Astronomlar nəhəng ölçüdə qara dəlikdən güclü küləyin kainata doğru gətirdiyi geniş işıq selini müşahidə ediblər. “Science News” elmi portalı xəbər verir ki, astronom Mark Leysinin həmkarları ilə birlikdə Çilidəki “Atakama” rəsədxanasında apardığı müşahidələr zamanı “Kvazar” adlanan qara dəlikdən əsən şiddətli küləyin gözqamaşdırıcı işıq seli gətirdiyi müşahidə edilib.

Külək 228 000 işıq ili məsafəyə yayılıb. Bundan əvvəl astronomlar tərəfindən cəmi 3 000 işıq ili məsafəsində hiss olunan külək qeydə alınıb.

M.Leysi bildirib ki, qara dəliklərin ən güclü qravitasiyaya malik olması çoxdan məlumdur. Paradoksal olsa da, nəhəng ölçülü qara dəliklər udduğu göy cisimlərini əks istiqamətə də qaytara bilir, habelə “qonaq” qalaktikalardakı qazları və plazmaları sorub çıxarır. Bundan sonra qara dəliklər öz “qənimətinin” qurbanı olur və içərisində bir dəfədən artıq istifadə edə bilməyəcəyi hədsiz miqdarda materiallar toplanır.

Qara dəlikdən çıxan güclü külək və işıq selini, habelə onun içərisindəki temperaturu və maqnit sahəsini Şarlottesvil Milli Rəsədxanasındakı astronomlar da tədqiq edirlər. Onlar da bildiriblər ki, bu maraqlı kosmos hadisəsinin səbəbi qara dəliyin bütün materialları uda bilməməsi və onların bir hissəsini kainata püskürməsidir. Bu tədqiqatlarda ən maraqlı məqam qara dəlikdən çıxan qazların yeni ulduzları formalaşdırması və qalaktikaları daha da genişləndirməsidir. Deformasiyaya uğrayacaq bəzi qalaktikaların həcminin isə Günəşin ölçüsündən 10 trilyon dəfə böyük olduğu bildirilir.