Bolqarıstanın Varna şəhərinin İncəsənət Qalereyasında Azərbaycan səfirliyinin təşəbbüsü və şəhər bələdiyyəsinin dəstəyi ilə “Bakı – qədimlik və müasirliyin harmoniyası” və “Qədim Qafqaz Albaniyasının irsi: Azərbaycanda multikulturalizm ənənələri” adlı fotosərgilər təşkil olunub.
Sərginin açılışında çıxış edən səfir Nərgiz Qurbanova bu sərgilərin Azərbaycanın ikinci böyük şəhəri Gəncə ilə qardaşlaşmış Varna şəhərində açılmasının rəmzi məna daşıdığını bildirib və ötən il şəhərin Gəncədən ”Avropa Gənclər Paytaxtı”nın açarını aldığını xatırladıb.
Diplomat “Bakı – qədimlik və müasirliyin harmoniyası” sərgisinin qədim tarix və zəngin mədəniyyətə malik paytaxtımızın cazibədarlığını görməyə imkan yaratdığını söyləyib. Səfir Bakının özünəməxsus obrazının ötən əsrin əvvəlində “neft bumu” dövründə Avropa və Şərq mədəniyyətlərini birləşdirən unikal sintezin irsi olduğunu söyləyib, həmin dövrə aid tikililərin hələ də öz gözəllikləri ilə bir-biriylə rəqabət apardığını qeyd edib.
Varna şəhəri merinin müavini K.Bazitov çıxış edərək Varna şəhərinin Azərbaycanla bağlı belə bir sərgiyə ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib, bu kimi tədbirlərin iki xalq arasında mədəni əlaqələrin daha da güclənməsinə təkan verəcəyini bildirib.
Qeyd edək ki, bu il Varna Beynəlxalq film festivalı çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 və Azərbaycan kino tarixinin 120 illik yubileyləri ilə əlaqədar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın icraçı prodüseri olduğu “Əli və Nino” filmi nümayiş olunmuşdu. Gecədə “Əli və Nino” filmi barədə məlumat verilib, ekran əsərində Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsi fonunda iki gəncin məhəbbət hekayəsindən bəhs edildiyi vurğulanıb. Sonra film nümayiş olunub.