Daşkənddə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı, “Kaspi” qəzeti və eyniadlı təhsil şirkətinin dəstəyi ilə “Hüseyn Cavid yaradıcılığı dünya dramaturgiyasının zirvəsidir” adlı beynəlxalq elmi konfrans keçirilib. Tədbir çərçivəsində Hüseyn Cavidin Daşkənddə özbək dilində işıq üzü görən “Seçilmiş əsərləri” təqdim edilib.

Əvvəlcə konfrans iştirakçıları böyük Azərbaycan şairi Nizami Gəncəvinin universitetin qarşısındakı abidəsini ziyarət ediblər. Sonra onlar AMM-in təşəbbüsü ilə universitetdə yaradılan Nizami Gəncəvi İrsinin Tədqiqi Mərkəzi ilə tanış olub və foyedə təşkil edilən “Qürurumuz - yüzillik Cümhuriyyətimiz” adlı sərgiyə baxıblar.

Konfransın açılış mərasimində çıxış edən universitetin rektoru, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin rəhbəri, professor Şavkat Şaripov, akademik Bəxtiyar Nazarov, AMM-in direktoru Samir Abbasov, “Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva çıxış ediblər.

Çıxışlarda Azərbaycan və özbək xalqları arasında tarixi dostluq əlaqələrindən danışılıb, iki xalqın dünya mədəniyyəti və ədəbiyyatına bəxş etdikləri dahi şəxsiyyətlərdən, Hüseyn Cavidin əsərlərinin özbək dilinə tərcüməsindən, böyük şair və dramaturqun yaradıcılığında milli məfkurədən – türkçülük ideyalarından bəhs olunub. Sona Vəliyeva bir məqamı xüsusi vurğulayıb ki, milli məfkurəyə sıx bağlı olan Hüseyn Cavid türk xalqlarının birliyi, maariflənməsi yolunda yorulmadan çalışıb, ədəbiyyatımıza möhtəşəm qəhrəmanların obrazlarını gətirib.

AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Kamran Əliyev XX əsr Azərbaycan romantizmi haqqında məruzə edib, Hüseyn Cavid yaradıcılığında Qərb və Şərq obrazlarının qarşılaşdırılmasından söz açıb.

Özbəkistan Yazıçılar Birliyinin Tərcümə bölməsinin rəhbəri Adxambey Olimbeyov, professorlar Nurbay Cabbarov, Həmidulla Baltabayev, şair-tərcüməçi Babaxan Şərif və başqaları çıxış edərək Cavid yaradıcılığında ədəbi-bədii, tarixi, dini, fəlsəfi yanaşmadan danışıblar.