Taleyin amansız hökmü ilə dünyanın müxtəlif guşələrinə səpələnmiş azərbaycanlılar arasında rəssamlar da az olmayıb. Sovet dönəmində vətənlə əlaqənin yoxluğu xalqımızın həmin yaradıcı soydaşlarımızdan xəbərsiz olmalarını şərtləndirib. Yalnız 1989-cu ildə Bakıdakı Azərbaycan Milli İncəsənət Muzeyində xarici ölkələrdə yaşayan azərbaycanlı rəssamların əsərlərindən ibarət “Əzizim, Vətən yaxşı...” adlı sərgi təşkil edilməsi əvvəllər təbliği qadağan olunan soydaşlarımızın yaradıcılığının ictimaiyyətə təqdim olunmasına imkan verdi. Həmin məşhur sərgidə əsərləri göstərilən rəssamlardan biri də naxçıvanlı İbrahim Səfi (1898-1983) idi.
Müstəqillik illərində bəzi mətbuat orqanlarında bu rəssam haqqında müəyyən yazılar çap olunsa da, geniş ictimaiyyət onun varlığından əsasən xəbərsiz olub. Odur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 17 oktyabr 2018-ci il tarixli sərəncamı ilə görkəmli Azərbaycan rəssamı İbrahim Səfinin (İbrahim Qafar oğlu Səfiyevin) 120 illiyinin qeyd olunmasını onun yaradıcılığına diqqət və ehtiramın ifadəsi saymaq olar...
Noyabrın 29-da Naxçıvanda İbrahim Səfinin əsərlərindən ibarət sərgi açılacaq, elmi konfrans keçiriləcək. Bəs, Azərbaycan ictimaiyyətinin bir qədər az tanıdığı İbrahim Səfi kimdir? Əgər rəssamın ömür yoluna nəzər salsaq, sovet dövründə onun adının unutdurulmasının səbəblərini öyrənə bilərik...
Zamanında rəssamın Bakıda yaşayan qohumu Zərrux xanımdan alınan məlumatlardan bəlli olur ki, o, 1898-ci ildə Naxçıvanın Baş Noraşen kəndində (indiki Şərur rayonunun Cəlilkənd kəndi) doğulmuşdur. Üç yaşında atasını itirən İbrahimin sonrakı həyatı çətinliklərlə dolu olmuşdur. O, ibtidai təhsilini doğma kənddə almış, sonra isə İrəvan Müəllimlər Seminariyasında oxumuşdu. Burada onun təsviri sənətə olan həvəsini yaxın qohumu, onunla birlikdə seminariyada oxuyan Əkbər Kazımbəyov (1890-1979) vaxtında istiqamətləndirmişdi. O, İbrahimin 12 yaşında çəkdiyi “Araz balıqçıları” rəsmində onun rəssamlıq qabiliyyətinə, güclü yaradıcı potensiala malik olduğunu görmüşdü. Odur ki, 1913-cü ildə iki qohum – İbrahim və Əkbər rəssamlıq təhsili almaq arzusu ilə Moskvaya yollanmış, oradakı mütərəqqi tədris metodu ilə seçilən Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq Məktəbinin hazırlıq şöbəsinə daxil olmuşlar. İbrahimin müəlliminin adını bilməsək də, Əkbərin məşhur “Qara kvadrat”ın müəllifi Kazimir Maleviçin sinfində oxuması məlumdur. Ola bilsin ki, İbrahim Səfi də elə bu sinifdə oxumuşdur. Maraqlıdır ki, hər iki gənc rəssamın sonrakı sənət metodunun formalaşmasına məşhur suprematizm cərəyanı təmsilçisinin zərrə qədər də təsiri olmamışdır. Onlar yaradıcılıqlarında başlıca olaraq realist-gerçəkçi sənət prinsiplərinə üstünlük vermişlər...
Moskvadakı təhsil dövründə İbrahim Səfi müxtəlif sənət qruplarının üzvləri ilə tanış olmuş və onlarla yaxından əməkdaşlıq etmişdir. Lakin I Dünya müharibəsinin başlanması, Rusiyada baş verən inqilabi hadisələr onu Naxçıvana qayıtmağa məcbur etmişdir. Həmin illərdə doğma şəhərdə ona həmdəm ola biləcək həmkarı Bəhruz Kəngərli milli rəssamlığımızın mənəvi yükünü çəkməklə məşğul olsa da, İbrahim burada qala bilmir. 1921-ci ildə İstanbula gələn rəssam Gözəl Sənətlər Akademiyasına qəbul olunur (orada tanınmış rəssam Namiq İsmayıldan dərs alır), elə həmin ildə də çəkdiyi uğurlu kompozisiyaya görə Avropa müsabiqəsinin mükafatını alır. 1923-cü ildə təhsilini tamamlayan rəssam davamlı olaraq dünya ilə tanışlığını davam etdirmiş, ABŞ-da, Fransada, Avstriyada, İsveçrədə və digər Avropa ölkələrində fərdi sərgiləri təşkil olunmuşdur.
İbrahim Səfinin bədii irsi çox zəngindir. O, rəngkarlığın ən müxtəlif janrlarında əsərlər işləmişdir. Azərbaycan, rus və dünya boyakarlığının bədii ənənələrinə yaxından bələd olan rəssamın lövhələrində həyat hadisələrinə özünəməxsus münasibət duyulur. İstər Moskvada, istərsə də Avropanın bir çox şəhərlərində bir-birindən fərqli sənət axınları, təzadlı rəssamlıq üslubları ilə qarşılaşan rəssamın realist üsluba üstünlük verməsinin səbəbini özünün yazdıqlarından duymaq olur: “Mənim sənət anlayışım rəssamlıqda gözəllik axtarmaq və gözəllik yaratmaqdan ibarətdir. Mən gözəlliyi bəyənirəmsə, başqasına da bunu bəyəndirməyə çalışıram. Sənət xalqa uymalıdır, insanların anlayacağı şəkildə yaradılmalıdır. Mən rəssamlıqda gerçəkçiyəm, portağal çəkirəmsə, yuvarlaq çəkirəm, amma modernist onu künclü-bucaqlı çəkir...”
İbrahim Səfi Türkiyənin sayılan rəssamlarından olub. Onun müxtəlif illərdə ölkənin ən iri şəhərlərində təşkil olunan fərdi sərgiləri də buna sübutdur. Rəssamın bizə məlum olan bədii irsi ilə tanışlığa əsasən demək olar ki, müxtəlif janrlı əsərlərində əsasən realist üsluba üstünlük versə də, onun mənzərə və natürmortlarında mütərəqqi Avropa rəssamlığı ənənələrinə, xüsusilə impressionistlərə rəğbəti duyulmaqdadır. Bunu onun həmin janrda çəkdiyi əsərlərinin şux koloriti, gözoxşayan rəng keçidləri də təsdiqləyir. Rəssamın ilin müxtəlif fəsillərini əks etdirən tablolarında təbiətdəki gözəllik qaynaqlarını üzə çıxarmaq, görünənləri duyğulandırıcı bədii tutumda təqdim etmək istəyi qabarıq duyulmaqdadır. Ümumi rəng palitrasında təzadların mövcudluğu da hiss olunmaqdadır. Bu təzadlar bizi onun çəkdiyi gül-çiçəklərin, azman ağacların, dağların və düzənlərin arasında bizə dikilən vətənsizliyin acısını dadmış gözlərlə üz-üzə qoyur, desək, yanılmarıq.
Bakıda yaşamış yaxın qohumu Zərrux xanımın, sərgərdan çalğıçı Hafizin, naməlum qadının real cizgiləri ilə seçilən portretlərində rəssamın insan psixologiyasına bələdliyi duyulur. Kamançaçı Hafizə həsr olunmuş kompozisiya xüsusilə təsirlidir. Hiss olunur ki, rəssam onu yaxından tanıyırmış. Kompozisiyada o, qoca musiqiçini dörd müxtəlif vəziyyətdə təsvir etməklə yanaşı, onları sənətkarın ömür yolunun gündəlik qayğılarını xatırladan cizgilərlə əlaqələndirmişdir. Nəticədə təsirli bir əsər yaranmışdır. Rəssamın çalğıçını digər vəziyyətlərdə əks etdirən tabloları da yaddaqalandır. Bu yerdə xatırladaq ki, o həm də zamanında Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün portretini işləmiş ilk rəssamlardan biri olmuşdur.
Əlavə edək ki, hələ rəssamın sağlığında Türkiyədə sənət xiridarları kolleksiyasında İbrahim Səfinin əsəri olmayan bədii saxlancları natamam – “kasıb” hesab edirdilər. Elə bu gün də nüfuzlu kolleksiya sahibləri onun əsərlərinə sahib olmağı özləri üçün böyük uğur hesab edirlər. Respublikamızda İbrahim Səfinin on bir işi var. İkisini Azərbaycan Milli İncəsənət Muzeyinə rəssamın Bakıda yaşayan yaxın qohumları təqdim ediblər. Qalanları isə vaxtilə mərhum professor Abbas Zamanovun köməkliyi sayəsində Azərbaycana gətirilib və hazırda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanır. Rəssam 1983-cü il yanvarın 4-də İstanbulda növbəti fərdi sərgisinin açılışından sonra – elə həmin günün axşamı vəfat etmiş, İstanbuldakı Zəncirli quyu məzarlığında dəfn olunmuşdur...
Sovet dövründə onunla İstanbulda görüşən sənətşünas Rasim Əfəndi rəssamın mənzilinə baş çəkməyə də imkan tapmışdı. R.Əfəndi söyləyirdi ki, bir axşam rəssamın mənzilində mən rahat kresloda, o isə çarpayının üstündə oturmuşdu. Sənətşünas xüsusi olaraq vurğulayırdı ki, əvvəlcə onun mənimlə qonaq otağında yox, yataq otağında danışmağa qərar verməsinin fərqində olmamışdım. Mən bunun səbəbini yalnız az sonra biləcəkdim...
Vaxtımız az olduğundan İbrahim Səfi nəfəsini dərmədən danışır və soruşurdu. O, çox şeylərlə maraqlanırdı. Mən də mümkün qədər uzaq-yaxın tariximizlə, mədəniyyətimizlə bağlı suallarına cavab verməyə çalışırdım. Tez-tez qəhərlənirdi, elə hey “Darıxıram, onun üçün darıxıram! Bircə dəfə hüsnünü görsəydim, rahat ölərdim...” sözlərini dilə gətirirdi. Bunu dəfələrlə təkrarladığından mən dözməyib ondan soruşdum: “İbrahim bəy, kimin xiffətini çəkirsiniz?” Bu zaman o, əllərini bərk-bərk sıxdığı başından aralayıb arxasındakı divara, oradan asılmış tabloya tuşladı və dedi: “Onun! Onun!” Başımız söhbətə bərk qarışdığından və otaq da bir az qaranlıq olduğundan yalnız indi – onun işarəsindən sonra divardakı əsərə diqqət yetirdim. Bu İbrahim Səfinin qürbətdə çəkdiyi “İlandağ” əsəri idi...
Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət xadimi