Moda həftəsində həmyerlimizin kolleksiyası nümayiş olunub

Azərbaycanlı dizayner Rüfət İsmayıl Nyu-York Moda həftəsi çərçivəsində “Power of Fire” (“Alovun gücü”) adlı yeni kolleksiyasını təqdim edib.

Moda həftəsi ərzində dünya şöhrətli dizaynerlərin kolleksiyaları “Spring Studio” və Nyu-Yorkun digər moda məkanlarında nümayiş etdirilir. Ralf Loren, Oskar de la Renta, Vivyen Vestvud kimi dizaynerlərin kolleksiyalarının nümayişi də Rüfət İsmayılla bir gündə (7 sentyabr) keçirilib.

“Power of Fire” 2019-cu ilin yaz-yay mövsümü kolleksiyasıdır. Yarımqiymətli daşlarla və mürəkkəb tikmə ilə işlənmiş kolleksiyaya 30 paltar daxildir. Onların ərsəyə gəlməsində təqribən 40 nəfər çalışıb.

Rüfət İsmayılın “Afffair” brendinin defilesinin rəsmi olaraq Nyu-York Moda həftəsinin cədvəlinə daxil edilməsi Azərbaycanın moda tarixində bir ilkdir. Onun əsas modeli qismində azərbaycanlı model Günay Musayeva çıxış edib.

Nyu-York Moda həftəsi London, Paris və Milan moda həftələri ilə birlikdə “Böyük dörd” adlanan və dünyanın dörd ən əsas moda nümayişindən biridir. İldə iki dəfə keçirilir: fevralda payız-qış, sentyabrda isə yaz-yay trendləri nümayiş etdirilir. Rüfət İsmayıl son illər Türkiyədə yaşayır və işləyir. 2012-ci ildə o, “Afffair” moda brendinin əsasını qoyub. Dizaynerin kolleksiyaları İtaliya, İran, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdə müvəffəqiyyətlə nümayiş etdirilib. Dizayn etdiyi kostyumlara görə, o, “Türkiyənin ən yaxşı dizayneri” adına və Fashion TV tərəfindən “Avropada 2018-ci ilin ən yaxşı dizayneri” adına layiq görülüb.