Azərbaycan
29 sentyabr 1833 – Şair, rəssam, xəttat, musiqişünas, təzkirəçi Mir Möhsün Nəvvab (1833-1918) Şuşada doğulub. “Təzkireyi-Nəvvab” toplusunda Qarabağda doğulmuş 100-dən artıq şairin həyatı və yaradıcılığı haqqında məlumatlar toplanıb. Şuşada “Məclisi-fəramuşan” ədəbi məclisini təşkil edib.
30 sentyabr 1945 – Şair Vaqif İbrahim (Vaqif Əliyar oğlu İbrahimov; 1945-1983) Şəkidə doğulub. Kitabları: “Bu torpaqda doğulanlar”, “Ömür balladası”, “Dünyanın keşiyində”, “Vaxtla üz-üzə” və s.
30 sentyabr 1950 – Bəstəkar Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyli (17.4.1884 - 1950) vəfat edib. Üzeyir Hacıbəylinin böyük qardaşıdır. “Aşıq Qərib” operası, “Əlli yaşında cavan” musiqili komediyasının müəllifidir.
30 sentyabr 1920 – Tanınmış rejissor Lətif Səfərov (1920 - 9.12.1963) Şuşada anadan olub. “Sevil”, “Lətif” filmlərində uşaq rollarında oynayıb. “Bəxtiyar”, “Qızmar günəş altında”, “Leyli və Məcnun” filmlərinə quruluş verib. Respublika Kinematoqrafçılar İttifaqının sədri olub.
30 sentyabr 1962 – Xalq artisti, aktrisa Laləzar Bəşir qızı Mustafayeva Balakən rayonunun Qullar kəndində doğulub. 1990-cı ildən Milli Dram Teatrında çalışır. Filmləri: “Qəzəlxan”, “Güllələnmə təxirə salınır!” və s.
30 sentyabr 2002 – “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanun qəbul edilib.
1 oktyabr 1932 - Aktyor, mədəniyyət xadimi Əkbər Fərzəli oğlu Fərzəliyev (1932-1999) Qusar rayonunda anadan olub. Kinoda yaddaqalan obrazlar yaradıb: “Qızmar günəş altında” (Aydın), “Koroğlu” (Eyvaz). 1963-cü ildə Ləzgi Xalq teatrını təşkil edib.
1 oktyabr 1949 – Şair, tərcüməçi Vaqif Bayatlı (Vaqif İsib oğlu Cəbrayılov) Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulub. Kitabları: “Unudulacaq bütün sevdalar”, “Ölənəcən sevmək azdır!” və s.
1 oktyabr 1960 – Xanəndə, Xalq artisti Mənsum İbrahimov Ağdamın İmamqulubəyli kəndində anadan olub. 1993-cü ildən opera tamaşalarında çıxış edir. “Qarabağ” muğam üçlüyünün rəhbəridir. Azərbaycan Milli Konservatoriyasının professorudur.
1 oktyabr 1962 – Rejissor, Əməkdar incəsənət xadimi Bəhram Məcid oğlu Osmanov Gəncədə doğulub. Milli Dram Teatrında çalışıb. Füzuli, Gəncə, Lənkəran teatrlarında, Azərbaycan televiziyasında tamaşalara quruluş verib. 2012-ci ildən Gənc Tamaşaçılar Teatrının baş rejissorudur.
2 oktyabr 1897 – Görkəmli şairə, maarifçi Xurşudbanu Natəvan (1832-1897) vəfat edib. Şuşada “Məclisi-üns” ədəbi birliyinin yaradıcısı olub. Qəzəlləri klassik Azərbaycan poeziyasında xüsusi yer tutur. Rəssamlıqla da məşğul olub.
2 oktyabr 1913 – Əməkdar incəsənət xadimi, dirijor Çingiz Zülfüqar oğlu Hacıbəyov (1913 – 18.1.1971) anadan olub.
2 oktyabr 1935 – Şair, yazıçı, tərcüməçi, Əməkdar incəsənət xadimi Səyavuş İmran oğlu Məmmədzadə anadan olub. Azərbaycan ədəbiyyatından rus dilinə, rus, bolqar, Ukrayna, Polşa ədəbiyyatından Azərbaycan dilinə tərcümələr edib.
2 oktyabr 1923 – Əməkdar mədəniyyət işçisi Turan Cavid (Turan Hüseyn Cavid qızı Rasizadə; 1923 - 12.9.2004) anadan olub. C.Cabbarlı adına Dövlət Teatr Muzeyinin, Hüseyn Cavidin Bakıdakı ev-muzeyinin direktoru işləyib.
2 oktyabr 1924 – Azərbaycanda fəhlə və kəndli müxbirlərin birinci qurultayı keçirilib.
2 oktyabr 1953 – Ədəbiyyatşünas, akademik Teymur Həşim oğlu Kərimli Naxçıvan MR Ordubad rayonunun Nürgüd kəndində anadan olub. AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktorudur.
2 oktyabr 1982 - Gəncədə Nizami Gəncəvinin xatirə muzeyi açılıb.
2 oktyabr 1992 – Ermənistanın işğalçı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocavənd (keçmiş Martuni) rayonunun mərkəzini və azərbaycanlılar yaşayan 30-dək kəndi zəbt ediblər.
3 oktyabr “Türkdilli xalqların həmrəyliyi günü”dür. 2010-cu il sentyabrın 16-da türkdilli dövlət başçılarının İstanbulda keçirilən X zirvə toplantısında təsis olunub.
3 oktyabr 1996 – Xalq yazıçısı İlyas Əfəndiyev (26.5.1914 - 1996) vəfat edib. “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Geriyə baxma, qoca” və s. romanların, povest və hekayələrin, Azərbaycan dramaturgiyasında yeni mərhələ təşkil edən pyeslərin («Atayevlər ailəsi», «Sən həmişə mənimləsən», «Məhv olmuş gündəliklər», «Hökmdar və qızı» və s.) müəllifidir.
3 oktyabr 1875 – Yazıçı-dramaturq Süleyman Sani Axundov (1875-1939) Şuşada anadan olub. «Qorxulu nağıllar» toplusu Azərbaycan uşaq ədəbiyyatının klassikası sayılır. «Laçın yuvası», «Eşq və intiqam», «Şahsənəm və Gülpəri», «Tamahkar» və s. pyeslərin müəllifidir.
3 oktyabr 1887 – Əməkdar artist Ələkbər Hüseyn oğlu Hüseynzadə (1887 - 14.11.1967) anadan olub. “Arşın mal alan” (1945) filmində Soltan bəy obrazı ilə tanınıb. Bu rolu teatrda 600 dəfə ifa edib. “Almaz”, “Kölgələr sürünür”, “Qara daşlar”, “Ögey ana” və s. filmlərdə çəkilib.
4 oktyabr 1923 – Azərbaycanın Xalq artisti Anatoli Solomonoviç Falkoviç (1923-1994) Bakıda doğulub. Rus Dram Teatrında çalışıb. “Qatır Məmməd”, “Bakıda küləklər əsir” və s. filmlərdə çəkilib.
4 oktyabr 1924 – Opera müğənnisi, aktrisa Sona Aslanova (1924 - 9.3.2011) anadan olub. Operalarda (Gülçöhrə - “Arşın mal alan”; Nigar - “Koroğlu”) çıxış edib. “Bizim Cəbiş müəllim”, “Görüş” və s. filmlərdə çəkilib. Ömrünün son illərini ABŞ-da yaşayıb və orada dünyasını dəyişib.
4 oktyabr 2000 - Görkəmli bəstəkar, Xalq artisti Tofiq Ələkbər oğlu Quliyev (7.11.1917 - 2000) vəfat edib. Populyar mahnıların müəllifidir. “Bəxtiyar”, “Görüş”, “Ögey ana”, “Onu bağışlamaq olarmı?”, “Telefonçu qız”, “Nəsimi”, “Dərviş Parisi partladır” və s. filmlərə, tamaşalara musiqi bəstələyib. Azərbaycan Bəstəkarlar İttifaqının sədri olub.
4 oktyabr 2006 – Xalq artisti Hacıbaba Bağırov (12.6.1933 - 2006) vəfat edib. 1962-ci ildən Musiqili Komediya Teatrında çalışıb, 1996-2006-cı illərdə teatra rəhbərlik edib. Filmləri: “Ulduz”, “Qanun naminə”, “Onun bəlalı sevgisi”, “Alma almaya bənzər”, “Şirbalanın məhəbbəti”.
Dünya
29 sentyabr 1547 – İspan yazıçısı Migel de Servantes (Miguel de Cervantes y Saavedra, 1547 - 23.4.1616) anadan olub. “Don Kixot” romanı ilə dünya şöhrəti qazanıb. Digər əsərləri: “Parnasa səyahət” (poema), “Persiles və Sigizmunda” (roman).
29 sentyabr 1904 – Rus yazıçısı Nikolay Alekseyeviç Ostrovski (1904-1936) anadan olub. Əsərləri: “Polad necə bərkidi?”, “Fırtınadan doğulmuşlar”.
29 sentyabr 1912 – İtalyan kinorejissoru Mikelancelo Antonioni (Michelangelo Antonioni, 1912-2007) anadan olub. Filmləri: “Fotoböyütmə”, “Gecə”, “Peşəsi – reportyor” və s. Avropanın əsas kinofestivallarının qalibi, fəxri «Oskar» mükafatçısıdır.
29 sentyabr 1913 – Amerika kinorejissoru Stenli Kramer (Stanley Earl Kramer, 1913 - 19.2.2001) anadan olub. “Məğrurluq və ehtiras”, “Nürnberq prosesi”, “Bu çılğın, çılğın, çılğın dünya”, “Domino prinsipi” və s.
29 sentyabr 1932 – Amerika rejissoru, iki dəfə «Oskar» laureatı Robert Benton anadan olub.
30 sentyabr 1715 – Fransız filosofu Etyen de Kondilyak (Etienne Bonnot de Condillac, 1715-1780) anadan olub.
30 sentyabr 1917 – Tanınmış teatr rejissoru, Rusiyanın Xalq artisti, pedaqoq Yuri Lyubimov (1917-2014) anadan olub. Uzun illər Taqanka Teatrının rəhbəri olub, 1984-1988-ci illərdə məcburi mühacirətdə (sovet vətəndaşlığından məhrum edilərək) yaşayıb.
30 sentyabr 1921 – İngilis aktrisası, «Oskar» laureatı Debora Kerr (Deborah Jane Kerr-Trimmer, 1921-2007) anadan olub.
30 sentyabr 1928 – Yəhudi əsilli Amerika yazıçısı və pedaqoqu, Nobel sülh mükafatı (1986) laureatı Eli Vizel (Elie Wiesel; 1928-2016) anadan olub.
1 oktyabr Beynəlxalq ahıllar günüdür. BMT Baş Assambleyasının 14 dekabr 1990-cı il tarixli qətnaməsinə əsasən təsis olunub.
1 oktyabr Beynəlxalq musiqi günüdür. UNESCO tərəfindən 1975-ci il oktyabrın 1-də təsis olunub.
1 oktyabr 1912 – Rus tarixçisi, filosof, şair Lev Qumilyov (1912-1992) anadan olub. Qədim türk tarixinə dair əsərlərin müəllifidir: “Böyük çöl”, “Hunlar Asiya və Avropada” və s.
2 oktyabr 1832 – İngilis etnoqrafı və yazıçısı Eduard Bernett Teylor (Edward Burnett Tylor; 1832-1917) anadan olub.
2 oktyabr 1869 - Hindistanda milli azadlıq hərəkatının ideoloqu, filosof Mahatma Qandi (Mohandas Karamchand Gandhi; 1869-1948) anadan olub.
3 oktyabr 1895 – Rus şairi Sergey Yesenin (1895 - 27.12.1925) anadan olub. 1924-1925-ci illərdə Bakıda yaşayıb. Burada 40-dək şeirini mətbuatda dərc etdirib, “İran nəğmələri” (“Fars motivləri”) silsiləsindən şeirlərin bir qismini qələmə alıb. Mərdəkanda şairin xatirə muzeyi var.
3 oktyabr 1897 – Fransız şairi, ədəbiyyatda sürrealizmin banilərindən Lui Araqon (Alouis Aragon - Louis-Marie Andrieux, 1897-1982) anadan olub.
4 oktyabr 1582 – Roma Papası XIII Qriqorinin qərarı ilə Avropada yeni təqvimə keçid başlanıb. Qriqorian təqvimi adını alan yeni təqvim köhnədən 10 gün irəli (4 oktyabrdan sonra təqvimdə növbəti gün 15 oktyabr oldu) idi. Azərbaycanda yeni təqvimə keçid 1918-ci ildə baş verib.
4 oktyabr 1816 – Fransız şairi, «İnternasional» himninin sözlərinin müəllifi Ejen Potye (Eugene Edine Pottier, 1816-1887) anadan olub.
4 oktyabr 1946 – Amerika aktrisası, «Oskar» laureatı Süzan Sarandon (Susan Sarandon - Susan Abigail Tomalin) anadan olub.
Hazırladı: Vüqar ORXAN