Noyabrın 14-dən 18-dək İtaliyanın Paestum şəhərində XXI Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası (La Borsa Mediterranea del Turismo Archeologico) keçirilib. Əhatə dairəsinə, mövzu və konsepsiyasına görə dünyada bu qəbildən yeganə layihə hesab edilən tədbirə UNESCO, İCCROM (Mədəni dəyərlərin qorunması və bərpası üzrə Beynəlxalq tədqiqat mərkəzi), İCOMOS (Abidələrin və görməli yerlərin mühafizəsi üzrə Beynəlxalq şura) və Dünya Turizm Təşkilatı kimi qurumlar tərəfdaşlıq edir.
Hər il dünyanın müxtəlif ölkələrindən, eləcə də İtaliyanın əksər regionlarının və arxeoloji irsin mühafizəsi və təbliği üzrə ixtisaslaşmış qurumların qatıldığı yarmarkada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi növbəti dəfə təmsil olunub. Tədbirdə nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Heyətdə Dövlət Xidmətinin rəis müavini Könül Cəfərova, nazirliyin Sənəd dövriyyəsinin təşkili sektorunun müdiri Natəvan Əsgərova, Regional idarələrin koordinasiyası və tabe qurumlarla iş sektorunun məsləhətçisi Qasım Şirinli, Quba Soyqırımı Memorial Kompleksinin direktoru Rəxşəndə Bayramova yer alıb.
Tədbirin rəsmi açılış mərasimində İtaliyanın mədəni irs, fəaliyyətlər və turizm naziri Alberto Bonisoli, Kapaççio Paestum kommunasının və Salerno vilayətinin rəhbərləri iştirak ediblər. Gün boyu davam edən sərgidə arxeologiya, mədəni irs nümunələrinin tədqiqi və təbliği, turizm və digər mövzularda konfrans və görüşlər keçirilib.
Yarmarka çərçivəsində ölkəmizə məxsus stenddə sərgiyə gələn qonaqlara ingilis və italyan dillərində müxtəlif reklam-çap, ölkəmizin mədəni və təbii irsinə, arxeoloji turizmə həsr olunmuş təbliğat materialları təqdim olunub.
Zakir Sultanov ölkəmizin stendini ziyarət edən UNESCO-nun sabiq baş direktoru İrina Bokova və Dünya İrsi üzrə Ərəb Regional Mərkəzinin direktoru Munir Buşenaki ilə görüşüb. Görüşdə bildirilib ki, ölkəmiz mədəni irs sahəsində beynəlxalq əməkdaşlığa, o cümlədən UNESCO ilə əlaqələrə xüsusi önəm verir. Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər də müzakirə olunub.
Qeyd edək ki, XXI Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkasına 20-dən çox ölkə qatılıb. Yarmarkaya 20 min nəfərdən çox ziyarətçi baş çəkib.