Filologiya elmləri doktoru, professor Teymur Əhmədovun “Nəriman Nərimanov” albom-kitabı çapdan çıxıb. Ömrünün təxminən 60 ilini Nəriman Nərimanovun həyat və yaradıcılığının, fəaliyyətinin tədqiqinə həsr edən alimin yeni kitabı maraqlı faktlarla zəngindir.

Nəşrdə Nəriman Nərimanovun həyat və fəaliyyəti, o cümlədən təhsil illəri, Zaqafqaziya müəllimlər qurultayında çıxışı, H.Z.Tağıyevlə arasında olan münaqişə, Bakıda və Həştərxanda apardığı inqilabi mübarizə, 1917-1920-ci illərin hadisələri, Bakıda Şərq xalqlarının birinci qurultayında, 1922-ci ildə Genuya konfransında iştirakı, həmin ilin mayında Zaqafqaziya Federasiyası İttifaq Sovetinin sədri, dekabr ayında isə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin dörd sədrindən biri seçilməsi və s. məqamlar geniş işıqlandırılıb.

Professor T.Əhmədov yazır ki, Nəriman Nərimanov Azərbaycanda Xalq Komissarları Sovetinin sədri işləyən zaman olduqca faydalı işlər görürdü və bu, sovet hökumətinin mənsəbpərəst məmurlarını qıcıqlandırmaya bilməzdi.

Kitabdan aydın olur ki, Nəriman Nərimanov təkcə Azərbaycanın deyil, bütöv Şərqin taleyini düşünən insan, Türk dünyasının böyük təəssübkeşi olub. Təqdim olunan faktlardan birində göstərilir ki, Türkiyə səfiri Məmduh Şövkət bəy 1921-ci il martın 17-də Atatürkün Nərimanova Azərbaycan hökumətindən borc pul istəməsi barədə məktubunu təqdim edib. Nəriman Nərimanov dərhal 1 milyon rubl dəyərində qızıl rubl göndərib və yazıb: “Paşam, qardaş qardaşa borc verməz, əl tutar”.

Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra onun bir çox rəhbərləri amansızcasına məhv edilirdi. Məhəmməd Əmin Rəsulzadə, Səməd bəy Mehmandarov və Əliağa Şıxlinski Nəriman Nərimanovun sayəsində xilas oldular. Nəşrdə Moskvanın Nəriman Nərimanova “rəğbəti” barədə də söhbət açılır. Bunun başlıca səbəbi onunla izah olunur ki, onu yüksək vəzifəyə təyin etməklə, Rusiya rəhbərliyi həm də bütün Şərq xalqlarında bolşevik-kommunist hökumətinə rəğbət oyatmaq istəyirmiş.

Nəşrdə diqqətçəkən məqamlardan biri də Nəriman Nərimanovun ölümü ilə bağlı faktlardır. Tərtibçi oxucuya hökumətin rəsmi məlumatını olduğu kimi təqdim edir: “Dünən martın 19-u, axşam saat 20:30-da SSRİ MİK sədri yoldaş Nəriman Nərimanov ürək partlamasından vaxtsız vəfat etmişdir”. Son dərəcə inandığı sistem onun ürəyini 55 yaşında partlatmışdı. Eyni zamanda kitaba Kalininin bu fikirləri daxil edilib: “Onun şəxsiyyətində Qızıl meydan Şərq xalqından ilk qurbanı qəbul edir”.