“Üzeyir musiqi günü” ərəfəsində dahi bəstəkardan xatirə-xatırlatma
73 il əvvəl...
Cəsarətlə yaratmalı, məhsuldar işləməli
...Xalq musiqisinin nümunələrini tədqiq edən musiqişünasların əsərləri adətən cansız kapital olaraq alimlərin kabinetlərində yatıb qalır. Bəstəkarlar bu qiymətli əsərləri nə konservatoriyada, nə də buranı bitirdikdən sonra öyrənirlər.
Lakin simfonik əsərlərdə xalq musiqisi dilindən istifadə olunması bu əsərlərə milli məhdudiyyət xarakteri verməməlidir.
Milli incəsənət əsərləri bütün xalqlara aydın, ümumbəşəri olmalıdır. Bu mürəkkəb problemin həllinə dair hər hansı bir resept vermək olmaz. Hər şey bəstəkarın istedadından, həvəsindən və sənətkarlığından asılıdır.
Mən hazırda simfonik orkestr üçün bir neçə əsər – süita, rapsodiya, simfoniya yazmaq qərarına gəlmişəm. Azərbaycanda sovet hakimiyyəti qurulmasının 25 illiyinə həsr olunmuş «Azərbaycan» simfonik poeması üzərində işləyirəm. Bu pastoral əsərin başlıca mövzusu Azərbaycan təbiətinin özünə məxsus gözəlliklərinin tərənnümündən ibarətdir.
Simfonik musiqinin ən yaxşı nümunələrini təbliğ etmək işində filarmoniyamız böyük rol oynamalıdır. Bakıda yaradılmış Dövlət simfonik orkestri bazar ertəsi günləri işləmir (həmin gün M.F.Axundov adına teatrın istirahət günüdür). Ona görə də bazar ertəsi günləri filarmoniya simfonik musiqidən ibarət konsertlər təşkil edə bilər. Mən belə bir qayda qoyulmasını təklif edirəm: hər ay dörd simfonik konsert verilsin. Həmin konsertlərdən biri Avropa klassiklərinin, ikincisi, rus bəstəkarlarının, üçüncüsü, sovet bəstəkarlarının əsərlərindən, dördüncüsü isə milli musiqidən ibarət olsun.
Musiqi mədəniyyətimizin ümumi səviyyəsini yüksəltmək üçün Azərbaycan Bəstəkarları İttifaqı da çox iş görməlidir. İttifaq gənc istedadları birləşdirməli, onların inkişafına kömək etməli, işlərinə istiqamət verməli və nəzarət etməlidir. Təəssüf ki, ittifaqın işində hələ olduqca çox nöqsan vardır. Gürcüstan və Ermənistanın musiqi sənəti Moskvada tez-tez nümayiş etdirildiyi halda, Azərbaycan bəstəkarlarının əsərləri paytaxtda ancaq dekadadan dekadaya ifa olunur. Yaxşı olar ki, dekadada ifa edilən ən yaxşı simfonik əsərlərin partituraları Moskvaya göndərilsin. Bəstəkarlar ittifaqı vaxtaşırı olaraq musiqi sənətinin aktual məsələlərinə həsr edilmiş yaradıcılıq konfransları da keçirməlidir. Bəstəkarların işində həvəs və maraq oyadan ən yaxşı amil onun əsərlərinin ifa edilməsidir. Elə etmək lazımdır ki, ittifaqın tənqidçilər bölməsində bəyənilmiş bütün əsərlər geniş ictimaiyyətin malı olsun, operanın, simfonik orkestrin, radio komitəsinin repertuarına daxil edilsin.
Bizim bəstəkarlarımız özbaşına işləyirlər. Bir çox əsərlər ittifaqın tənqidçilər bölməsindən keçmir. Müəlliflər sifarişləri müstəqil qəbul edib yerinə yetirir. Bu isə repertuarımızın keyfiyyətinə təsir göstərir, çox vaxt repertuara bədii cəhətdən zəif əsərlər daxil edilir. Bunun qarşısını almaq üçün hər həftə yeni əsərlərin dinlənilməsini təşkil etmək, həmin əsərlərin yatıb qalmasına yol verməmək lazımdır. Bu zaman əsərlər müvafiq şəraitdə və onların formasının tələb etdiyi vasitələrlə ifa olunmalıdır. Bizim təkcə simfonik orkestrimiz deyil, həm də kvartetimiz, triomuz, vokalçı solistlərimiz, xalq xoru və orkestrimiz, müxtəlif kiçik ansambllarımız olmalıdır. Göstərilənlərin hamısı təşkil olunmuşdur, lakin bunları möhkəmlətmək lazımdır, onları hər bir dekadadan sonra edildiyi kimi, başlı-başına buraxmaq yaramaz. Azərbaycan SSR XKS-nin İncəsənət İşləri İdarəsi yanında bütün musiqi kollektivlərinin gündəlik işinə nəzarət edən, onların bədii inkişafı uğrunda mübarizə aparan bədii şura yaradılmalıdır.
Azərbaycan musiqi sənətinin parlaq inkişaf perspektivləri vardır. Lakin cəsarətli olmaq, yaxşı oxumaq və məhsuldar işləmək lazımdır.
(Üzeyir Hacıbəylinin 1945-ci ildə “Bakinski raboçi” qəzetində dərc olunmuş məqaləsi)