Səttar Bəhlulzadənin heç vaxt nümayiş etdirilməyən əsərləri sərgilənir
Noyabrın 15-də Müasir İncəsənət Muzeyi əsaslı təmirdən sonra qapılarını sənətsevərlərin üzünə açıb. Bu münasibətlə muzeydə Xalq rəssamı Səttar Bəhlulzadənin əsərlərindən ibarət “Cizgi təranəsi” adlı sərgi təşkil olunub.
Müasir İncəsənət Muzeyinin müdiri Xəyyam Abdinov əsaslı təmir zamanı görülmüş işlərlə bağlı məlumat verib, bununla əlaqədar göstərilən dəstəyə və qayğıya görə Heydər Əliyev Fondunun rəhbərliyinə minnətdarlığını bildirib.
Vurğulanıb ki, muzeydə Azərbaycanın və dünya rəssamlarının nadir əsərləri təqdim edilir. Muzeydə əsaslı təmirdən sonra Xalq rəssamı Səttar Bəhlulzadənin 110 illik yubileyi ərəfəsində “Cizgi təranəsi” adlı sərgi açılır. O, müasir Azərbaycan mənzərə rəngkarlığının, eləcə də Azərbaycan impressionizminin yaradıcılarından sayılır. Məhz buna görə də onu “Azərbaycanın Van Qoqu” adlandırırlar. Sərgidə rəssamın heç vaxt nümayiş etdirilməmiş, şəxsi kolleksiyasından olan qrafik əsərləri yer alır.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə dahi sənətkar Səttar Bəhlulzadənin 130-dan çox nadir əsərlərindən ibarət ekspozisiya təqdim olunub.