Azərbaycan

15 sentyabr Azərbaycanda Bilik günüdür. Prezident İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə ölkə ərazisində bütün təhsil müəssisələrində yeni dərs ilinin sentyabrın 15-dən başlanması qərara alınıb, 15 sentyabr Bilik günü elan edilib.

 

15 sentyabr 1905 – Azərbaycanda kukla teatrının yaradıcısı, aktyor, rejissor Molla Ağa Bəbirli (1905-1970) anadan olub. “O olmasın, bu olsun” (Məşədi Qəzənfər), “Bir məhəllədən iki nəfər”, “Sehrli xalat” filmlərində çəkilib.

15 sentyabr 1918 – Nuru paşanın komandanlığı altında Azərbaycan-türk (Osmanlı) hərbçilərindən ibarət Qafqaz İslam Ordusu Bakı şəhərini “Sentrokaspi diktaturası” hökuməti və daşnak tör-töküntülərindən azad edib. Şəhər 1918-ci ilin aprel-iyul aylarında S.Şaumyanın başçılıq etdiyi “Bakı Kommunası”nın, avqustun 1-dən isə ingilislərin dəstəyi ilə qurulmuş eser-menşevik-daşnak “Sentrokaspi” hökumətinin nəzarətində idi. Bakının azad edilməsi Azərbaycanın istiqlal tarixinin şanlı səhifəsidir. Bundan sonra milli hökumət Gəncədən Bakıya köçdü və Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı oldu.

15 sentyabr 1918 – Gəncədə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi dövlət qəzeti, Cümhuriyyət Parlamentinin orqanı olan «Azərbaycan» qəzetinin ilk sayı çapdan çıxıb.

15 sentyabr 1943 – Xalq artisti, rejissor, ssenarist Xamis Bəkir oğlu Muradov Qax rayonunda doğulub. «Azərbaycanfilm» kinostudiyasının direktoru (2002-2011) olub. Sənədli filmlərin rejissoru, ssenari müəllifidir.

15 sentyabr 1959 – Müğənni, Xalq artisti Brilliant Süleyman qızı Dadaşova anadan olub.

15 sentyabr 2007 – Xalq rəssamı Elbəy Mirzə Həsən oğlu Rzaquliyev (17.6.1926 - 2007) vəfat edib. Əsərləri dünyanın bir sıra ölkələrində sərgilənib. “Qara daşlar”, “Telefonçu qız”, “Arşın mal alan” (1965), “Gün keçdi”, “Arxadan vurulan zərbə” və s. filmlərin rəssamı olub.

 

16 sentyabr 1790 – Məşhur coğrafiyaşünas alim, səyyah Hacı Zeynalabdin Şirvani (1790-1837) anadan olub.

16 sentyabr 1934 – Əməkdar incəsənət xadimi, tanınmış pianoçu, professor Elmira Yusif qızı Səfərova (1934-1997) Bakıda anadan olub.

16 sentyabr 1909 – Azərbaycanın ilk kinoaktrisalarından olan İzzət Mirzəağa qızı Orucova (1909 – 22.4.1983) Bakıda doğulub. “Sevil” (1929), “Almaz” (1936) filmlərində baş rollarda çəkilib. Sonralar tanınmış kimyaçı alim, elmlər doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki olub.

16 sentyabr 1940 – Xalq artisti, televiziya rejissoru Vasif Babayev anadan olub. 40-a yaxın sənədli filmin müəllifidir: «Odlar torpağı», «Qızılgüllər diyarı», «Sovet Azərbaycanı», «İçərişəhərin əbədi nağılı» və s.

16 sentyabr 1992 – “Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında” Prezident fərmanı verilib.

 

17 sentyabr 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti üç ay fəaliyyət göstərdiyi Gəncədən Bakıya köçüb. Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Nazirlər Şurası Bakıda verdiyi ilk bəyanatda Xalq Cümhuriyyəti hökumətinin milli, dini ayrı-seçkilik qoymadan ölkənin bütün əhalisinin hüquqlarını qoruyacağını bəyan edib.

17 sentyabr 1956 – Rəssam Müslüm Ömər oğlu Eldarov (1956-2003) Bakıda doğulub. Bakı İncəsənət Mərkəzinin (“Yeni Gallery”) yaradıcılarından biri olub.

17 sentyabr 1988 – Dağlıq Qarabağın inzibati mərkəzi olan Xankəndi şəhərində  erməni dəstələrinin azərbaycanlı əhalinin evlərinə kütləvi basqınları başlayıb. Şəhərin azərbaycanlı məhəlləsində onlarla ev yandırılıb, partlayış və qırğınlar törədilib.

 

18 sentyabr 1885 – Dahi bəstəkar, dramaturq, publisist, pedaqoq, Xalq artisti, akademik Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli (1885 - 23.11.1948) anadan olub. Azərbaycan professional musiqisinin banisi, müsəlman Şərqində ilk operanın (“Leyli və Məcnun”, 1908), ilk musiqili komediyanın (“Ər və arvad”, 1910) yaradıcısıdır. “O olmasın, bu olsun”, “Arşın mal alan” operettalarının, “Əsli və Kərəm”, “Koroğlu” operalarının, Azərbaycanın Dövlət himninin, digər musiqi əsərlərinin müəllifidir. Böyük bəstəkarın doğum günü Azərbaycanda Milli musiqi günü  (“Üzeyir musiqi günü”) kimi qeyd olunur.

18 sentyabr 1885 – Bəstəkar və dirijor, Əməkdar incəsənət xadimi Müslüm (Əbdülmüslüm) Məhəmməd oğlu Maqomayev (1885 – 28.7.1937) anadan olub. Azərbaycan professional musiqi sənətinin inkişafına mühüm töhfələr verib. «Şah İsmayıl», “Nərgiz” operalarının, simfonik və vokal əsərlərinin müəllifidir. Opera Teatrının rəhbəri və dirijoru, Azərbaycan Radiosunun musiqi şöbəsinin rəhbəri olub, “Radio marşı”nı yazıb.

18 sentyabr 1978 – Görkəmli aktyor, rejissor, Azərbaycanın və SSRİ-nin Xalq artisti Adil Rza oğlu İsgəndərov (5.5.1910 - 1978) vəfat edib. Milli Dram Teatrının baş rejissoru, “Azərbaycanfilm”in direktoru işləyib, “Uzaq sahillərdə”, “Qanun naminə”, “Dərviş Parisi partladır”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. “Əhməd haradadır?” filminə quruluş verib.

18 sentyabr 1994 – Bakıda böyük dirijor və bəstəkar, SSRİ Xalq artisti Niyazinin (Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə) xatirə muzeyi açılıb.

18 sentyabr 1988 – XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Məhəmmədhüseyn Şəhriyar (1905-1988) vəfat edib. Təbriz yaxınlığındakı Xoşnigab kəndində doğulub. Azərbaycan və fars dillərində yazıb. İlk kitabı 1931-ci ildə nəşr olunub. Sonralar şairin dördcildlik divanı, iki hissədən ibarət “Heydərbabaya salam” poeması, “Türkcə divan” toplusu, digər əsərləri çapdan çıxıb.

 

Dünya

 

15 sentyabr 1613 – Fransız yazıçısı Fransua de Laroşfuko (François de La Rochefoucauld; 1613-1680) anadan olub. “Əxlaq qaydaları” əsəri ilə tanınır.

15 sentyabr 1914 – Türk yazıçısı Orxan Kamal (Mehmet Raşit Öğütçü; 1914 – 2.6.1970) Adananın Ceyhan qəsəbəsində doğulub. “Baba evi”, “Cəmilə”, “Yad qızı”, “Xanımın ciftliyi”, “Qürbət quşları” kimi romanları, “Çörək davası”, “Arxa küçə”, “İşsiz” və s. hekayələri yazıçıya geniş oxucu rəğbəti qazandırıb.

15 sentyabr 1789 – Amerika yazıçısı Ceyms Fenimor Kuper (James Fenimore Cooper; 1789 - 14.9.1851) anadan olub. Tarixi və macəra romanlarının müəllifidir: “Casus”, “Dəniz qulduru”, “Losman”, “Sonuncu mogikan”, “Ləpirçi” və s.

15 sentyabr 1890 – İngilis yazıçısı, detektiv əsərlərin müəllifi Aqata Kristi (Agatha Mary Clarissa; 1890 – 12.1.1976) anadan olub. Əsərləri: “Rocer Ekroydun qətli”, “Yarımçıq portret”, “Şərq ekspressində qətl”, “Nildə ölüm”, “Qəhvəyi kostyumlu adam”, “Parıldayan sianid” və s. Xəfiyyə Puaro yazıçının 30-dan çox romanının qəhrəmanıdır.

15 sentyabr 1894 – Fransız kinorejissoru, «Oskar» laureatı Jan Renaur (1894-1979) anadan olub. Filmləri: “Böyük illüziya”, “Marselyoza”, “Fransız kankanı” və s.

15 sentyabr 1925 – Rus aktyoru, SSRİ Xalq artisti Kirill Lavrov (1925-2007) anadan olub. Filmləri: “Dirilər və ölülər”, “Karamazov qardaşları”, “Odun ram edilməsi” və s.

15 sentyabr 1946 – Amerika kinorejissoru Oliver Stoun (William Oliver Stone) anadan olub. “Gecəyarısı ekspresi” (ssenari), “Vzvod”, “Dörd iyulda doğulan” (rejissor) filmlərinə görə “Oskar” mükafatı qazanıb. “Con F.Kennedi. Dallasda atəşlər”, “Nikson” və s. siyasi kinolentlərin müəllifidir.  

 

16 sentyabr 1462 – İtalyan filosofu Pyetro Pomponassi (Pietro Pomponazzi, 1462-1525) anadan olub.

16 sentyabr 1888 – Finlandiya yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1939) laureatı Frans Emil Sillanpyya (Frans Eemil Sillanpaa, 1888-1964) anadan olub. Əsərləri: “Həyat və günəş”, “Adamlar yay gecəsində”, “Cavanlığında vəfat etmiş”.

16 sentyabr 1893 – Macar əsilli ingilis kinorejissoru Aleksandr Korda (Alexander Korda - Sandor Laszlo Kellner, 1893-1956) anadan olub.

16 sentyabr 1924 – Amerika aktrisası Loren Bekoll (Lauren Bacall - Betty Joan Weinstein Perske; 1924 - 12.8.2014) anadan olub. Filmləri: “Milyonçuya necə ərə getməli”, “Şərq ekspressində qətl” və s. Fəxri “Oskar” mükafatı (2009) laureatıdır.

 

17 sentyabr 1908 – Amerika yazıçısı, detektiv romanlar müəllifi Con Krizi (John Creasey, 1908-1973) anadan olub.

17 sentyabr 1931 – İtalyan əsilli Amerika aktrisası, “Oskar” laureatı Enn Benkroft (Anne Bancroft - Anna Maria Louisa Italiano; 1931-2005) anadan olub. Filmləri: “Məzun”, ”Nazaretli İsa”, “Əsgər Ceyn” və s.

17 sentyabr 1939 – Rusiyanın Xalq artisti Vladimir Menşov Bakıda doğulub. Filmləri: “Moskva göz yaşlarına inanmır” (“Oskar” mükafatı, 1981), “Məhəbbət və göyərçinlər”(hər ikisində rejissor və aktyor) və s.

 

18 sentyabr 1905 – Dünya şöhrətli İsveç və Amerika kinoaktrisası, fəxri “Oskar” mükafatı laureatı Qreta Qarbo (Greta Garbo - Greta Lovisa Gustafsson; 1905-1990) anadan olub. Filmləri: “Qrand-hotel”, “Mata Xari”, “Anna Karenina” və s.

18 sentyabr 1961 – Fransız yazıçısı Bernard Verber (Bernard Werber) anadan olub.

Hazırladı:  Vüqar ORXAN