Azərbaycan

8 sentyabr 1928 – Xalq rəssamı Tofiq Məmmədəli oğlu Ağababayev Bakıda doğulub. Bakı şəhərinin baş rəssamı (1966-1968) olub, Azərbaycan Rəssamlıq Akademiyasının professorudur. Əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, ABŞ-da, Almaniyada, Rusiyada şəxsi qalereyalarda saxlanılır.

8 sentyabr 1949 – Tanınmış teatr xadimi, rejissor Hüseynağa Atakişiyev (1949 -9.4.2006) Bakıda anadan olub. Şəki Dövlət, Akademik Milli Dram teatrlarında baş rejissor işləyib. 1989-cu ildə Gənclər Teatrını (2009-cu ildə Gənc Tamaşaçılar Teatrına birləşdirilib) yaradıb, ömrünün sonunadək bu teatra rəhbərlik edib. “Üzeyir ömrü” (1981) filmində böyük bəstəkarın obrazını yaradıb.

8 sentyabr 1949 – Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İlham Əziz oğlu Rəhimli Yevlax rayonunun Malbinəsi kəndində doğulub. Səhnə sənəti, kino, dramaturgiya və s. sahələrə dair çoxsaylı kitabların, televiziya verilişlərinin müəllifidir. Mədəniyyət və İncəsənət Universitetinin professorudur.

8 sentyabr 1998 – Bakıda tarixi “Böyük İpək Yolu”nun bərpası ilə bağlı Avropa Birliyinin TRACECA (Avropa-Asiya nəqliyyat dəhlizi) layihəsi üzrə beynəlxalq konfrans keçirilib. Konfransda “Bakı bəyannaməsi” qəbul edilib, İpək Yolu təşəbbüslərinin əsası qoyulub.

 

9 sentyabr 1876 – Məşhur xanəndə, Qarabağ muğam ifaçılığı məktəbinin görkəmli nümayəndəsi İslam Əbdül oğlu Abdullayev (1876 - 22.9.1964) Şuşada anadan olub. “Segah” muğamının təkrarsız ifaçısı (Segah İslam) kimi tanınıb.

9 sentyabr 1937 – Əməkdar mədəniyyət işçisi Aybəniz Səməd qızı Vəkilova (1937 - 13.6.2009) anadan olub. Səməd Vurğunun ev-muzeyinin baş mühafizi və direktoru (2006-2009) işləyib.

9 sentyabr 1939 – Xalq artisti, Prezident təqaüdçüsü İrina Aleksandrovna Perlova (1939 - 14.9.2010) anadan olub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (rus bölməsi) quruluşçu rejissor işləyib.

9 sentyabr 1948 – Sənətşünas, memarlıq doktoru, professor Vilayət Hidayət oğlu Kərimov anadan olub.

 

10 sentyabr 1917 – Xalq artisti Firuzə Məmmədqulu qızı Əlixanova (1917 - 24.11.1994) Ordubadda anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb, teatrın ilk aktrisalarından biri olub.

10 sentyabr 1931 – Xalq artisti, tanınmış vokal ifaçısı, aktyor Mobil Salman oğlu Əhmədov (1931 - 3.6.2006) Gəncədə doğulub. 40 ilə yaxın Musiqili Komediya Teatrında çalışıb, tamaşalarda əsas rolları ifa edib.

10 sentyabr 1935 – Şərqşünas, ədəbiyyatşünas Maqsud İbrahim oğlu Hacıyev Quba rayonunun Gümür kəndində anadan olub. İran tarixinə, əfqan ədəbiyyatına dair tədqiqatların müəllifi, tat və fars dili ilə bağlı lüğətlərin tərtibçisidir.

10 sentyabr 1947 – Yazıçı-publisist Mustafa Çəmənli (Mustafa Şura oğlu Mustafayev) Ağdam rayonunun Çəmənli kəndində anadan olub. “İtirilmiş səs” “Səs qərib olmur”, “Muğam dünyasının Xanı”, “Burdan bir atlı keçdi”, “Ruhların üsyanı”, “Xallı gürzə” və s. kitabların müəllifidir.

 

11 sentyabr 1913 – Tanınmış kinorejissor və operator, Xalq artisti Muxtar Dadaşov (1913 - 7.5.1998) anadan olub. Bir sıra sənədli və bədii filmlərin operatoru olub. Quruluş verdiyi filmlər: “Arşın mal alan” (1965, Tofiq Tağızadə ilə birgə), «Qanun naminə», «Bakıda küləklər əsir» və s.

 

Dünya

 

8 sentyabr 1830 – Fransız şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1904) laureatı Frederik Mistral (Frederic Mistral, 1830-1914) anadan olub. Kitabları: “Mireyo”, “Qızıl adalar”, “Zeytun yığımı”.

8 sentyabr 1841 – Görkəmli çex bəstəkarı Antonin Dvorjak (Antonin Leopold Dvorak; 1841-1904) anadan olub. 10 opera (“Su pərisi”, “Armida” və s.), 9 simfoniya, 5 simfonik poema və başqa əsərlərin müəllifidir.

8 sentyabr 1923 – Dağıstanın Xalq şairi Rəsul Həmzətov (1923 - 3.11.2003) Xunzay rayonunun Tsada kəndində anadan olub. Milliyyətcə avardır. Kitabları: “Dostları qoruyun”, “Mənim Dağıstanım” və s. Şeirlərinə populyar mahnılar bəstələnib. Sosialist Əməyi Qəhrəmanı adına, Lenin mükafatına layiq görülüb.

8 sentyabr 1925 – İngilis aktyoru Piter Sellers (Peter Sellers - Richard Henry Sellers, 1925-1980) anadan olub. Filmləri: “Çəhrayı pantera”, “Royal” kazinosu”, “Lolita” (1962, rej. Stenli Kubrik).

8 sentyabr 1937 – Tanınmış türk aktyoru Cüneyt Arkın (əsl adı Fahrettin Cüreklibatur) Əskişəhərdə doğulub. 300-dək filmdə çəkilib: “Qürbət quşları”, “Hərəmxanada dörd qadın”, ”İntiqam atəşi”, “Dodaqdan qəlbə”, “Arım, balım, pətəyim” və s.

 

9 sentyabr 1583 – İtalyan bəstəkarı, fuqa musiqi alətinin yaradıcılarından biri Cirolamo Freskobaldi (Girolamo Frescobaldi, 1583-1643) anadan olub.

9 sentyabr 1769 – Ukrayna ədəbiyyatının banilərindən biri, şair və yazıçı İvan Kotlyarovski (1769-1838) anadan olub. Əsərləri: “Üzü köçürülmüş Eneida”, “Natalka Poltavka” və s.

9 sentyabr 1828 – Dünya şöhrətli rus yazıçısı və mütəfəkkiri Lev Nikolayeviç Tolstoy (1828 - 20.11.1910) Tula quberniyasının Yasnaya Polyana kəndində doğulub. Əsərləri: “Ailə xoşbəxtliyi”, “Hərb və sülh”, “Anna Karenina”, “Dirilmə” (romanlar), “Kreyser sonatası”, “Kazaklar”, “Hacı Murad” (povestlər), “Zülmətin hakimiyyəti”, “Canlı meyit” (pyeslər) və s.

9 sentyabr 1908 – İtalyan yazıçısı Çezare Paveze (Cesare Pavese, 1908-1950) anadan olub. “Yoldaş”, “Xoruz banlamayınca”, “Gözəl yay”, “Ay və tonqallar” və s. romanların müəllifidir.

9 sentyabr 1930 – Rusiyanın Xalq artisti Nadejda Rumyanseva (1930-2008) anadan olub. Filmləri: “Qızlar”, “Yanacaqdoldurma stansiyasının kraliçası”, “Balzaminovun evlənməsi” və s.

 

10 sentyabr 1839 – Amerika filosofu, praqmatizm və semiotikanın banilərindən biri Çarlz Sanders Pirs (Charles Sanders Peirce, 1839-1914) anadan olub.

10 sentyabr 1872 – Rus yazıçısı, etnoqraf, səyyah, Uzaq Şərqin tədqiqatçısı Vladimir Arsenyev (1872-1930) anadan olub. Əsərləri: “Dersu Uzala”, “Tayqanın ortasında”, “Vulkanın kraterində” və s.

10 sentyabr 1912 – Məşhur Danimarka karikaturaçısı Herluf Bidstrup (Herluf Bidstrup; 1912-1988) anadan olub.

10 sentyabr 1914 – Amerika kinorejissoru Robert Uayz (Robert Wise; 1914-2005) anadan olub. İki dəfə «Oskar» laureatıdır: “Vestsayd əhvalatı”, “Musiqi səsləri”.

10 sentyabr 1934 – Türk mənşəli (Krım tatarı) Ukrayna bəstəkarı Alemdar Karamanov (1934-2007) anadan olub. Əsərləri: “Ay dənizi” simfoniyası, “Məhəbbətdən güclü” baleti və s.

10 sentyabr 1955 - Rusiyanın Xalq artisti, estrada müğənnisi Larisa Dolina (Kudelman) Bakıda doğulub.

 

11 sentyabr 1524 – Fransız şairi Pyer de Ronsar (Pierre de Ronsard; 1524-1585) anadan olub. Əsərləri: “Odalar”, “Himnlər” və s.

11 sentyabr 1862 – Amerika yazıçısı, novella janrının ustası O` Henri (O` Henry - William Sydney Porter; 1862-1910) anadan olub. Əsərləri: “Dörd milyon”, “Yanan lampa”, “Taleyin yolları” hekayələr toplusu, “Krallar və kələm” romanı və s.

11 sentyabr 1865 – Latviya şairi və dramaturqu Yan Raynis (əsl soyadı Pliekşans; 1865-1929) anadan olub. Kitabları: “Tufan səpini”, “Son və başlanğıc”, “Evə”.

11 sentyabr 1894 – Ukrayna kinorejissoru, SSRİ Xalq artisti Aleksandr Dovjenko (1894-1956) anadan olub. Filmləri: “Arsenal”, “Torpaq”, “Aeroqrad”, “Miçurin” və s.

11 sentyabr 1885 – İngilis yazıçısı David Herbert Lourens (David Herbert Lawrence; 1885-1930) anadan olub. Psixoloji romanları ilə məşhurlaşıb: “Göy qurşağı”, “Vurğun qadınlar”, “İtkin qız”, “Ledi Çatterleyin məşuqu”.

11 sentyabr 1903 – Alman filosofu və musiqişünası Teodor Adorno (Theodor Ludwig Wiesengrund-Adorno, 1903-1969) anadan olub.

11 sentyabr 1914 – Görkəmli türk maarifçisi, naşir və mütəfəkkir İsmayıl Qaspralı (Gasprinski; 8.3.1851 - 1914) vəfat edib. Krımda, Baxçasaray yaxınlığındakı Avcıköy kəndində doğulub. Uzun illər türk dünyasının maariflənməsində rol oynamış “Tərcüman” qəzetinin naşiri olub.

11 sentyabr 1937 – Rusiya müğənnisi, SSRİ Xalq artisti İosif Davıdoviç Kobzon (1937-2018) anadan olub.

Hazırladı:  Vüqar ORXAN