Azərbaycan

23 noyabr 1923 – Yazıçı, şair Əmrah Bala oğlu Əmrahov (1923-1988) anadan olub. 

23 noyabr 1927 – Tarixçi, şərqşünas Əhməd Əhməd oğlu İsgəndərov (1927-2017) Bakının Mərdəkan kəndində doğulub. SSRİ EA-nın Ümumi Tarix İnstitutunda direktor müavini, “Tarix məsələləri” jurnalının baş redaktoru, Rusiya EA-nın müxbir üzvü olub.

23 noyabr 1948 – Dahi bəstəkar, publisist, pedaqoq, SSRİ Xalq artisti Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli (18.9.1885 – 1948) vəfat edib.

24 noyabr 1906 – Ədəbiyyatşünas, tənqidçi Əli Nazim (Ələkbər Mahmud oğlu Mahmudzadə; 1906-1941) Təbrizdə doğulub. Repressiya qurbanı olub.

24 noyabr 1922 – Opera müğənnisi, Əməkdar artist Rəhilə Muxtar qızı Cabbarova (1922-2002) anadan olub.

24 noyabr 1924 – Rəssam, Əməkdar incəsənət xadimi Vəcihə Əli qızı Səmədova (1924-1965) anadan olub.

 

25 noyabr 1901 – SSRİ Xalq artisti Mərziyyə Yusif qızı Davudova (1901 –  6.1.1962) Həştərxanda doğulub. 1920-ci ildə Bakıya gəlib, Azərbaycan teatrının inkişafında xidmətlər göstərib.

25 noyabr 1918 – Xalq yazıçısı İmran Haşım oğlu Qasımov (1918 - 20.4.1981) Bakıda doğulub. “Uzaq sahillərdə” povestinin (Həsən Seyidbəyli ilə birgə), digər nəsr əsərlərinin, pyeslərin, filmlərin («Bizim küçə», «İnsan məskən salır», «Onun böyük ürəyi» və s.) ssenari müəllifidir.

 

26 noyabr 1927 – Dilçi-türkoloq, Əməkdar elm xadimi Həsən İbrahim oğlu Mirzəyev (1927 – 2015) Qərbi Azərbaycanda, Dərələyəz mahalının Qovuşuq kəndində anadan olub.

26 noyabr 1928 – Əməkdar artist Müxlis Sabir oğlu Cənizadə (1928-1972) Bakıda anadan olub. Musiqili Komediya, Akademik Dram teatrlarında çalışıb. “Dəli Kür”, “Yenilməz batalyon” və s. filmlərdə çəkilib.

26 noyabr 2014 – UNESCO Hökumətlərarası Komitəsinin Parisdə keçirilən sessiyasında Azərbaycan kəlağayı sənəti “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı”na daxil edilib. 

 

Dünya

 

23 noyabr 1875 – Rus yazıçısı, sənətşünas, publisist, ictimai-siyasi xadim Anatoli Vasilyeviç Lunaçarski (1875-1933) anadan olub.

 

24 noyabr 1632 – Niderland filosofu, rasionalizm cərəyanının nümayəndəsi Benedikt Spinoza (Benedictus de Spinoza, 1632-1677) anadan olub.

24 noyabr 1934 – Alman əsilli Rusiya bəstəkarı, pianoçu və musiqi nəzəriyyəçisi Alfred Şnitke (1934-1998) anadan olub.

 

25 noyabr 1562 – İspan yazıçı-dramaturqu, şair Lope de Veqa (Felix Lope de Vega y Carpio, 1562-1635) anadan olub.

25 noyabr 1889 – Türk yazıçı-dramaturqu Rəşad Nuri Güntəkin (1889-1956) anadan olub. “Çalıquşu”, “Dodaqdan qəlbə”, “Yarpaq tökümü” və s. romanları əsasında populyar filmlər çəkilib.

 

26 noyabr 1909 – Rumın dramaturqu, absurd teatrı estetik cərəyanının banisi Ejen İonesko (Eugene Ionesco, 1909-1994) anadan olub. Pyesləri: “Daz müğənni”, “Dərs”, “Stullar”, “Təmənnasız qatil”, “Çamadanlı adam” və s.

Hazırladı:  Vüqar ORXAN