəngarəng tabloları ərsəyə gətirən rəssamlar nəslinin uğurlu yaradıcılıq fəaliyyəti nəzərə çarpır. Müasir təsviri sənətimizdə realist gerçəkliyi özünəməxsus şəkildə ifadə edən, öz mövzu genişliyi, tarixi ənənələrə, milliliyə önəm verməsi ilə seçilən rəssam Vaqif Ucatay (Vaqif Hüseyn oğlu Hüseynov) onlardan biridir.
Tanınmış rəssam 1955-ci ildə Şabran rayonunda dünyaya gəlib. Hələ kiçik yaşlarından doğulduğu evin divarlarında rus klassikləri Repinin, Surikovun, Vasnetsov və başqa rəssamların əsərlərinin reproduksiyalarını görüb. Onun ən sevimli məşğuliyyəti həmin əsərləri saatlarla seyr etmək idi. Bu əsərlər gələcəkdə onun rəssam kimi formalaşmasına təkan verib. Məktəb yaşlarında bu maraq getdikcə artmağa başlayır. O artıq dördüncü sinifdə oxuyarkən rəssam olacağına qəti şəkildə qərar verir... 1978-ci ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirir, 1981-1987-ci illərdə Repin adına Sankt-Peterburq Rəssamlıq Akademiyasında təhsilini davam etdirir.
Rəssam çoxlu sayda rəngkarlıq əsərlərinin, plakatların, qrafik əsərlərin, satirik karikaturaların müəllifidir. Bu əsərləri öz dəst-xəttinə uyğun, hislərini ifadə edərək, düşüncələrini izləyiciyə aşılayaraq təsvir edir. Bütün bunlarla bərabər rəssamın əsas məqsədi həyatı boyunca gördüyü və şahidi olduğu həqiqətləri xalqa çatdırmaqdır. Onun müxtəlif mövzulu yaradıcılığında Vətən sevgisi, müharibə mövzusu, soyqırımı faciələrinin təsviri xüsusi yer tutur. Qarabağ həqiqətlərini, müxtəlif ağır situasiyaları xatırladan əsərlərində hər bir hadisəni açıq-aydın izləyiciyə təqdim edir. Onun əsərlərində müharibənin dəhşətlərini, erməni vəhşiliklərini, insanlara edilən ağlasığmaz işgəncələrin təsirli, realist təsvirini görmək mümkündür. Rəssamın ilk fərdi sərgisi 2007-ci ildə keçirilib, 2009-cu ildə soyqırımı mövzusunda sərgisi təşkil edilib.
Janra və üsluba o qədər önəm verməyən Vaqif Ucatay üçün əsas olan mövzunu geniş, bədii ümumiləşdirmələrlə ifadə etmək, millilik ənənələrini qoruyub saxlamaqdır. Rəssam işlədiyi mövzuların daha da təsirli olması üçün onu özünə doğmalaşdıraraq təsvir edir. Milli mövzularda əsərlər yaradan rəssam yağlı boya texnikasından daha çox istifadə edir. Belə əsərlərdən “Dədə Qorqud”, “Sevda-toy”, hazırda Nizami adına Ədəbiyyat Muzeyində saxlanan “Nizami işığında” adlı tablosunu və s. əsərlərini misal göstərmək olar.
“Dədə Qorqud” tablosuna nəzər yetirək. Tünd-göy çalarlardan, ağ və qızılı rənglərdən istifadə olunan tablonun mərkəzində Dədə Qorqud təsvir olunub. Rəssam obrazı canlandırarkən ulu türk surətini yaratmağa çalışıb. Onun geniş alnı qırışlarla örtülüb, başında ağ və göy rəngli şaman papağı təsvir edilib. Ağ ağıl, idrak, işıqlıq, göy ucalıq, yüksəklik mənalarını daşıyır. Obrazın baxışlarında kəskin inam və qətiyyət var. O, sol əlində qopuz, sağ əlini isə işığa doğru açaraq buludlar arasında təsvir edilib.
“Sevda-toy” tablosunda milli gələnəklərimizi təsvir edən rəssam bu təsiri daha da artırmaq üçün miniatürdən, işıq-kölgə və real oxşarlıqdan da vaz keçməyib. Əsərdə hər biri böyük məna daşıyan 333 fiqur yerləşdirilib.
Qeyd edək ki, Vaqif Ucatayın əsərləri bir sıra kitab və jurnallarda çap olunub. O, 1993-cü ildən etibarən pedaqoq-rəssam kimi fəaliyyət göstərib, FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür. Rəssam bu gün də özünəməxsus yaradıcılıq yolunu və sənət axtarışlarını davam etdirməkdədir.
Ziyarət CABBAROVA
Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı