Həştərxanda keçirilən IV Xəzər Media Forumundan qısa təəssürat

Xəbər verdiyimiz kimi, Rusiya Federasiyasının Həştərxan şəhərində IV Xəzər Media Forumu keçirilib. 2015-ci ildə əsası qoyulan forum, əslində, media ünsiyyəti formatından çıxaraq beş sahilyanı ölkənin (Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran) çoxsahəli əməkdaşlığını ehtiva edən geniş platformaya çevrilib. Həştərxan Vilayəti Hökumətinin, “Xəzər Redaksiyası” Assosiasiyasının təşkilatçılığı, RF Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin dəstəyi ilə keçirilən forumda iştirakçı heyətlərin tərkibi də bunu təsdiq edirdi.

Azərbaycandan gedən heyətə Prezident Administrasiyasının, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Turizm Agentliyinin, paytaxtın Nərimanov rayonu İcra Hakimiyyətinin məsul şəxsləri, bir sıra kütləvi informasiya vasitələrinin təmsilçiləri, o cümlədən Mədəniyyət Nazirliyinin “Mədəniyyət” qəzetinin baş redaktoru – bu sətirlərin müəllifi, həmçinin ekspertlər, tələbələr – təxminən 40 nəfər daxil idi. Forumun əsas iş günü sentyabrın 19-u olsa da, ondan öncə və sonra çoxsaylı tədbirlər təşkil edilmişdi.

Forumun açılışından öncə Azərbaycan nümayəndə heyəti Həştərxan şəhərinin gözəl guşələrindən olan Heydər Əliyev adına parkda ulu öndərin abidəsinin ziyarət etdi. Mərasimdə vilayətin beynəlxalq və xarici əlaqələr naziri Denis Afanasyev də iştirak edirdi. Onu da qeyd edək ki, Həştərxan şəhərində Azərbaycan-Rusiya dostluğunun nümunəsi olan bir çox belə məkanlar, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr var və bu barədə növbəti yazıda söhbət açacağıq.

 

Mehriban qonşuluq üçün mühüm təməl

 

Həştərxan Dövlət Opera və Balet Teatrında keçirilən forumda sahilyanı ölkələrin media əlaqələri, kommunikasiya, ekologiya, turizm, mədəniyyət sahəsində əməkdaşlıq məsələləri və bunların mediada əksi müzakirə mövzusu idi. Teatrın foyesində bu layihənin tarixindən bəhs edən “Xəzər Media Forumu: 2015-2017” sərgisi təşkil olunmuşdu.

Rusiya Federasiyasının rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Aleksey Volinin moderatorluğu ilə keçirilən plenar iclasda Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin giriş nitqi söylədi. Qubernator vurğuladı ki, dördüncü dəfə təşkil olunan Xəzər Media Forumu beynəlxalq ünsiyyət baxımından uğurlu platformadır və region ölkələri ilə əlaqələri inkişaf etdirməyə kömək edir. Diqqətə çatdırıldı ki, budəfəki forumda Xəzər “beşliyi” ilə yanaşı, ilk dəfə müşahidəçi qismində Özbəkistan nümayəndə heyəti də iştirak edir.

Rusiya Prezidentinin xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov çıxışında forumun Xəzərin hüquqi statusuna dair Konvensiyanın qəbul edilməsindən (12 avqust, Aktau) sonraya təsadüf etməsini əlamətdar hal kimi dəyərləndirdi, 20 ilə yaxın davam edən danışıqların nəticəsi olaraq ərsəyə gələn bu mühüm sənədin Xəzər regionunda çoxsahəli tərəfdaşlıq üçün yeni imkanlar açdığını vurğuladı.

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkəmizin nümayəndə heyəti adından forum  iştirakçılarını salamladı. O, keçən forumun Həştərxan quberniyasının 300 illiyinə təsadüf etdiyini xatırladaraq builki görüşün də Xəzəryanı ölkələrin mehriban qonşuluq münasibətlərini gücləndirmək əzmini nümayiş etdirən hadisələrlə zəngin olduğunu vurğuladı, bu sırada Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanmasını xüsusilə qeyd etdi: “Konvensiya Xəzəryanı ölkələrin gələcək qarşılıqlı fəaliyyəti üçün yeni sənəd olmaqla, dövlət başçılarımızın müdrikliyinin təcəssümüdür”.

Daha sonra İran İslam Respublikası adından bu ölkənin Həştərxandakı baş konsulu, eləcə də Qazaxıstan və Türkmənistan nümayəndələri çıxış etdilər.

Plenar iclasdan sonra forumda “Xəzər – gələcəyin ərazisi”, “Gələcəyin mediası üçün tədris texnologiyaları”, “Xəzər əməkdaşlığı yeni mərhələdə” mövzularında diskussiya panelləri keçirildi. Tədbir çərçivəsində “Xəzər: beynəlxalq hüquqi sənədlər” kitabının təqdimatı da oldu.

Həmçinin sahilyanı ölkələrin media (çap və elektron KİV, teleradio) nümayəndələrinin qatıldığı ənənəvi “Sərhədsiz Xəzər” müsabiqəsinin növbəti laureatları elan edildi. Təltif olunanlar arasında ölkəmizin təmsilçiləri də vardı. “Xəzər ölkələrini kəşf edərkən” nominasiyasında “Kaspiy” qəzetinin əməkdaşı Qaliyə Əliyeva birinci yerə, “İnsan və dəniz” nominasiyasında ARB telekanalının əməkdaşı, rejissor Yeganə Əbdülməmmədova ikinci yerə, “Yeni baxış” nominasiyasında “Bakinski raboçi” qəzetinin müxbiri Rauf Nəsirov üçüncü yerə layiq görüldülər.

 

Öncə yol, sonra səmərəli tərəfdaşlıq

 

Panel toplantılarında Xəzəryanı ölkələrin təhlükəsizlikdən humanitar sahəyə, təhsil və mədəniyyətdən turizmədək əməkdaşlığının geniş spektri nəzərdən keçirilsə də, müzakirələr enində-sonunda yol problemi üzərində kəsişirdi. Həqiqətən də, beş sahilyanı ölkənin qarşılıqlı səmərəli əməkdaşlığı üçün başlıca maneə əlverişli nəqliyyat infrastrukturunun, xüsusilə sahil perimetri boyunca müasir avtomobil yolunun olmamasıdır. Azərbaycan nümayəndə heyətinin foruma avtobusla gedən bir qrupu xüsusilə Dağıstandan Həştərxanadək olan məsafədə, Kalmıkiya çöllərində bunun bilavasitə şahidi oldu. Eyni problemi Qazaxıstandan quru yolla Həştərxana gələn nümayəndələr də dilə gətirdilər. Dəniz nəqliyyatı, əslində, beş ölkənin əməkdaşlığı üçün ən sərfəli vasitə olsa da, yük daşımalarından fərqli olaraq, dənizdə sərnişin nəqliyyatı demək olar ki, fəaliyyət göstərmir. Dəmir yoluna gəlincə, Bakıdan Xəzərin şimalına həftədə bir-iki reys var. Qalır təyyarə ilə Moskvaya uçub, sonra min kilometri geri (Həştərxana) qayıtmaq ki, bunun nə qədər baha başa gəldiyi aydındır.

Toplantılarda o da xüsusilə vurğulandı ki, müasir nəqliyyat infrastrukturu təkcə turizm, iqtisadi münasibətlər baxımından deyil, həm də sırf insani əlaqələrin təşviqi, xalqların bir-birini daha yaxından tanıması, o cümlədən incəsənət, folklor kollektivlərinin mütəmadi qarşılıqlı səfərləri – bir sözlə, mədəni əməkdaşlıq mühitinin genişləndirilməsi üçün başlıca zəmindir. Bu baxımdan növbəti, beşinci foruma sahilyanı incəsənət nümayəndələrinin də dəvət edilməsi, forumla bir vaxtda festivalların keçirilməsi, film nümayişlərinin və s. təşkili barədə fikirlər səsləndi. Həmçinin Xəzəryanı ölkələrin ali məktəblərini əhatə edən assosiasiyanın fəaliyyətinin aktivləşdirilməsi, qarşılıqlı tələbə mübadiləsinin genişləndirilməsinin zəruriliyi vurğulandı.

 

Regionda media əməkdaşlığını necə qurmalı?

 

Təbii ki, forumda medianın ümumi və hər ölkə üçün spesifik problemlərindən də söz açıldı. Bu kontekstdə bir məqam xüsusi qeyd edildi ki, Xəzəryanı ölkələr arasında siyasi dialoqun müsbət məcrada inkişafı, özəlliklə bir ay öncə Xəzərin hüquqi statusuna dair mühüm anlaşmanın əldə edilməsi media müstəvisində əməkdaşlıq üçün əlavə imkanlar açır. Ancaq bu sahədə hələ ilk forumda bəyan edilən ideyalar daha çox söz olaraq qalır. O cümlədən 2017-ci ildə Həştərxanda yaradılan və beş ölkənin tarixi, mədəni irsi, mətbəxi, xalq yaradıcılığı və turizmi ilə bağlı vahid media məkanı kimi nəzərdə tutulan “Kaspiyskiye novosti” portalı da faktiki olaraq fəaliyyətsizdir.

Forum bu istiqamətdə fikir mübadiləsi üçün bir fürsət olsa da, Türkmənistanın tədbirdə bir necə nəfərlik heyətlə təmsil olunması, İrandan isə, ümumiyyətlə, nümayəndə heyətinin gəlməməsi (səbəb olaraq forumun İranda rəsmi hüzn kimi qeyd olunan Aşura ilə bir vaxta düşməsi göstərildi) bu imkanı xeyli zəiflətmiş oldu. Bununla belə, Azərbaycan, Rusiya və Qazaxıstan media təmsilçilərinin forumun kuluarlarında bir araya gəlməsi tanışlıq və gələcək əlaqələr üçün bir vəsilə sayıla bilər.

* * *

Həştərxandakı qonaq media mənsubları üçün daha çox yaddaqalan məqamlar isə forumun ikinci günü və sentyabrın 21-də fərqli proqramlar üzrə təşkil edilən ekskursiyalar oldu. Azərbaycan heyətinə məxsusi diqqətin göstərildiyi bu ekskursiyalarda biz bu diyarın istər rəsmilərinin, istərsə sıradan insanlarının necə qonaqpərvər olduğunu şəxsən gördük və bu barədə ayrıca yazmağa dəyər...

Vüqar ƏLİYEV