Azərbaycan
5 sentyabr 1892 – Məşhur tarzən, pedaqoq, Xalq artisti Əhmədxan Məmmədrza oğlu Bakıxanov (1892 - 26.3.1973) anadan olub. Azərbaycan Televiziyası və Radiosunun Xalq çalğı alətləri ansamblının təşkilatçısı və rəhbəri (hazırda kollektiv onun adını daşıyır) olub. “Azərbaycan ritmik muğamları”, “Muğam, mahnı, rəng” kitablarının müəllifidir.
5 sentyabr 1942 – Yazıçı-dramaturq, şair Ramiq Muxtar (Ramiq Muxtar oğlu Nağıyev) Naxçıvan şəhərində anadan olub. “Üfüqlər qızaranda”, “Əgər sevirsənsə” və s. pyesləri teatrlarda tamaşaya qoyulub.
5 sentyabr 1935 – Xalq artisti, görkəmli aktyor Siyavuş Məmmədağa oğlu Aslan (1935 - 27.6.2013) anadan olub. Musiqili Komediya Teatrında, Akademik Dram Teatrında çalışıb. Teatrda məşhur rolları: Dadaşbala (“Hicran”), Mindilli (“Nişanlı qız”) və s. Televiziya tamaşaları – “Evləri köndələn yar”, “Yaşıl eynəkli adam” və s. Filmləri: “Əhməd haradadır?”, “Ulduz”, “Romeo mənim qonşumdur”, “Yol əhvalatı”, “Yuxu”, “O dünyadan salam” və s.
5 sentyabr 1944 – Şair, dramaturq, Əməkdar incəsənət xadimi Hidayət Xuduş oğlu Orucov Ermənistanın Mehri (Mığrı) rayonunun Maralzəmi kəndində doğulub. İrəvan Dövlət Azərbaycan Dram Teatrına (1968-1984) rəhbərlik edib. Dövlət vəzifələrində çalışıb. 2012-ci ildən ölkəmizin Qırğızıstanda səfiridir. Kitabları: “Zirvə çağırır”, “İrəvanda xal qalmadı”, “Həsrət”, «Burdan min atlı keçdi» və s.
5 sentyabr 2002 – Prezident Heydər Əliyev “Kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
6 sentyabr 1935 – Şair, dramaturq Əvəz Mahmud Lələdağ (Əvəz Cəlal oğlu Mahmudov) Zəngəzur mahalının Ağdü kəndində anadan olub. Kitabları: “Dağlar marala qaldı”, “Ömür payı” və s.
7 sentyabr 1914 – Tanınmış teatrşünas və ədəbiyyatşünas, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Cəfər Haşım oğlu Cəfərov (1914 - 19.9.1973) anadan olub. Yazıçılar İttifaqının məsul katibi, mədəniyyət nazirinin müavini işləyib. “Rejissor sənəti”, “Azərbaycan Dram Teatrı” və s. kitabların müəllifidir.
7 sentyabr 1939 – Şair, tərcüməçi, ssenarist Mənsur Fəxri (Mənsur Fəxri oğlu Vəkilov; 1939-2009) Bakıda anadan olub. “Literaturnı Azerbaydjan” jurnalının baş redaktoru işləyib. Rus dilində yazıb, Azərbaycan şairlərinin əsərlərini ruscaya tərcümə edib.
7 sentyabr 1946 – Əməkdar incəsənət xadimi, professor Gülnaz Abutalıb qızı Abdullazadə anadan olub. Azərbaycan muğamlarının fəlsəfi mahiyyətinə dair tədqiqatların müəllifidir. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektorudur.
7 sentyabr 1961 – Sənətşünaslıq doktoru, professor Fərəh Şirməmməd qızı Əliyeva anadan olub. “Azərbaycan musiqisində üslub axtarışları”, “Musiqi tariximizin səhifələri” və s. kitabların müəllifidir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru (2014-2018) işləyib. Prezident Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdiridir.
Dünya
5 sentyabr 1568 – İtalyan filosofu Tommazo Kampanella (Tommaso Campanella, 1568-1639) anadan olub. Utopik sosializm mövzusunda “Günəş şəhəri” əsərinin müəllifidir.
5 sentyabr 1817 – Rus yazıçısı və dramaturqu Aleksey Konstantinoviç Tolstoy (1817-1875) anadan olub. Əsərləri: “Gümüş knyaz” romanı, “İvan Qroznının ölümü”, “Çar Fyodor İvanoviç”, “Çar Boris” dramatik trilogiyası və s.
5 sentyabr 1912 – Amerika bəstəkarı, avanqard musiqi əsərlərinin müəllifi Con Keyc (John Milton Cage; 1912-1992) anadan olub.
6 sentyabr 1860 – Amerika filosofu və sosioloqu, Nobel sülh mükafatı (1931) laureatı Ceyn Adams (Jane Laura Addams, 1860-1935) anadan olub.
5 sentyabr 1946 – Əslən iranlı olan məşhur Britaniya rok müğənnisi, “Queen” qrupunun lideri Freddi Merkuri (Freddie Mercury - əsl adı Fərrux Balsara; 1946-1991) anadan olub.
6 sentyabr 1928 – Rus bəstəkarı və dirijoru, SSRİ Xalq artisti Yevgeni Svetlanov (1928-2002) anadan olub.
6 sentyabr 2007 – Dünya şöhrətli italyan opera müğənnisi Luçano Pavarotti (Luciano Pavarotti; 12.10.1935 - 2007) vəfat edib.
7 sentyabr 1726 – Fransız bəstəkarı Fransua Andre Filidor (1726-1795) anadan olub. Komik operaları ilə tanınıb, 30-dan çox opera yazıb: “Pinəçi Blez”, “Bağban və onun ağası” və s.
7 sentyabr 1870 – Rus yazıçısı Aleksandr İvanoviç Kuprin (1870-1938) anadan olub. “Molox”, “Sulamif”, “Döyüş”, “Zamanın təkəri”, “Janeta”, “Qranat qolbağı” və s. roman-povestlərin müəllifidir. 1919-1937-ci illərdə mühacirətdə (Paris) yaşayıb, Rusiyaya qayıdaraq orada vəfat edib.
7 sentyabr 1909 – Yunan mənşəli Amerika rejissoru Elia Kazan (Elia Kasancıoğlu, 1909-2003) İstanbulda anadan olub. İki dəfə “Oskar” laureatıdır: “Centlmen razılaşması” (1947) və “Limanda” (1954).
Hazırladı: Vüqar ORXAN