Azərbaycan

25 sentyabr 1890 – Folklorşünas alim, Əməkdar mədəniyyət işçisi Əbülqasım Nurməmməd oğlu Hüseynzadə (1890 - 2.9.1988) anadan olub.

25 sentyabr 1913 – Xalq rəssamı Nüsrət Möhsün oğlu Fətullayev (1913 – 1.10.1987) Lənkəran rayonunda anadan olub. Akademik Dram Teatrının baş rəssamı olub. Respublika Dövlət mükafatına (1972) layiq görülüb.

25 sentyabr 1913 – Yazıçı Şəmistan Yusif oğlu Əsgərov (1913-1985) anadan olub. Kitabları: “Müstəntiq Cəbrayılov”, “İtmiş güllə”, “Üç düşmən”, “Ayna” və s.

25 sentyabr 1935 – Tanınmış ədəbiyyatşünas, filosof Asif Qasım oğlu Əfəndiyev (Asif Ata; 1935 – 6.6.1997) anadan olub.

25 sentyabr 1946 – Xalq artisti, opera müğənnisi Şahlar Həsənağa oğlu Quliyev anadan olub. Opera tamaşalarında əsas partiyaları: “Leyli və Məcnun”da Nofəl, «Şah İsmayıl»da Aslan şah, «Koroğlu»da Həsən xan və s.

 

26 sentyabr 1906 – Opera müğənnisi, Azərbaycanın və Türkmənistanın Əməkdar artisti Xanlar Məmməd oğlu Haqverdiyev (1906-1980) Ağdam rayonunun Seyidli kəndində doğulub. 1930-cu illərdə Türkmənistanda Opera və Dram Teatrının yaradılmasında böyük xidmətləri olub.

26 sentyabr 1950 – Xalq artisti, kamança ifaçısı Fəxrəddin Əlisahib oğlu Dadaşov anadan olub. Azərbaycan Televiziya və Radiosunun Ə.Bakıxanov adına Xalq çalğı alətləri ansamblının konsertmeysteridir.

26 sentyabr 1956 – Xalq artisti Ramiz Soltan oğlu Məmmədov anadan olub. Musiqili Teatrda çalışır. Televiziya tamaşalarında, “Alma almaya bənzər”, “Yalan” və s. filmlərdə çəkilib.

26 sentyabr 1961 – Görkəmli müğənni, Azərbaycan professional vokal məktəbinin banisi, SSRİ Xalq artisti Bülbül (Murtuza Məşədi Rza oğlu Məmmədov; 22.6.1897 - 1961) vəfat edib. Xalq mahnıları, romanslar, operalarda baş partiyaların (“Koroğlu”da Koroğlu, “Əsli və Kərəm”də Kərəm və s.) unudulmaz ifaçısı olub. Milan Konservatoriyasını bitirib. Azərbaycan Dövlət Konservatoriyasının professoru olub, xalq musiqisini öyrənən elmi tədqiqat kabinetini yaradıb.

 

27 sentyabr 1931 – Əməkdar incəsənət xadimi, musiqişünas, professor Bilqeyis Mir Əbdül Qəni qızı Qarayeva-Məmmədova (1931 – 3.7.2010) anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) prorektor işləyib.

 

28 sentyabr 1978 – Görkəmli yazıçı, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Mir Cəlal Əli oğlu Paşayev (26.4.1908 - 1978) vəfat edib. Azərbaycan (Bakı) Dövlət Universitetinin professoru olub. “Bir gəncin manifesti”, “Dirilən adam”, “Yolumuz hayanadır”, “Yaşıdlarım” romanlarının, povest və hekayələrin, “Azərbaycanda ədəbi məktəblər” monoqrafiyasının müəllifidir.

 

Dünya

 

25 sentyabr 1765 – Polşa bəstəkarı Mixail Oginski (Michal Kleofas Oginski, 1765-1833) anadan olub. Məşhur əsərləri: “Vətənlə vida” (polonez), “Zelida və Valkur və ya Bonapart Qahirədə” (opera) və s.

25 sentyabr 1897 – Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1949) Uilyam Folkner (William Cuthbert Faulkner; 1897-1962) anadan olub. “Avqustda işıq”, “Şəhər”, “İmarət” və s. romanların müəllifidir.

25 sentyabr 1906 – Rus bəstəkarı, dirijor, pedaqoq Dmitri Dmitriyeviç Şostakoviç (1906 - 9.8.1975) anadan olub. “Burun”, “Mtsen qəzasının ledi Makbeti” operaları, “Qızıl əsr”, “İşıqlı bulaq” baletləri, 15 simfoniya və s. əsərlərin müəllifidir.

25 sentyabr 1920 – Rus aktyoru və rejissoru, SSRİ Xalq artisti Sergey Bondarçuk (1920-1994) anadan olub. Filmləri: “İnsanın taleyi”, “Hərb və sülh”, “Onlar Vətən uğrunda vuruşmuşlar” və s.

25 sentyabr 1944 – Amerika aktyoru, prodüser Maykl Duqlas (Michael Kirk Douglas) anadan olub. Filmləri: “Qu quşunun yuvası üzərindən uçarkən” (“Oskar”, 1975, prodüser), “Uoll-Strit” (“Oskar”, 1987, aktyor), “Əsas instinkt” və s.

25 sentyabr 1952 – İspan kinorejissoru Pedro Almodovar (Pedro Almodovar Caballero) anadan olub. İki dəfə “Oskar” mükafatı laureatıdır: “Anam haqqında hər şey” (1999), “Onunla danış” (2002).

 

26 sentyabr 1888 – Amerika-ingilis şairi və yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1948) laureatı Tomas Eliot (Thomas Stearns Eliot; 1888-1965) anadan olub. XX əsr modern poeziyasının parlaq nümayəndələrindən biridir.

26 sentyabr 1889 – Alman filosofu, ekzistensializmin tanınmış nümayəndəsi Martin Haydeger (Martin Heidegger, 1889 - 26.5.1976) anadan olub.

26 sentyabr 1932 – Serb əsilli rus yazıçısı Vladimir Voynoviç anadan olub. Əsərləri: “Əsgər İvan Çonkinin həyatı və qeyri-adi macəraları” (trilogiya), “Taxt-tac üçün namizəd”, “Moskva 2042” və s.

26 sentyabr 1934 – Rusiya aktyoru, SSRİ Xalq artisti Oleq Basilaşvili anadan olub. Filmləri: “Payız marafonu”, “İşdə məhəbbət macərası”, “İki nəfər üçün vağzal”.

 

27 sentyabr 1871 – İtalyan yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1926) laureatı Qrasiya Deledda (1871-1936) anadan olub.

 

28 sentyabr 1573 – İtalyan rəssamı Mikelancelo Karavaco (Michelangelo Merisi da Caravaggio, 1573 - 18.7.1610) anadan olub. Məşhur əsərləri: “Yudif və Olofern”, “Tövbə edən Mariya Maqdalina”, “David və Qoliaf”, “Müqəddəs Pyotrun əzabkeşliyi” və s.

28 sentyabr 1803 – Fransız yazıçısı Prosiper Merime (Prosper Merimee, 1803-1870) anadan olub. “IX Karl zamanının xronikası” romanı, “Jakeriya” pyesi, povest və novellaların müəllifidir. “Karmen” novellası əsasında Jorj Bize eyniadlı opera yazıb. Yazıçının “Matteo Falkone” novellası əsasında Azərbaycan rejissoru Tofiq Tağızadə eyniadlı film (1960) çəkib.

28 sentyabr 1897 – Qazax yazıçısı Muxtar Auezov (1897-1961) anadan olub.

28 sentyabr 1915 – Rus teatr rejissoru Georgi Tovstonoqov (1915-1989) anadan olub.

28 sentyabr 1916 – İngilis aktyoru, «Oskar» laureatı Piter Finç (Frederick Peter Ingle-Finch, 1916-1977) anadan olub.

28 sentyabr 1924 – İtalyan aktyoru Marçello Mastroyani (Marcello Vincenzo Domenico Mastroianni, 1924-1996) anadan olub. Filmləri: “Şirin həyat”, “İtalyansayağı boşanma”, “Səkkiz yarım” və s.

Hazırladı:  Vüqar ORXAN