“Titanik” gəmisinin oxşarı 2022-ci ildə dənizə buraxılacaq və məşhur sələfinin başa vura bilmədiyi tarixi Böyük Britaniya-ABŞ marşrutunu təkrarlayacaq.

“Titanik 2” layihəsi üzərində işlər avstraliyalı biznesmen Klayv Palmerin rəhbərlik etdiyi “Blue Star Line” kompaniyası tərəfindən həyata keçirilir. Layihəyə 2012-ci ildə start verilsə də, 2015-ci ildə maliyyə çətinliyi səbəbindən onun tikintisi dayandırılıb və yalnız bu ilin sentyabr ayında bərpa olunub.

Kompaniya gəminin orijinal tarixi interyerini təkrarlamağı və bununla yanaşı, bütün təhlükəsizlik tədbirlərini nəzərə alaraq onu müasir naviqasiya sistemi ilə təchiz etməyi planlaşdırır. 2,4 min sərnişini və 900 ekipaj üzvünü daşıya biləcək laynerin tikintisi 500 milyon dollar həcmində qiymətləndirilir.

Palmerin sözlərinə görə, yeni “Titanik” ilk reysini Sinqapurdan Dubaya edəcək, sonra Sauthemptona, oradan isə Atlantik okeanını keçərək Nyu-Yorka yollanacaq. Şirkətin planına əsasən, gəmi yay ayları ərzində Böyük Britaniyadan ABŞ-a həftəlik reyslər həyata keçirəcək.

Xatırladaq ki, “Titanik” layneri 1912-ci il aprelin 10-da Sauthemptondan Nyu-Yorka ilk və sonuncu səfərinə çıxmışdı. Gəmi aprelin 15-nə keçən gecə Şimali Atlantikada aysberqlə toqquşaraq 2 saat 40 dəqiqədən sonra batmışdı. Dəhşətli qəza zamanı təxminən 1,5 min nəfər həlak olmuş, 712 sərnişin və ekipaj üzvü xilas ola bilmişdi.