Azərbaycan

6 noyabr 1926 – Azərbaycan Radiosunun yarandığı gündür. Həmin gün Bakıda ilk radiostansiya fəaliyyətə başlayıb. İlk dövrdə gündəlik efir vaxtı 2 saat təşkil edirdi. Sonradan 4 saata, daha sonra 6 saata çatdı. 1956-cı il fevralın 14-də Azərbaycan Televiziyası fəaliyyətə başladı.

6 noyabr 1931 – Şair, nasir Tofiq Mahmud (Tofiq Mahmud oğlu Mehdiyev; 1931-1997) Naxçıvan MR Şahbuz rayonunda doğulub.

6 noyabr 1974 – Şair-dramaturq, tərcüməçi İslam Əhməd oğlu Səfərli (12.2.1923 - 1974) vəfat edib.

6 noyabr 2009 – Xalq yazıçısı Qılman İlkin (Qılman İsabala oğlu Musayev; 11.4.1914 - 2009) vəfat edib.

 

7 noyabr 1906 – Aktyor, rejissor Məmməd Əli oğlu Əlili (1906-1993) anadan olub.

7 noyabr 1908 – Şair, alim, pedaqoq Maqsud Məsim oğlu Şeyxzadə (1908-1967) anadan olub. Bakıda təhsil alıb, sonra Daşkəndə köçüb. Özbəkistanın məşhur ədibi olub.

7 noyabr 1917 – Görkəmli bəstəkar, Xalq artisti Tofiq Ələkbər oğlu Quliyev (1917 - 4.10.2000) anadan olub. Azərbaycan estrada musiqisinin yaradıcılarından biri, çoxsaylı mahnıların müəllifidir. “Bəxtiyar”, “Görüş”, “Ögey ana”, “Onu bağışlamaq olarmı?”, “Nəsimi”, “Qayınana” və s. filmlərə, tamaşalara musiqi bəstələyib. Bəstəkarlar İttifaqının sədri olub.

7 noyabr 1917 – Türkoloq alim, professor İren İsgəndər bəy qızı Məlikova (Melikoff; 1917 - 9.1.2009) Peterburqda anadan olub. 1919-cu ildə ailəsi Fransaya köçüb.

7 noyabr 1917 – Xalq rəssamı Tağı Əzizağa oğlu Tağıyev (1917-1993) Bakıda anadan olub.

7 noyabr 1920 – Azərbaycan radiosunun ilk diktorlarından biri, Xalq artisti Fatma Ağacabbar qızı Cabbarova (1920-2008) anadan olub.

7 noyabr 1923 – Dilçi, filologiya elmləri doktoru, professor Rəhilə Cavad qızı Məhərrəmova (1923-2011) Bakıda anadan olub.

7 noyabr 1925 – Əməkdar incəsənət xadimi, teatr rəssamı Əyyub Səfər oğlu Fətəliyev (1925 - 2000) İrəvanda anadan olub.

7 noyabr 1934 – Xalq artisti, müğənni Oqtay Ağayev (1934 – 14.11.2006) Bakıda anadan olub.

7 noyabr 1940 – Xalq artisti, xanəndə Baba Mahmudoğlu (Mirzəyev; 1940 - 6.12.2006) Qazax rayonunda doğulub.

7 noyabr 1945 – Xalq artisti Zərnigar Fəti qızı Ağakişiyeva (1945-2018) Quba rayonunun Rustov kəndində anadan olub.

 

8 noyabr 1923 – Xalq artisti, instrumental ifaçı, dirijor Tofiq Qəzənfər oğlu Əhmədov (1923 - 23.3.1981) anadan olub. Azərbaycan Radiosu və Televiziyasının estrada orkestrini yaradıb, milli caz musiqisinin inkişafına töhfələr verib.

8 noyabr 1930 – Bəstəkar Əfsər Bayram oğlu Cavanşirov (1930-2006) Füzuli rayonunun Horadiz kəndində doğulub. Simfoniyalar, uşaq xoru üçün əsərlərin müəllifidir.

8 noyabr 1944 – Teatrşünas, yazıçı-publisist Cəlil Həbib oğlu Vəzirov (1944-2008) anadan olub.

 

Dünya

 

6 noyabr 1814 – Belçikalı musiqi aləti ustası, saksofonun yaradıcısı Adolf Saks (Antoine-Joseph (Adolphe) Sax, 1814-1894) anadan olub.

6 noyabr 1936 – Moldova kinorejissoru, ssenarist, şair Emil Lotyanu (1936-2003) anadan olub. Filmləri: “Tabor səmaya gedir”, “Mənim nəvazişli və zərif heyvanım”.

 

7 noyabr 1913 – Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1957) Alber Kamyu (Albert Camus, 1913 - 4.1.1960) anadan olub. Ekzistensializm fəlsəfəsinin tanınmış nümayəndəsidir. Əsərləri: “Vəba”, “Özgə”, “Sizif haqqında mif”, “Qiyamçı adam” və s.

 

8 noyabr 1837 – Gürcü yazıçısı, publisist, şair İlya Çavçavadze (1837 - 12.9.1907) anadan olub. “Erməni alimləri və fəryad edən daşlar” əsərində ermənilərin qonşu xalqların tarixi irsinə qarşı saxtakarlıq əməllərini ifşa edib.

8 noyabr 1935 – Fransız aktyoru Alen Delon anadan olub.

Hazırladı:  Vüqar ORXAN