Azərbaycan

 

28 avqust 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti xalq maarifinin, orta məktəblərin milliləşdirilməsi, ölkənin bütün məktəblərində türk (Azərbaycan) dilinin icbari qaydada tədris olunması barədə qərar qəbul edib.

28 avqust 1935 – Yazıçı Əlibala Qüdrət oğlu Hacızadə (1935 - 9.10.2009) Biləsuvar rayonunun Ağalıkənd kəndində doğulub. “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş”, “Təyyarə kölgəsi”, “Vəfalım mənim”, “Dünyanı tanı”, “Möcüzə” və s. əsərləri geniş oxucu rəğbəti qazanıb.

28 avqust 1948 - Musiqişünas, sənətşünaslıq doktoru, professor Elxan Əlisəttar oğlu Babayev (1948 - 2.2.2003) anadan olub.

28 avqust 1953 – Kinorejissor və ssenarist, Xalq artisti Vaqif Behbud oğlu Mustafayev anadan olub. Filmləri: “Bəyin oğurlanması” (Ceyhun Mirzəyevlə birgə), “Yaramaz”, “Hər şey yaxşılığa doğru” və s. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmlərin müəllifidir.

28 avqust 1965 - Sənətşünaslıq doktoru, professor, AMEA-nın müxbir üzvü  Ərtegin Əbdülvahab oğlu Salamzadə anadan olub. 2010-cu ildən AMEA Memarlıq və İncəsənət İnstitutunun direktorudur.

 

29 avqust 1890 – Şair, qəzəlxan Məhəmmədəli Şəfai (1890- 1967) Bakının Maştağa kəndində anadan olub.

29 avqust 1965 - Görkəmli tarzən, Xalq artisti Qurban Baxşəli oğlu Pirimov (30.10.1880 – 1965) vəfat edib. 1905-ci ildən xanəndə Cabbar Qaryağdıoğlu və kamançaçı Saşa Oqanezaşvili ilə birlikdə yaratdığı muğam üçlüyündə 20 ilə yaxın fəaliyyət göstərib, xarici ölkələrdə konsertlər verib. 1920-ci ildən Opera və Balet Teatrının solisti olub.

29 avqust 1960 - Tanınmış telejurnalist, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Fuad oğlu Mustafayev (1960 - 15.06.1992) anadan olub.

 

29 avqust 2005 – Azərbaycanda İctimai Televiziya və Radio yayıma başlayıb.

 

30 avqust 1935 – Xalq artisti, bəstəkar, tarzən Ağadadaş Hacıbala oğlu Dadaşov anadan olub.

30 avqust 1984 – Xalq artisti Rübabə Muradova (22.3.1933 - 1984) vəfat edib. Dövlət Opera və Balet Teatrının solisti olub. Leyli (“Leyli və Məcnun”), Əsli (“Əsli və Kərəm”, Ü.Hacıbəyli), Şahsənəm (“Aşıq Qərib”, Z.Hacıbəyov) və başqa partiyaları ifa edib. 

30 avqust 1991 – Azərbaycan Ali Soveti “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edib. Sənəddə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı.

 

31 avqust 1863 - Maarifçi, yazıçı-dramaturq Rəşid bəy Əfəndiyev (1863-1942) Şəkidə anadan olub. Azərbaycanda ibtidai təhsil üzrə ilk dərsliklərin – “Uşaq bağçası” (“Əlifba”) və “Bəsirət-ül-ətfal” adlı qiraət kitabının müəllifidir. “Saqqalın kəraməti”, “Qonşu qonşu olsa, kor qız ərə gedər”, “Pul dəlisi” və s. pyeslərin müəllifidir.

31 avqust 1927 – Şair, dramaturq, Əməkdar incəsənət xadimi İsgəndər Coşqun (İsgəndər Məmməd oğlu Hümmətov; 1927 – 10.12.1996) Göyçayda anadan olub. “Gəmidə söhbət”, “Qığılcımlar”, “Nəğmə dolu ürək” və s. kitabların müəllifidir.

31 avqust 1957 – Əməkdar artist Kübra Məmmədağa qızı Dadaşova (1957-2017) Bakıda anadan olub. Gənc Tamaşaçılar Teatrında çalışıb, filmlərə (“Yuxu”, “Cavid ömrü” və s.) çəkilib.  

31 avqust 1968 – Cənubi Azərbaycan yazıçısı, ictimai-siyasi xadim Səməd Behrəngi (24.6.1939 - 1968) vəfat edib.

31 avqust 1993 – Ermənistanın silahlı qüvvələri Azərbaycanın Qubadlı rayonunu işğal edib. Qubadlı rayonu 1933-cü ildə yaradılmış, 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonuna birləşdirilmiş, 1964-cü ildən yenidən ayrıca ərazi-inzibati vahid kimi təşkil olunmuşdur. Ərazisi 802 kvadrat kilometrdir, əhalisi işğal zamanı 31 min nəfər idi.

31 avqust 2000 – Tanınmış şair, publisist Şahmar Əkbərzadə (28.12.1941 - 2000) vəfat edib. “Həsrət qoxlayıram çiçək yerinə”, “Mərkəzi poçtxana”, “48 ölçülü qadın paltarı”, “Tüstümüz”, “Tikan, gəl öpüşək” və s. məşhur şeirlərin müəllifidir. “Mədəniyyət” qəzetinin baş redaktoru (1991-2000) olub.

 

Dünya

 

28 avqust 1867 – İtaliya bəstəkarı Umberto Cordano (Umberto Menotti Maria Giordano; 1867-1948) anadan olub. Operaları: “Andre Şenye”, “Fedora”, “Sibir”, “Madam Sen-Jen” və s.

28 avqust 1749 – Görkəmli alman şairi, yazıçı-dramaturq Yohann Volfqanq Höte (Johann Wolfgang von Goethe; 1749 - 22.3.1832) anadan olub. Əsərləri: “Faust” mənzum tragediyası, “Vilhelm Meysterin təhsil illəri”, “Gənc Verterin iztirabları” romanları, “İfigeniya”, “Torkvato Tasso” dramları və s.

 

28 avqust 1925 – Yəhudi əsilli Rusiya yazıçısı Arkadi Natanoviç Struqaski (1925-1991) anadan olub. Qardaşı Boris Struqaski (1933-2012) ilə birgə yazdıqları fantastik əsərlərlə tanınıb: “Bikini külü”, “Tünd qırmızı buludlar ölkəsi”, “Günorta, XXII əsr”, “Əsrin yırtıcı əşyaları” və s.

 

29 avqust 1632 – İngilis filosofu Con Lokk (John Locke, 1632-1704) anadan olub.

29 avqust 1780 – Fransız rəssamı Jan Ogüst Dominik Enqr (Jean-Auguste-Dominique Ingres, 1780-1867) anadan olub.

29 avqust 1903 – Məşhur rus aktyoru Andrey Fayt (1903-1976) anadan olub. “Ələddinin sehrli çırağı”, “Brilyant əl”, habelə “Azərbaycanfilm”də lentə alınan “Uzaq sahillərdə” (Mazelli), “Bir qalanın sirri” (Göygöz kosa) filmlərində çəkilib.

29 avqust 1915 – İsveç aktrisası, üç dəfə «Oskar» laureatı İngrid Berqman (Ingrid Bergman; 1915-29.8.1982) anadan olub. Filmləri: “Anastasiya”, “Şərq ekspresində qətl”, “Qaz işığı” və s.

29 avqust 1920 – Amerika caz musiqiçisi Çarli Parker (Charlie “Bird” Parker, 1920-1955) anadan olub.

29 avqust 1862 – Belçika yazıçı-dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1911) laureatı Moris Meterlink (Maurice Polydore Marie Bernard Maeterlinck: 1862-1949) anadan olub. Əsərləri: “Göy quş”, “Beatris bacı” pyesləri, “Güllərin idrakı”, “Arıların həyatı” fəlsəfi pritçaları və s.

29 avqust 1958 – Dünya şöhrətli amerikalı müğənni Maykl Cekson (Michael Joseph Jackson; 1958 – 25.6.2009) anadan olub. 15 dəfə “Qremmi” mükafatına layiq görülüb. Dünyada satılan albomlarının tirajına (750 milyondan çox) görə “Ginnesin rekordlar kitabı”na düşüb.

 

30 avqust 1748 – Fransız rəssamı Jak Lui David (Jacques-Louis David, 1748-1825) anadan olub. Məşhur rəsmləri: “Maratın ölümü”, “Horasilərin andı”.

30 avqust 1860 – Rus rəssamı İsaak İliç Levitan (1860-1900) anadan olub. Peyzaj ustası kimi tanınıb. Əsərləri: “Ağcaqayın meşəsi”, “Göl” və s.

30 avqust 1887 – Amerika yazıçısı, fantastik seriallar müəllifi Rey Kamminqs (Raymond King Cummings, 1887-1957) anadan olub.

 

31 avqust 1811 – Fransız yazıçısı Teofil Qotye (Theophile Gautier, 1811-1872) anadan olub. Romanları: “Gənc Fransa”, “Madmazel Mopen” və s.

31 avqust 1897 – Amerika aktyoru, iki dəfə «Oskar» laureatı Frederik Març (Frederick Ernest McIntyre Bickel; 1897-1975) anadan olub. Filmləri: “Doktor Cekil və cənab Hayd”, “Anna Karenina”, “Mayda yeddi gün” və s.

31 avqust 1941 – Rus şairi, yazıçı Marina Svetayeva (8.10.1892 - 1941) vəfat edib. Əsərləri: “Qırmızı at üstündə” (poema), “Mənim Puşkinim”, “Əsir ruh” (nəsr əsərləri) və s.

31 avqust 1949 – İngilis-irland əsilli Amerika aktyoru Riçard Gir (Richard Tiffany Gere) anadan olub. Filmləri: “Ameliya”, “Qaçmış gəlin”, “Birinci cəngavər”, “Gözəlçə”, “Çaqqal” və s.

Hazırladı:  Vüqar ORXAN