“Qızıl şir” yenə Meksikaya getdi

Avqustun 29-da İtaliyanın Lido adasında start götürən 75-ci Venesiya Film Festivalına sentyabrın 8-də yekun vurulub.

Avropanın (və ümumilikdə dünyanın)  üç ən nüfuzlu kino müsabiqəsi sırasına (Kann və Berlin festivalı ilə yanaşı) daxil olan Venesiya festivalında münsiflər heyətinə meksikalı rejissor Gilyermo del Toro rəhbərlik edib. O, keçən il “Suyun forması” filminə görə festivalın “Qızıl şir” mükafatına layiq görülmüşdü.

Bu dəfə isə festivalın baş mükafatı onun həmyerlisinə qismət olub. “Qızıl şir” meksikalı rejissor Alfonso Kuaronun «Roma» filminə verilib.

Festivalın müsabiqə proqramında ikinci ən önəmli təltif sayılan Qran-pri mükafatına yunan rejissoru Yorqos Lantimosun “Favorit” filmi layiq görülüb.

“Ən yaxşı rejissor” nominasiyasında fransız Jak Odiar qalib olub. “Ən yaxşı kişi rolu” mükafatına Uillem Defo (Julian Şnabel “Van Qoq”), “Ən yaxşı aktrisa” adına isə Oliviya Koulman (“Favorit”) layiq görülüb.

“Ən yaxşı ssenari” nominasiyasında - Djoel və İtan Koen qardaşları (“Baster Skraqqs balladası“) fərqləniblər. Münsiflər heyətinin xüsusi mükafatına Jenifer Kentin “Bülbül” filmi layiq görülüb.

Festivalın əsas müsabiqə proqramı ilə yanaşı ənənəvi “Horizontlar” proqramında da mükafatlar təqdim edilib. Bu bölmədə rusiyalı aktrisa Natalya Kudryaşova (“Hamını heyran edən adam” filmi) və Qazaxıstan rejissoru Əmir Bayqazin (“Çay” filminə görə) mükafatlandırılıb.

İLONA