Dekabrın 3-də Milli Kitabxanada “Azərbaycan Respublikası Xatirə Kitabı”nın xüsusi buraxılışının birinci cildinin təqdimat mərasimi keçirildi. Nəşr Mədəniyyət Nazirliyi və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən hazırlanıb.

Mərasimdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Azərbaycanın tarixən yadellilərin maraq dairəsində olduğunu, buna görə də xalqımızın müharibələrdən əziyyət çəkdiyini dedi: “Ölkəmiz coğrafi baxımdan mühüm strateji məkanda yerləşdiyi üçün tarixin bir çox dövrlərində xarici qüvvələrin hücumuna məruz qalıb. Xalqımız öz dövlətçilik ənənələri, milli maraqları üçün daim mübarizə aparmalı olub. Ermənilər tərəfindən də dəfələrlə Azərbaycan xalqına qarşı qanlı cinayətlər törədilib. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal olunub, xalqımız etnik təmizləməyə məruz qalıb, yüz minlərlə soydaşımız doğma ata-baba torpaqlarından didərgin düşüb”.

Nazirin birinci müavini vurğuladı ki, bu müharibədə soydaşlarımıza qarşı  ermənilər tərəfindən insanlığa sığmayan vəhşiliklər edilib, ağlasığmaz işgəncələr verilib. Bu işgəncələrə məruz qalmış insanların xatirələrinin əbədiləşdirilməsi və beynəlxalq ictimaiyyətin diqqətini belə faktlara yönəltmək məqsədilə “Azərbaycan Respublikası Xatirə Kitabı”nın  xüsusi buraxılışı hazırlanıb. Diqqətə çatdırıldı ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə fəaliyyətə başlayan “Azərbaycan Respublikası Xatirə Kitabı” redaksiyası ötən müddətdə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlılar, Əfqanıstan müharibəsi, 20 Yanvar şəhidləri, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli Qəhrəmanlarımız haqqında çoxcildlik ensiklopediya hazırlanıb. İndiyədək “Xatirə kitabı”nın 16 cildi çap olunub, 17-ci cildin üzərində iş gedir.

Xüsusi buraxılışın əhəmiyyətini yüksək qiymətləndirən Vaqif Əliyev bildirdi ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu ilə birgə “Xatirə kitabı”nın bu mövzuda dörd cildi nəşrə hazırlanır. Bu gün həmin birinci cildin təqdimatı keçirilir. Xüsusi buraxılışlarda Qarabağ münaqişəsi zamanı itkin düşmüş, əsir və girov götürülmüş 3 mindən çox vətəndaşımız haqqında Azərbaycan və ingilis dillərində ensiklopedik məlumatlar yer alacaq. Birinci cilddə 921 nəfər barədə məlumatlar əksini tapıb.

Nəşrin baş redaktoru Nəzakət Məmmədova dedi ki, apardığımız araşdırmalar əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı erməni millətçilərinin qəddarcasına törətdiyi işgəncə və cinayətlərə bütün aydınlığı ilə işıq salmaq və onu dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyır.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı humanitar problem, eləcə də əsir və girov götürülmüş insanlarla bağlı məlumat verdi. Nəşrin əhəmiyyətindən söz açan E.Səmədov bildirdi ki, kitabın nəşrə hazırlanması üçün ilk növbədə itkin düşmüş şəxslərə aid siyahı dəqiqləşdirilib. Kitab vətən torpaqları uğrunda həlak olmuş, itkin düşmüş insanların xatirəsinə ölkə başçısı tərəfindən göstərilən diqqətin bariz nümunəsidir.

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev dedi ki, təqdimatına toplaşdığımız nəşr ölkəmizin ictimai-siyasi və mədəni həyatında xüsusi əhəmiyyət kəsb edir. “Xatirə kitabı”nın ölkəmizdə çox nəcib və müqəddəs bir missiyanı yerinə yetirdiyini söyləyən Ə.Mehdiyev bildirdi ki, Azərbaycan torpaqlarının erməni silahlı birləşmələri tərəfindən işğal edilməsi bizim ən aktual problemimiz olaraq gündəlikdə durur: “Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin bütün imkanları bu problemin həllinə yönəlib. Burada həm maddi ziyan, həm mənəvi məhrumiyyətlər, bütün itkilər ən vacib məsələlər kimi bizi maraqlandırır, bu məsələlərin həlli istiqamətində bütün qüvvələrimizi səfərbər etmişik. Dövlətimiz bu gün ordu quruculuğuna, münaqişə ilə bağlı meydana çıxan problemlərin həllinə böyük diqqət ayırır”.

Ə.Mehdiyev qeyd etdi ki, belə bir nəşrin ərsəyə gəlməsi bizim həm mənəvi borcumuzdur, həm də şəhidlərimizin və itkin düşmüş vətəndaşlarımızın xatirəsinə ehtiramın nəticəsidir: “Kitabın əhəmiyyəti ondadır ki, burada hər bir insan haqqında toplanmış məlumat gələcək tədqiqatlar üçün mənbə rolunu oynayır. Burada yer alan məlumatlar hər hansı bir əsər və bədii filmlər üçün istifadə oluna bilər. Kitabın ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkür edirəm”.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Prezident yanında Dövlət İdarəçilik Akademiyası Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova, Əməkdar elm xadimi Qəzənfər Paşayev və digərləri kitabın əhəmiyyətini vurğuladılar.

FARİZ