“YARAT”da kolumbiyalı rəssamın sərgisi
“YARAT” Müasir İncəsənət Mərkəzində Norveçdə yaşayan və fəaliyyət göstərən Kolumbiya əsilli rəssam Pedro Qomez-Eqanyanın fərdi sərgisinə press-tur təşkil edilib. Noyabrın 11-dək davam edən “Sleypnir” adlı sərgi rəssamın daim təzələnən “Rəsədxana” (“Observatory”) silsiləsinin bir hissəsidir.
Sərginin kuratoru Suad Qarayeva-Maleki jurnalistlərə məlumat verib ki, rəssam tərəfindən qurulmuş bu genişmiqyaslı pavilyon strukturlu instalyasiya tamaşaçıya xüsusi multisensorlu, immersiv təsir göstərir. Diqqətə çatdırılıb ki, sərgi “YARAT”ın paytaxtın müxtəlif məkanlarında keçirdiyi M.A.P. Beynəlxalq İncəsənət Festivalı ilə eyni vaxta təsadüf edir.
Bu pavilyona bənzər əsər tamaşaçını öz adi məkan qavrayışını “rituallaşdırması”na vadar edir, bizi öyrəşdiyimiz ölçülərin hüdudlarından kənara çıxarır. İnstalyasiyanın daxilində “məkan içində məkan” kimi qurulan mexaniki komponentlər müxtəlif laylı seqmentlərdən ibarətdir. Bu seqmentlərdə aramsız dəyişikliklər baş verir, sanki onlarda hansısa kabus var. Pedro Qomez-Eqanya öz bədii təcrübəsinin xoreoqrafiya və işıq oyunu kimi səciyyəvi elementlərini bir araya gətirir, daha sonra tamaşaçıları xüsusi qurulmuş sərgi məkanının ayrı-ayrı sahələrinə istiqamətləndirməklə zaman və müəllif hekayəsi ilə bağlı duyğuları manipulyasiya edir.
Bildirilib ki, instalyasiya öz ilhamını məşhur norveçli səyyah Tur Heyerdalın “Odinin axtarışları” (“The Search for Odin”) kitabından götürüb. Tanınmış səyyah Azərbaycana etdiyi çoxsaylı səfərlərdən birində qayaüstü oyma rəsmlərin bədii üslubunun Norveçdə rast gəldiyi oxşar qədim rəsmlər ilə uyğunluq təşkil etdiyini aşkar edir. O, Azərbaycanın müasir sivilizasiyanın beşiyi olması və azərbaycanlıların bir vaxtlar Şimala, Skandinaviyaya köç etməsi ilə bağlı qənaətə gəlir. Bu səbəbdən, o, vikinqlərin əcdadlarının qədim Xəzər bölgəsindən çıxmasına dair fərziyə irəli sürür. Elə “Sleypnir” sərgisi də öz adını Norveç mifologiyasının tanrısı Odinin səkkizayaqlı atının adından götürüb, çünki Tur Heyerdalın nəzəriyyələrində Odin məhz bu atın üstündə Azərbaycandan Skandinaviyaya səfər edib.
Pedro Qomez-Eqanya öz instalyasiyasına ayrı-ayrı ifaçılar tərəfindən oxunan, məkan daxilində vahiməli ab-hava təəssüratını bəxş edən musiqili səs elementi də daxil edib. Norveç musiqisini Azərbaycanın folklor mahnıları ilə bir araya gətirən bu instalyasiya Tur Heyerdalın sanki “ifşa olunmuş” nəzəriyyəsini vurğulayır.