AMEA-nın Folklor İnstitutunda hazırlanan “Güney Azərbaycan folkloru” seriyasının VII cildi işıq üzü görüb. Cildə Təbriz aşıq məktəbinə aid “Şikari” dastanı daxil edilib. Kitabın tərtibçiləri institutun Güney Azərbaycan folkloru şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Abbasova və güneyli araşdırmaçı Böyükbəy Ələkbəroğludur.

Qəhrəmanlıq mövzusunda olan bu dastan islamiyyətin yayılması motivi əsasında yaranıb. Dastan keçən əsrin 60-70-ci illərindən Təbriz aşıqlarının repertuarında olub, ancaq həcmi böyük olduğundan yalnız ayrı-ayrı qolları məclislərdə söylənilib. Dastanın tam variantda ifa edilməməsi müxtəlif mətnlər arasında uyğunsuzluğa gətirib çıxarıb ki, bu da tam mətnin əldə edilməsində müəyyən çətinliklər yaradıb. Azərbaycan türkcəsinin Təbriz şivəsində söylənən “Şikari” dastanı Aşıq Yədullah tərəfindən öz ustadının dilindən alınaraq bugünkü variantında qorunub saxlanıb.

“Şikari”də hadisələrin inkişaf nöqtəsi bir çox dastan və nağıllarda motivləşən iki qardaşın (Rum şahı Daranın oğullar Ərçə və Şikari) rəqabətindən başlanır. “Kitabi-Dədə Qorqud”da rast gəldiyimiz motivlər – qəhrəmanın öz ailəsinin ardınca düşmən üzərinə tək getməsi (Salur Qazanın Şöklü Məliklə qarşılaşması), oğlunu xilas etməsi (Salur Qazanın oğlu Uruzu dustaqlıqdan azad etməsi), qadınların ərə gedəcəkləri oğlanları döyüşdə sınamaqla seçmələri (Beyrək və Banuçiçəyin ilk qarşılaşması) və s. “Şikari” dastanında da öz əksini tapır.

Xatırladaq ki, “Şikari” dastanı söylənilərək yazıya alınıb. 55 saat ərzində dinlənilərək səsli fayllardan götürülən dastanda 18 ustadnamə, 225 qoşma və 65 bayatı mətni qeyd olunub. Dastanda hadisələrarası ustadnamələr, eləcə də aşığın bu və ya başqa hadisəyə münasibətini ifadə edən süjetdən kənar nümunələr əsasən Xəstə Qasım, Aşıq Ələsgər, Aşıq Şəmşir, Aşıq Mənsur, Xəstə Bayraməli və b. aşıqların şeirlərindən götürülüb.

S.QALİBOĞLU