Paytaxtın Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində Xalq rəssamı Səttar Bəhlulzadənin (1909-1974) anadan olmasının 109-cu ildönümü münasibətilə Əmircan rəssamlarının ənənəvi sərgisi təşkil edilib.
Sərgidə Əmircanda, eyni zamanda Bakının digər qəsəbələrində yaşayan 24 rəssamın çəkdiyi rəsmlər nümayiş olunur.
Sərginin açılış mərasimində çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov deyib ki, Əmircan torpağı bir çox tanınmış alimləri, rəssamları, şairləri, sənət adamlarını Azərbaycana bəxş edib. Onlardan biri də Xalq rəssamı Səttar Bəhlulzadədir. Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2009-cu ildə Səttar Bəhlulzadənin 100 illik yubileyi ölkəmizdə, eləcə də xaricdə və UNESCO miqyasında qeyd olunub. Səttar Bəhlulzadənin dünya ictimaiyyətinə tanıdılmasında mədəni irsimizin himayədarı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın mühüm xidmətləri var. Ölkəmizdə yaradıcı insanlara həmişə böyük diqqət və qayğı ilə yanaşılır. Onların müxtəlif səviyyələrdə sərgiləri təşkil olunur.
Mərasimdə xalq rəssamları – Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, professor Fuad Salayev, Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov, Qəyyur Yunus, Eldar Mikayılzadə, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev çıxış ediblər.
Sonra iştirakçılar sərgi ilə tanış olublar.