XX əsr Azərbaycan ədəbiyyatının inkişafında xidmətləri olan müəlliflərdən biri də Xalq yazıçısı, Dövlət mükafatı laureatı Hüseyn Abbaszadədir. Yazıçının dövrün bədii mənzərəsini canlandıran və insan mənəviyyatını təsvir edən hekayələri, povest və romanları oxucular tərəfindən maraqla qarşılanıb.

Hüseyn Abbas oğlu Abbaszadə 22 noyabr 1922-ci ildə Bakıda dünyaya göz açıb. Gənclik illəri odlu-alovlu illərə təsadüf edib. Böyük Vətən müharibəsində (1941-45) Şimali Qafqazda, Leninqrad və Ukrayna cəbhələrində döyüşlərin iştirakçısı olur. Qanlı döyüşlərin birində ağır yaralanır və ordudan tərxis edilir. Sağlamlığı bərpa olandan sonra Mirzağa Əliyev adına Teatr İnstitutuna qəbul olunur. Teatrşünaslıq ixtisasına yiyələnsə də, həyatını mətbuata həsr edir. Uzun illər “Pioner” və “Göyərçin” jurnallarında, “Ədəbiyyat və incəsənət” qəzetində baş redaktor vəzifələrində çalışır.

Yaradıcılığa şeirlə başlayan H.Abbaszadənin ilk bədii nümunələri müharibə illərində mətbuatda dərc olunur. Sonralar “Sınaq illəri”, “Yaşıl küçə”, “Silah yoldaşları”, “Yasəmən”, “Sən nə yaxşı nənəsən”, “Yun corab” və s. kitabları işıq üzü görür. Bu kitablarda toplanan şeirlər və kiçik hekayələr əsasən uşaqlara həsr olunub.

H.Abbaszadə ədəbiyyatımızda daha çox nəsr əsərləri ilə tanınır. 60-cı illərin əvvəllərində onun “Azərbaycan” jurnalında “General” romanı dərc edilir və müəllifə şöhrət qazandırır. Müharibənin od-alovundan keçən yazıçı əsərdə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun keçdiyi döyüş yollarını qələmə alır. Roman müharibə illərində Azərbaycan oğullarının qəhrəmanlığını bütün dolğunluğu ilə əks etdirən parlaq nəsr nümunəsidir.

Sonralar yazıçı “Qaradağ əhvalatı”, “Qapını döyürlər”, “Mansur”, “Şokolad paylayan qız”, “Hardansınız, müsyö Abel?”, “Uzaqdan gələn qonaq” povestlərini qələmə alır. Bu əsərlərdə vətənpərvərlik hisləri daha qabarıqdır. Yazıçının qəhrəmanları tale sarıdan bir-birinə oxşardır. Buna yazıçının “Burulğanlar” romanında Həmid, “Mansur” povestində Mansur, “Evə kölgə düşür”də Cövdəti misal göstərmək olar. Cövdət elmi tədqiqat institutunda işləyir. Ağlına, savadına görə bir çoxlarından fərqlənir. Ancaq zamanın nəbzini tuta bilmir, mənəvi əzablara düçar olur. Onu da qeyd edək ki, H.Abbaszadə “Burulğanlar” romanına görə 1984-cü ildə Dövlət mükafatına layiq görülüb.

“Şokolad paylayan qız” povestində göstərilir ki, almanlar müharibədə məğlub olub. Berlin şəhərində döyüşlər başa çatıb. Ancaq əsərin qəhrəmanı Bəhruzun döyüşdüyü hissə hələ Berlindədir. Döyüş olmasa da, topların gurultusu, bombaların dəhşətli partlayışları qulaqlarda eşidilir. Yazıçı bir cəbhədə döyüşən, mənən bir-birinə yaxın olan ayrı-ayrı xalqların nümayəndələrini qarşılaşdırır, düşmənə nifrətini ümumiləşdirir.

Yazıçının “Əlibalanın ağır səfəri”, “Qayıdanlardan biri” romanları da mövzu-mündəricəsi ilə maraqlıdır. Ədib həm də maraqlı hekayələr müəllifi kimi tanınıb. “Zəmanət”, “Xeybər əminin gülləri”, “Ana və oğul”, “Axşam şöbəsinin tələbəsi”, “Çəmbərəkənd əhvalatı” və s. adlı hekayələri güclü bədii ümumiləşdirmə ilə seçilir. Əsərlərdə milli dəyərlər uca tutulur, qəhrəmanların mənəvi-psixoloji aləminin təqdimində milli keyfiyyətlər önə çəkilir.

H.Abbaszadə qələminin məhsulu olan memuarlarda və publisistik məqalələrdə XX əsr Azərbaycan ədəbiyyatı və mədəniyyətinin görkəmli simalarının işıqlı obrazları öz əksini tapıb. Onun Azərbaycan Yazıçılar İttifaqının katibi kimi uzun illər müasir ədəbi prosesin təşkili sahəsində təqdirəlayiq əməyi olub.

Görkəmli yazıçı 1979-cu ildə Əməkdar incəsənət xadimi, 1991-ci ildə Xalq yazıçısı fəxri adlarına, 1997-ci ildə “Şöhrət” ordeninə layiq görülüb, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. 12 dekabr 2007-ci ildə vəfat edib.

Savalan FƏRƏCOV