Noyabrın 16-da Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) professoru Nailə Mehdiyevanın “Qara Qarayevin kino musiqisi” kitabının (rus dilində) təqdimatı keçirildi. Bəstəkarın 100 illik yubileyi münasibətilə hazırlanan kitab “Şərq-Qərb” nəşriyyatında işıq üzü görüb.

Tədbiri Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə açaraq Qara Qarayevin yaradıcılığından, onun dünya musiqisinə bəxş etdiyi töhfələrdən danışdı. Bildirdi ki, yaradıcılığı zəngin milli köklərə bağlı olan dahi sənətkar Azərbaycan musiqisinin yeni mərhələdə inkişafını təmin edib: “Biz Qara Qarayevin tələbələri olaraq onun qoyduğu şərəfli missiyanı davam etdirməyə çalışırıq”.

Diqqətə çatdırıldı ki, Qara Qarayevin 100 illiyi ilə bağlı ölkə başçısının sərəncamına uyğun olaraq silsilə tədbirlər keçirilir, Bakıda bəstəkarın ev-muzeyi açılıb. Bildirildi ki, dünya şöhrətli bəstəkarın əsərləri hələ onun sağlığında ölkəmizin hüdudlarından çox uzaqlarda yayılıb. Onun “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri dünyanın bir sıra ölkələrində uğurla nümayiş olunub.

Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Cəlal Abbasov çıxışında görkəmli bəstəkarla bağlı xatirələrini bölüşdü: “Qara Qarayevlə ilk görüşüm Moskva şəhərində, Bəstəkarlar evində olub. O, mənə dedi ki, gətir görüm hansı əsərləri yazmısan. Skripka və fortepiano üçün yazdığım sonatanı təqdim etdim. Diqqətlə qulaq asdı və dedi: “Bəstəkar milliliyə çox fikir verməlidir. Yəni hər bir bəstəkar milli musiqinin dərin qatlarına nüfuz etməli, oradan bəhrələnməlidir. İnsan dağda-daşda yaşayırsa, daşdan, meşədə yaşayırsa, ağacdan ev tikir...”.

Tədbirdə daha sonra ABİ-nin katibi Aliyə Məmmədova “Qara Qarayevin həyat və yaradıcılıq paralelləri”,  musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Natalya Dadaşova “Nailə Mehdiyevanın “Qara Qarayevin kino musiqisi” kitabı haqqında”, musiqişünas, sənətşünaslıq elmləri doktoru, professor Cəmilə Həsənova “Nailə Mehdiyevanın elmi-pedaqoji fəaliyyəti”, bəstəkar, BMA-nın doktorantı İlahə İsrafilova “Qara Qarayev bugünkü gənclərin təəssüratında” mövzularında məruzə etdilər.

Çıxışlardan sonra BMA-nın I kurs tələbəsi Səbinə Eldarlı, G.Şaroyev adına 35 saylı Musiqi məktəbinin XI sinif şagirdi Səmra Həsənli Qara Qarayevin əsərlərini səsləndirdilər.

Savalan FƏRƏCOV